“Azərbaycan Cənubi Qafqazda müttəfiqimiz olduğu halda...” Siyasət

“Azərbaycan Cənubi Qafqazda müttəfiqimiz olduğu halda...”

Natali Qule: "Ermənistan Rusiyanın oyuncağıdır, Gürcüstanda isı Abxaziya və Cənubi Osetiya hamının biganəliyi nəticəsində işğal edilib"

Fransada dərc olunan "Le Huffington Post" nəşrində Natali Qulenin Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyanı tənqid edən məqalə dərc edilib.
Gün.Az-ın verdiyi xəbərə əsasən, müəllif yazısında xatırladır ki, Azərbaycanın paytaxtında iyunun 12-dən 28-ə qədər ilk Avropa Oyunları keçiriləcək. N.Qule qeyd edib ki, bu oyunlar Azərbaycana qarşı bir sıra məqsədli yazılar üçün bəhanə olub.
"Bunu edənlər, məsul olduqları işi lazımi qaydada gördükləri üçün özlərindən razı qalıblar – axı Azərbaycanda "əsl vəziyyətin necə olduğunu" göstərmək lazımdır. Bütün bunlar məni yorur və əsəbiləşdirir".
Müəllif qeyd edib ki, Azərbaycan gənc dövlətdir: "Bu ölkə bizim Cənubi Qafqazda müttəfiqimiz olduğu halda, Ermənistan Rusiyanın oyuncağıdır, Gürcüstanda isı Abxaziya və Cənubi Osetiya hamının biganəliyi nəticəsində işğal edilib. Amma belə biganəlik Krım və Donbas hadisələrində təkrarlanmadı. Amma Azərbaycan hələ faşizmlə mübarizə aparan dövrlərdən bizim müttəfiqdir".
N.Qule vurğulayıb ki, faşizm üzərində qələbənin qeyd edildiyi günlərdə bizimlə çiyin-çiyin vuruşan Azərbaycan kontingentini yaddan çıxarmaq lazım deyil. O bildirib ki, Averonda Müqavimət hərəkatında iştirak etmiş azərbaycanlı döyüşçülərə abidə var: "Bundan başqa 20 il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarının 20% işğalı ilə qarşılaşıb. Qonşu ölkə Dağlıq Qarabağı, həmçinin Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Fizulini işğal edib. 7 rayon beynəlxalq hüququn pozulması şəraitində işğal edilib və ötən həftə Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəklədyini bəyan edib".
Müəllif bəyan edib ki, Azərbaycan Qafqazda terrorizmlə və təhlükəsizlik uğrunda mübarizədə strateji müttəfiqdir: "Bu balaca neft ölkəsi şimaldan başdan ayağa silahlanmış aqressiv Rusiya və cənubdan qorxu saçan İran arasında sıxılıb. Amma bizim müttəfiqlə pis davranılır. Heç kim bu ölkədə olan dini azadlıq və dünyəvi dövlət prinsiplərinə ciddi əməl olunmasına fikir vermək istəmir.
Amma bunlar siyasi yetkinliyin əlamətləridir. Heç kim nəzərə almır ki, İslam Əməkdaşlığı Təşkilatına daxil olduğu halda İsrail ilə əməkdaşlıq edir, Ermənistan tərəfindən açıq hərbi münaqişə vəziyyətində olduğu halda Avropa Şurasının demokratik kriteriyalarına cavab verir. Bütün bunları heç kim yada salmaq istəmir".
N.Qule vurğulayıb ki, bu ölkənin onu müdafiə edəcək böyük diasporası və məşhur müğənnisi yoxdur. Bununla belə ölkənin birinci xanımı mədəni və humanitar layihələrə dəstək verən Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond dünya üzrə muzeylərə dəstək verir, Pakistanda və digər kasıb ölkələrdə məktəblər və xəstəxanaların açılmasına yardım edir.
"Bütün bu addımlarda bəziləri dəstək almaq cəhdləri görürlər. Digərlərinin addımlarını qözdənsalma cəhdi məni əsəbiləşdirir".
Müəllif hesab edir ki, yaşadığı paxıl cəmiyyət başqalarının hərəkətlərini yalnız öz adət etdikləri baxış prizmasından qiymətləndirir:"Nəyi isə pulsuz edirlərsə, deməli mütləq cavab gözlənilməlidir. Əgər belə deyilsə? Bu mənə amerika hakimiyyətinin utancaq susmasını xatırladır. Onlar "Katrina" fırtınasından sonra 100 milyon dollar yardım aldılar. Amma mətbuatda bu barədə bir kəlmə də olsun belə danışmadılar. Bu həqarətdən başqa heç bir hiss yaratmır".
N.Qule sual edir ki, niyə jurnalistlər heç bir izah vermədən tənqid etməyi özlərinin haqqı hesab edirlər və bununla yanaşı nəzərə almırlar ki, Qafqaz Şərq kimi həssas bir bölgədir:"Təbiidir ki, Azərbaycan demokratiya yolundan hələ uzun yol keçməlidir. Amma həmin regionda təkcə ona aiddir? Belə bir qəzəb hardandır? Əgər Azərbaycanın dostu varsa deməli onlar mütləq satın alınıblar... Amma mən özümü bu ölkənin dostu hesab edirəm. Mən bu xalqı tanıyıram.
Mən bir milyon qaçqının evinə qayıtmasına çalışıram. Bakının cah-cəlalından uzaqlarda yaşayan yüzminlərlə sadə insan ərazi bütövlüyünün bərpa edilməsi yolunda bu ölkənin prezidentinin səylərini dəstəkləyirlər.
Bizim bu ölkə və xalq ilə qədim və möhkəm dostluq əlaqələrimiz qurulub. Mən istərdim bizim qeyri-obyektiv jurnalistlərimiz Azərbaycanın əslində nə olduğunu bilsinlər – Azərbaycan inkişaf edən müttəfiqdir və sülh şəraitində yaşamaq istəyir. Azərbaycan özünün bərpa edilən sərhədləri çərçivəsində regionun stabilliyi və inkişafına öz töhfəsini vermək istəyir".