ABŞ Ukraynanı öz marağına qurban verir Siyasət

ABŞ Ukraynanı öz marağına qurban verir

Razi Nurullayev: "ABŞ ilə Rusiya arasında münasibətlərin bu şəkildə davam etməsi Amerikanın maraqlarına ziddir"

Cavid

Politoloq Razi Nurullayev ABŞ Dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putinin 13 mayda Soçidə keçirilən görüşünü şərh edərkən deyib ki, bir çoxları Amerika Birləşmiş Ştatlarının Rusiyanın zəiflədilməsində və sıradan çıxarılmasında maraqlı olduğunu düşünür.
Onun fikrincə, Rusiya iqtisadiyyatının çökməsi, siyasi səhnədən zəifləyərək sıradan çıxması heç də beynəlxalq aləm üçün yaxşı hal sayılmır: "Rusiya böyük iqtisadiyyata, əraziyə malik ölkədir. Beynəlxalq aləmdə də kifayət qədər söz sahibidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. O baxımdan da hazırda ABŞ ilə Rusiya arasında münasibətlərin bu şəkildə davam etməsi eyni zamanda Amerikanın da maraqlarına cavab vermir. Amerika Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir".
Politoloq bildirib ki, görüşdə Ukrayna ilə bağlı ciddi nəticənin əldə olunması gözlənilmirdi və belə də oldu, Suriya məsələsində isə müəyyən otraq qərarların verildiyi ehtimalı var:
"Hazırda AŞB Ukrayna ilə bağlı siyasətində hər hansı dəyişikliyə getmək niyyətində deyil. Belə görünür ki, Putin də Ukrayna ilə bağlı siyasətini dəyişməyəcək və müharibənin başlama təhlükəsi də qalır. Suriya ilə bağlı təmaslar davam edəcək və müəyyən sonluğa gəlib çata bilər. Hesab edirəm ki, Rusiya da bunda maraqlıdır. Çünki Amerika və Rusiya arasında münasibətlərin normallaşması Suriya ilə bağlı razılıq olsa, baş verə bilər.
Ümumiyyətlə, belə görünür ki, ABŞ Ukraynanın başını sığallamqda davam etməyəcək. Çünki Rusiya ilə münasibətlərin kəskinləşməsi digər qlobal problemlərin birgə həllinə maneçilik yaradır. Ona görə də ABŞ Minsk razılaşmasının davam etməsində və yeri gələrsə, Ukraynanın şərq vilayətlərini itirməsi ilə barışmaq niyyətindədir.
Ukraynalı pilot Nadejda Savçenkonun azadlığa çıxması münasibətlərin normallaşmasına gətirib çıxara bilər. Nadejda Savçenko bütün dünyada artıq mübarizə simvoluna çevrilib. Demək olar ki, bütün demokratik Qərb dövlətləri ayrı-ayrılıqda Putinə və Rusiya hökumətinə onun azad olunması ilə bağlı müraciət ünvanlayıblar. Artıq Savçenko ilə bağlı Rusiya kifayət qədər üzərinə təzyiqlər alır. Bu baxımdan, hesab edirəm ki, yaxın zamanlarda onun həbsdən buraxılması razılaşdırılacaq.
Eyni zamanda, münasibətlərin normallaşması üçün Rusiya üçün ABŞ-ın bu xahişini yerinə yetirməsi elə də böyük problem deyil. Savçenka siyasi oyunun qurbanıdır və siyasi təzyiq kimi istifadə olunmaqdadır. Putin də onu azad etməklə, Rusiyanın xeyrinə hər hansı qərar almağa çalışacaq".