Növbəti iqtidar-müxalifət görüşü baş tutdu Siyasət

Növbəti iqtidar-müxalifət görüşü baş tutdu

Əli Həsənov: "Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər"

Dünən Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilib.
Görüşdə iqtidar tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifət tərəfdən isə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edir.
Görüşdə giriş nitqi ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edb ki, hazırda Azərbaycan cəmiyyətini daha çox maraqlandıran, daha çox onun gündəmində dayanan məsələ Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsidir.
Əli Həsənov bildirib ki, istər hakimiyyət olsun, istər digər siyasi partiyalar olsun, bütün tərəflər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir: "Azərbaycan cəmiyyətində baş verən və ümummili mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə, orada iqtidarla müxalifətin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsinin aparılması, siyasi partiyaların bununla bağlı fikirlərini dinləmək, hakimiyyətin siyasəti ilə onun uyğunlaşdırılması, uzlaşdırılması məsələlərinə baxılması üçün bundan sonra qəbul olunan qərarların optimal olmasına çalışacağıq".
Əli Həsənov xatırladıb ki, Azərbaycan hökumətinə siyasi partiyalardan bəzi təkliflər daxil olub: "Biz Administrasiyada bu təklifləri saf-çürük etdik. Təkliflərin hansının bu günkü görüşün gündəminə çıxarılması məsələsini müzakirə etdik. Faktiki olaraq deyim ki, hamının marağını kəsb edəcək və bugünki Azərbaycan cəmiyyəti üçün aktual olacaq ciddi bir təklif daxil olmayıb. Yeganə təklif "Azadlıq-2015" blokun adından daxil olub. Azərbaycanda qarşıdan gələn seçkilərlə əlaqədar seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı bir ümumiləşmiş təklif daxil olub".
Əli Həsənov bildirib ki, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir: "Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır".
Əli Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: "Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik".
Əli Həsənovun giriş nitqindən sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
İqtidar-müxalifət görüşündən sonra mətbuata açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov qeyd edib ki, görüşün əsas mövzusu Avropa Oyunları olsa da, bəzi cari məsələlər də müzakirə olunub və təkliflər irəli sürülüb: "Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər. Partiyaların qərargah məsələsi, bank kreditlərindən tutmuş, siyasi plüralizmə qədər, bir sıra mühüm məsələlər qaldırıldı".
Əli Həsənov qaldırılan məsələlərin bəzisinə dərhal münasibət bildirildiyini, digərlərinə də münasibət bildiriləcəyini söyləyib: "Avropa Oyunları ilə bağlı məsələlərin müzakirəsində Azərbaycanın həqiqətlərinin, görülən işlərin dünya ictimaiyyətinə çatdırılması zəruri sayılıb. Avropa Oyunları Azərbaycanda lazımi infrastruktur qurmağa və gələcəkdə Olimpiya Oyunlarını keçirmək təcrübəsi qazanmağa imkan verir. Avropa Oyunlarından istifadə edərək Azərbaycanın reallıqlarını, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Hakimiyyət nümayəndəsi kimi görüşə görə partiyalara təşəkkür edirəm. Azərbaycan Prezidenti belə düşünür ki, hakimiyyət üçün onların fikirlərini dinləmək lazımdır. Azərbaycan xalqı birmənalı şəkildə prezidentin siyasətini dəstəkləyir. Ancaq siyasi partiyaların da bu siyasətə münasibət bildirmək imkanı olmalıdır".