“Milli Şura guya bu qərara qarşı çıxıb” Siyasət

“Milli Şura guya bu qərara qarşı çıxıb”

Bəxtiyar Sadıqov: "Bu məqamda yenidən Azərbaycanı təqsirləndirmək, yenidən Türkiyəni günahkar çıxarmaq, bunun özü belə absurddur"

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, ermənilərin saxta "soyqırımı" iddiaları ki var, bunlar həm Türkiyə, həm də Azərbaycanın milli maraqlarıdır. Yəni, bu məsələdə, əvvəla Türkiyə ilə Azərbaycan bir-birindən fərqli deyillər, digər cəhətdən isə bu ayrı-ayrı fərdlərin şəxsi istəyi, şəxsi marağına aid deyil. Bu hər iki xalqın maraqlarıdır". Bunu millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Milli Şuranın Avropa Parlamentinə ünvanladığı bəyanatda Azərbaycan və Türkiyə hakimiyyətini günahkar olaraq qeyd etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bununla bağlı, səslənən hər bir məsələ çox böyük həssaslıq tələb edir: "Eyni zamanda, bu məsələyə münasibətin özü belə bir əhəng daşı rolunu oynayır. Milli Şura Azərbaycan iqtidarına qarşı müxalifdir, lap yaxşı. Çünki, demokratik cəmiyyətə müxalifətin mövcudluğu normal, hamı tərəfindən qəbul edilmiş bir haldır. Ancaq, Azərbaycanın milli maraqları ilə bağlı onun ziddinə olan hər hansısa bir qərar qəbul edildikdə və Milli Şura guya və sanki bu qərara qarşı çıxıb bu məqamda yenidən Azərbaycanı təqsirləndirmək, yenidən Türkiyəni günahkar çıxarmaq, bunun özü belə absurddur. Yəni, bu bir daha onu göstərir ki, bunlar bu dəfə də, özlərinin bu qərara qarşı çıxdıqlarını göstərmək istəyirlərsə səmimi deyillər".
B. Sadıqov qeyd edib ki, yenə də faktdan istifadə edib, Azərbaycan iqtidarını təqsirləndirmək istəyirlər: "Amma faktiki olaraq, onlar günahı bizim üstümüzə atırlar. Halbuki, ikili standartların mövcudluğu, dünya erməniliyi bu sahədə çox ciddi fəaliyyət apardı və hətta, Roma Papasının da, onlara dəstək verdiyi bir şəraitdə Azərbaycan nə edə bilər? Azərbaycanın ər siyasətçiləri, ondan öncə ölkə başçısı İlham Əliyev görüşlərdə və bütün məsələlərdə daim məsələni qaldırır. Prinsipial mövqeləri nümayiş etdirirlər. Azərbaycanın millət vəkilləri daim Avropa Şurasında, Avropa Birliyində, Avropa Parlamentində bu məsələni həmişə qaldırırlar. BMT-nin 4 qətnaməsinin icrası tələb edirlər. Bundan artıq biz nə edə bilərik? Niyə biz günahkarıq? Mən sadəcə olaraq, təəssüflənirəm ki, hətta mən onu xatırlatmaq istəyirəm ki, Türkiyəyə qarşı müxtəlif ittihamlar səsləndi nəticədə isə Türkiyə müxalifəti öz iqtidarı ilə birləşdi və bir cəbhədə olduğunu bəyan etdi".
Deputat əlavə edib ki, çox təəssüf ki, indiyə qədər biz bir dəfə də Azərbaycanda bu vəziyyəti görməmişik.

Əli