Pentaqonda Azərbaycanla bağlı təcili plan Siyasət

Pentaqonda Azərbaycanla bağlı təcili plan

Rusiya öz ərazisindən Əfqanıstana yüklərin daşınmasını qadağan etsə, o zaman Azərbaycan və Gürcüstandan keçən dəhlizdən istifadə olunacaq

Pentaqon Rusiya üzərindən Əfqanıstana daşınan yüklərin Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəldilməsi üçün təcili planlar qurur. Virtualaz.org saytı Amerika qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Senatdakı dinləmələr zamanı Birləşmiş Ştatların Həqliyyat və Hava Səfərbərliyi Komandanlığının rəhbəri general Pol Selva bildirib.
General deyib ki, əgər Rusiya öz ərazisindən Əfqanıstana yüklərin daşınmasını qadağan etsə, o zaman Pentaqon alternativ marşrut kimi bu yükləri Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəldəcək.
Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı senator Kelli Ayotte generala belə sual verib ki, hazırda Birləşmiş Ştatlar Rusiyanın Krımı zəbt etməsinə cavab olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.
"Əgər ruslar bu sanksiyalara cavab olaraq cavab addımları atsalar və nəticədə bizim Şimal nəqliyyat dəhlizinə çıxışımız bağlansa, hansı tədbirləri görməyə hazırlaşırıq?" - deyə respublikaçı senator generaldan soruşub.
"Bu məsələ bizim prioritetlərimizdən biridir. Əgər ruslar bizim Şimal dəhlizinin seqmentinə çıxışımızı məhdudlaşdırsalar, Əfqanıstana və geriyə yükləri daşımaq üçün başqa variantlarımız var" - deyə general bildirib.
P.Selva deyib ki, hazırda Əfqanıstana və geriyə yüklərin, məsələn, ərzaqların təxminən 20 faizi Rusiyadan keçən dəhlizlə daşınır. Ona görə də ruslar yolu bağlasa, bu yüklər başqa alternativlə daşınacaq.
General alternativin Gürcüstan və Azərbaycandan keçən cənub nəqliyyat dəhlizindən ibarət olduğunu deyib.