Polşa ilə siyasi məsləhətləşmələr keçirilib Siyasət

Polşa ilə siyasi məsləhətləşmələr keçirilib

Xələf Xələfov: "Azərbaycan-Polşa münasibətləri yüksələn xətlə inkişaf edir"

6-7 may tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Polşa ilə XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Polşanın rəsmi şəxsləri, o cümlədən baş nazirin müavini, iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının həmsədri Yanuş Piexoçinski, xarici işlər naziri Qreqori Sxetına, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini Konrad Pavlik, Milli Təhlükəsizlik Bürosunun direktor müavini Zbiqnev Vlosoviç ilə görüşlər keçirib.
Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Varşavada keçirilməsi nəzərdə tutulan növbəti VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir müavini Xələf Xələfov Azərbaycan-Polşa münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirərək, ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu söyləyib. O, Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdə Polşa şirkətlərinin fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Polşa Respublikasının yüksək səviyyədə təmsil olunacağına işarə edən Xələf Xələfov, Polşa idmançılarına uğurlar arzulayıb.
Görüşlər zamanı Polşa tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını diqqətə çatdırıb. Eyni zamanda qarşı tərəf Azərbaycanın Avropa İttifaqı institutları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsini dəstəklədiyini vurğulayıb.
Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib.