Vətəndaş Cəmiyyəti və parlament seçkiləri Layihə

Vətəndaş Cəmiyyəti və parlament seçkiləri

Rauf Zeyni: "Əhalinin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində də lazımı işlər görülüb"

Artıq parlament seçkilərinin növbəti mərhələsinə start verilib. Təbliğat-təşviqat mərhələsində deputatlığa namizədlər seçiciləri ilə görüşüb onların yenə də səsini almağa çalışır. Bəs görəsən bu ərəfədə ölkədəki ictimai-siyasi situasiya və seçkilərin təbliğat-təşviqat kampaniyası zamanı namizədlərə ayrılan şərait qaneedicidirmi? Ümumiyyətlə, vətəndaş cəmiyyəti nümayəndələri bu prosesləri necə dəyərləndirirlər?
Vətəndaş Cəmiyyəti institutlarının seçkidə iştirakı qaneedicidirmi?
Siyasətşünas alim Elşən Nəsibov deyib ki, Azərbaycanda nizamlı parlament ənənəsi davam edir: "Xalqımızın bu yöndə böyük təcrübəsi mövcudur. Parlament öz xassəsinə görə nizamlı demokratik əsaslara malikdir. Bu gün Azərbaycan parlamenti Azərbaycan xalqının iradəsini özündə cəmləşdirən möhkəm təməlli bir hüquqi-siyasi qurum rolunu oynayır. Parlament məktəbi və parlamentçilik ənənəsi sivil-rasional yollarla xalqın siyasi və ictimai iradəsinin realizə mərkəzinə çevrilib". O, bildirib ki, insan hüquqları çoxtərkiblidir: "Müasir dövrün svil insanları cəmiyyətdə və dövlətdə dünyaya gəlirlər və yaşayıb-yaradırlar. Dövləti və cəmiyyəti insanlar təşkil edirlər. Dövlətlər insanların firavan həyatlarına xidmətlər üçün təşkil edilir. Bu qurumlar, strukturlar insan maraqlarının təmin olunmasını həyata keçirən siyasi və sosial kompozisiyalardır. Dövlət və cəmiyyət insan hüqüqlarının reallaşdırılması vasitələridir. Dövlət və cəmiyyət hüququ, hakimiyyət formalaşdırmaq, hakimiyyətdə təmsil olunmaq, dövlətdə təmsil olunmaq, cəmiyyətdə mövqe tutmaq insan hüqularının tərkibidir. Hüquqlar çoxsahəlidir və bütün sahələrdə olan qurumlar və fəaliyyət insan hüquqlarında vasitələrdir və hüquqların təminat istiqamətləridir. Demokratiya hüququ, yəni xalq hakimiyyəti hüququ insan hüquqlarının tərkibi olaraq təsbitedici hüquqdur və onun təmin olunması üçün bir çox proseslər həyata keçirilir. Bu proseslər içərisində hakimiyyətdə təmsil olunmaq və hakimiyyətin işində iştirak etmək məsələsi də qərarlaşır. Prosesləri dövlət təmin edir. Lakin cəmiyyətdən, onun seçilmiş nümayəndələrindən kənar iş görmür; çünki hakimiyyətin mənbəyini xalq formalaşdırır. Dövlət hüquq norması qəbul etməklə və təşkiatı funksiyanı həyata keçirməklə hakimiyyət hüquqlarıni təmin etmiş olur. Bu gün əksər dünya dövlətləri antik və klassik nəzəriyyə və təcrübələrə müvafiq olaraq, dövlətin tərkibi olan hakimiyyətin formalaşmasında seçki (ümumxalq və yerli əsaslı) üsullarından istifadə edirlər. Xalqın hakimiyyətdə təmsil olunması və bu yolla da öz iradəsini bildirmək üçün tətbiq olunan seçki metodu alternativsiz metod hesab olunur".
Onun sözlərinə görə, Vətəndaş cəmiyyətlərində həm fərdi olaraq vətəndaşlar, həm də vətəndaş birlikləri təmsil olunurlar: "Vətəndaş cəmiyyətləri hüquqi dövlətlərin formalaşmasında və fəaliyyətində sanki bir tərəf kimi iştirak edirlər. Vətəndaş cəmiyyətləri siyasi partiyalarda, ictimai birliklərdə, istehsal kollektivlərində, həmkarlar birliklərində, təhsil və elm müəssisələrində, səhiyyə təşkilatlarında, ictimai fondlarda, mətbuat və informasiya qurumlarında, hüquq kollektivlərində və digər bu kimi birləşmələrdə təcəssüm olunur. Vətəndaş birlikləri xalqın siyasi və digər hüquqlarının təmin olunması məqsədilə dövlət siyasəti və hakimiyyət fəaliyyəti ilə koordinasiya olunmuş, əlaqəli işlər həyata keçirirlər. Dövlət hakimiyyətinə ictimai nəzarət funksiyasını vətəndaş cəmiyyətləri təmin edirlər. Məsələn, seçkiləri dövlət hakimiyyəti müəyyən edir, prosesləri təşkil edir, vətəndaş cəmiyyəti isə bu proseslərdə öz nümayəndələri ilə iştirak edir, səsvermə hüquqlarını həyata keçirir və seçki proseslərinə nəzarət edir. Monitorinqlər aparır, rəy sorğuları həyata keçirir.
Vətəndaş cəmiyyətləri hüquqi dövlətlərin dayağı sayılır. Dövlət və vətəndaş arasında ictimai-siyasi, mədəni və digər əlaqələrin təşkilində mühüm rol oynayır. Vətəndaş cəmiyyətləri insanların ictimai və siyasi fikirlərinin formalaşmasında mühüm xidmətlər həyata keçirir ki, bu istiqamət də dövlət siyasətinin tərkibini təşkil edir. Vətəndaş cəmiyyətinin mövqeyi və rolu çoxtərəflidir və cəmiyyətlə dövlət arasında mühüm bağlayıcı vasitələrə malikdir. Vətəndaş cəmiyyətinin parlament seçkilərində və seçkiöncəsi təbliğat və təşviqat vasitələrində rolu danılmazdır. Belə qəbul etmək olar ki, parlament seçkiləri prezident seçkiləri ilə yanaşı (bura bələdiyyə seçkilərini də aid etmək olar), vətəndaş cəmiyyətlərinin fəaliyyətlərinin aktivləşdiyi mərhələ hesab olunmalıdır. Çünki parlament seçkiləri elə vətəndaşların siyasi hüquqları üçündür və siyasi hüquqların təminatı yönündə əlverişli bir metoddur. Vətəndaş cəmiyyəti parlament seçkilərində dövlətin qanunverici hakimiyyətini formalaşdırmaqla yanaşı, öz hüquqlarını da təmin etmiş olur. İctimai-siyasi qurumlar öz namizədlərini irəli sürürlər və seçki proqramları yolu ilə təbliğat və təşviqat təşkil edərək, ümumvətəndaşlar arasında öz aktivliklərini göstərirlər və müəyyən üsullarlaa məram və məqsədlərini müəyyən edirlər. Onların aktivlikləri vətəndaşlarda da müəyyən maarifləndiricilik funksiyalarını aşılayır".
Ekspert deyir ki, Vətəndaş cəmiyyətinin parlament seçkilərində roluna dair bu kimi ümumiləşdirilmiş fikirləri bildirmək olar: "
- seçki proseslərini ali siyasi hüquqların təmin olunmasının tərkibi kimi görmək və proseslərin əhəmiyyətini zaman və məkanda qiymətləndirmək;
- dövlətin dayağı olan qanunverici qurumun təşkilində yaxından iştirak etmək və maksimum potensial ilə bu qurumda təmsil olunmaq;
- nizamlı parlament ənənəsini davam etdirmək və bu yöndə nizam-intizamlı namizədlərin təmsil olunmasına çalışmaq. Layiqli və dəyərli namizədləri irəli sürmək;
- yeni parlament etikasını formalaşdırmaq və parlament aktivliyini təmin etmək;
- öz tam gücü ilə fəaliyyət göstərən parlamentin formalaşmasına çalışmaq və bu yöndə daha çox savadlı, intizamlı və ictimai nüfuzu olan şəxsləri seçmək;
- dövlətin siyasətində yaxından iştirak etmək və ümumvətəndaş fəallığını aktivləşdirmək;
- dövlətin tamamlayıcı siyasətində yaxından iştirak etmək və cəmiyyət və dövlət sintezini yaratmaq. Bu iki tərəfin mərkəzində insan hüquqlarını görmək;
- seçkiöncəsi və seçki proseslərində dövlətlə birlik nümayiş etdirmək və vəhdət yaratmaq. Dövlət siyasətini təbliğ etmək;
- vətəndaşlar arasında maarifləndirici işləri həyata keçirmək və ali siyasi hüquqların dəyərini onlara anlatmaq;
- hakimiyyətdə təmsilçilik mədəniyyətini təbliğ etmək;
- dövlətin fəaliyyətinə ictimai nəzarət həyata keçirmək, bu yöndə proseslərdə müşahidəçilik etmək, nəzarət həyata keçirmək;
- sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən lazımi səviyyədə istifadə etmək və faydalı informasiya subyekti və obyekti olmaq və s".

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, artıq seçkilərin növbəti mərhələsi, təbliğat-təşviqat dövrüdür: "Buna qədər olan mərhələdə, istər namizədliklərin irəli sürülməsi, istər imzatoplama kampaniyası, istərsə də namizədlərin qeydə alınması mərhələsi lazımı səviyyədə həyata keçirilib. Hazırda aktiv seçki kampaniyası gedir. Deputatlığa namizədlər öz seçiciləri ilə görüşlərini keçirirlər. Eyni zamanda sosial şəbəkələrdə bu istiqamətdə xüsusi fəallıq özünü göstərir. Əhalinin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində də lazımı işlər görülüb. Ona görə də bütün bunları nəzərə alaraq seçkilər ərəfəsində ölkədəki vəziyyət, eləcə də namizədlər üçün yaradılan şəraiti müsbət qiymətləndirirəm. Bir çox namizədlərin seçki kampaniyasını görür, müşahidə edirik. Və bununla əlaqədar olaraq da öz rəyimizi bildiririk. Düşünürəm ki, bu həm də seçicilərin yüksək səviyyədə maarifləndirilməsi deməkdir. Biz vətəndaş cəmiyyəti üzvləri olaraq maarifləndirmədə də maraqlıyıq. Bu Azərbaycanın müstəqillik əldə etdikdək sonra həyata keçirdiyi V çağırış parlament seçkisidir. Ötən müddət ərzində xeyli təkmilləşmə prosesi gedib. Eyni zamanda Mərkəzi Seçki Komissiyası, dövlət, həmçinin namizədliklərini irəli sürən şəxslər 10-15 il bundan əvvəlki insanlar deyil. Bu baxımdan düşünürəm ki, Azərbaycanda çox münbit bir seçki mühiti var və namizədliyini irəli sürən şəxslər də bu şəraitdən istifadə edərək seçki kampaniyasını bir qədər də aktivləşdirirlər. Təbii ki, seçki prosesinə qoşulanlar sırasında bir neçə dəfə deputat seçilmiş şəxslərlə yanaşı ilk dəfə namizədliyini irəli sürən insanlar da var. Bunlar hamısı bir yerdə götürüləndə deyə bilərik seçki mühiti çox mütərəqqidir, ümidvericidir. Bu da V çağırış Azərbaycan Milli Məclisinin formalaşmasına öz töhfəsini verəcək".
O, deyib ki, parlament seçkilərinə qatılan vətəndaş cəmiyyətinin nümayəndələri o qədər də çox deyil: "Düşünürəm ki, vətəndaş cəmiyyətinin nümayənələrindən hər hansı biri seçkilərdə uğur qazanıb parlamentdə təmsil olunsa, bunun vətəndaş cəmiyyətinə yalnız xeyri ola bilər. Bu illər ərzində vətəndaş cəmiyətini təmsil edən millət vəkillərimiz-Ayaz Quliyev, Qənirə Paşayeva, Çingiz Qənizadə, Fuad Muradov parlamentdə bizləri layiqincə təmsil ediblər. Onlar uğurlu fəaliyyətləri ilə həm xalqın rəğbətini qazanıb, həm dövlətə dəstək olub, həm də vətəndaş cəmiyyətinin inkişafına xidmət ediblər. Bütün bunlar faktdır. Bu dəfəki seçkilərdə də vətəndaş cəmiyyətindən kimlər deputat seçilərsə, düşünürəm ki, bundan vətəndaş cəmiyyəti yalnız uğur qazanar...
Avropadakı bəzi dairələr iddia edirlər ki, Azərbaycanda seçkiqabağı vəziyyət normal deyil. vətəndaş cəmiyyətinə basqılar var. Mən qətiyyən həmin iradları qəbul etmirəm. Hesab edirəm ki, Azərbaycanla irad, təzyiq, təhdid dilində danışmağı tərgitmək lazımdır. Düşünürəm ki, artıq Qərbdə bunu çox gözəl bilirlər və bu vərdişlərdən əl çəkməyə meyil edirlər. Bu gün Azərbaycanla əməkdaşlıq dilində danışmaq, ona dəstək olmaq və tərəfdaşlıq etmək lazımdır. Bu gün təssüflər olsun ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana gözün üstə qaşın var deyən yoxdur. Artıq 25 ildir ki, BMT-nin işğal edilmiş ərazilərimizlə bağlı qəbul etdiyi qətnamə icra olunmur. Eyni zamanda 1 milyona yaxın qaçqın və mıcburi köçkünümüzün pozulan hüquqları barədə bir nəfər bir söz demir. Əksinə Ermənistan yüksək səviyyədə dəstəklənir. Azərbaycana gəlincə isə bizə qarşı həmişə ikili standartlar hökm sürüb. "Evrovision" musiqi yarışması, Birinci Avropa Oyunları keçiriləndə Azərbaycan yaxşı ölkə olur, ancaq öz haqqını tələb edəndə, torpaqlarını işğaldan azad etməyə çalışanda Azərbaycan onların hədəfinə tuş gələn ölkəyə çevrilir. Hesab edirəm ki, artıq bu cür qərəzli yanaşmanı yığışdırmaq lazımdır. Bu gün Azərbaycanda çox gözəl demokratik mühit, azad cəmiyyət var. Azərbaycan regionda həm özünü müxtəlif sahələrdə inkişaf etdirən, həm də qonşu ölkələrə kömək edən bir ölkədir. Ona görə də bunları unutmaq lazım deyil. Hesab edirəm ki, bütün bu kompleks məsələlərə görə, Azərbaycanı dəyərləndirmək lazımdır. Öz maraqlarını həyata keçirmək məqsədilə Azərbaycanı antidemokratik ölkə elan edib ondan daha çox nə isə qoparmaq yolunu tutmaq lazım deyil. Artıq bu çox eybəcər görünür, bu düşüncə, metoddan əl çəkmək lazımdır. Düşünürəm ki, Azərbaycan sivil, azad, inkişaf etmiş ölkə yolu ilə gedir və bu yolda da biz hamımız çalışırıq ki, Azərbaycan daha da inkişaf etsin".

Əli