Qarabağın azərbaycanlı icması bəyanat yaydı Siyasət

Qarabağın azərbaycanlı icması bəyanat yaydı

"Böyük dövlətlər Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər"

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.
Birlikdən verilən məlumata görə, bəyanatda qeyd olunub ki, son iki əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olub: "Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib".
Qeyd olunub ki, Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir. Belə ki, həmin günlərdə təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilib. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüblər. Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəzasında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 157 kənd dağıdılıb və yandırılıb, Şuşa şəhərində dəhşətli qırğınlar törədilib: "Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiya ilə müəyyən olunub. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 75 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır".
Bəyanat "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar toplantısında qəbul edilib.