Karikatura sənətində azadfikirlilik ideyaları Layihə

Karikatura sənətində azadfikirlilik ideyaları

Bu gün də söz-fikir azadlığının inkişafında karikatura sənəti mühüm rol oynaya bilər

Karikatura rəssamlığın elə janrıdır ki, burada fikrin, düşüncənin ifadə olunması əsas məqsəddir. Karikatura janrının dünyada zəngin ənənəsi mövcuddur. Hazırda dünyada karikatura sənəti çox güclü şəkildə inkişaf edir. Kompüter əsrində internetdə karikatura sənətinə dair onlarla saytlar var. Azərbaycan karikaturaçılarının beynəlxalq sərgilərdə iştirakı, əsərlərinin karikatura saytlarında yerləşdirilməsi Azərbaycan karikatura sənəti haqqında bitkin bir təəssürat yaradır. Rəssamlıqda, xüsusən də karikatura sənətində eybəcərliyə gülüş ifrat həddə ifadəsini tapıb, indi də belə nümunələr yaranır. Di gəl ki, tamaşaçı özündə ciddi köklənmək, eybəcərliklərdən islah olunmaq üçün güc tapa bilmir. Bunun əsas səbəbi sənətin büsbütün insaniliyin tələblərinə köklənə bilməməsidir. Əsil gülüş insanın istənilən vəziyyətlərdə nikbin qalmasına yardımçı olur, onu naşı, hərcayi gülüşlərdən qoruyur. Özünə müəyyən mənada sahib olan insan əslində sənətdəki ciddi məqamları ağlına, ürəyinə yığır, onları daxilində böyüdür, artırır.
Bu mənada Azərbaycanda ciddi yaradıcı, incəsənətin müəyyən sahələrinə təsir edən gülüşün yaranması və inkişafında "Molla Həsrəddin"in müstəsna xidmətləri var. "Molla Həsrəddin"in qurucusu və ideyavericisi olan böyük yazıçı Cəlil Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus çıxması üçün çox axtarışlar aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı.
"Molla Həsrəddin" jurnalının az vaxt ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi" rəssamların xüsusi rolu olmuşdu. Azərbaycanda karikatura sənətinin tarixi XX yüzilin əvvəllərinə təsadüf edir. Jurnal 1906-cı ildə nəşrə başlayandan sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. "Molla Həsrəddin" jurnalı məhz Təbrizdə çıxan dövrdə karikatura sənəti İranda intişar tapdı. Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir.
Əzim Əzimzadədən başlanan bu məktəb sonrakı dövrdə özünün xeyli istedadlı ardıcılını yetirib. Azərbaycanda Əzim Əzimzadədən üzü bəri karikatura sənəti tarixində bu vaxta kimi imzası tanınmış onlarla karikaturaçı rəssam var.
İlk "Molla Həsrəddin"çi rəssamlardan biri olan alman rəssamı Oskar Şmerlinqin jurnalın populyarlaşmasında mühüm xidmətləri var. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tanınmış araşdırıcısı, "Molla Həsrəddin" ədəbi məktəbinə həsr olunmuş kitabların, elmi əsərlərin müəllifi, akademik İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları diqqətəlayiqdir. Yüzillik karikatura sənəti sahəsində zəngin ənənələri olan Azərbaycan rəssamlığının sözügedən sahəsinin daim öyrənilməsi günümüz üçün olduqca aktualdır. "Molla Həsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadə tükənməz bir ideyaverici olaraq özü mövzuları "Molla Həsrəddin"çilərə verirdi. Oskar Şmerlinqin "Molla Həsrəddin" məcmuəsini bəzəyən məşhur karikaturaları jurnalın xəttini, məqsədini, məramını gözəl ifadə edirdi. Cəlil Məmmədquluzadə "Molla Həsrəddin" jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnala rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. O.Şmerlinq 1906-1917-ci illərdə "Molla Həsrəddin" jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. "Molla Həsrəddin" jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan "Sizi deyib gəlmişəm", Qafqazda mədrəseyi-ruhaniyyə", "Hiyə məni döyürsünüz?", "Molla Həsrəddin", "İran sərhəddindən", "Xabi-qəflət", "Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli şahın Təbrizdən çıxması" və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib.
Qeyd edək ki, "Molla Həsrəddin" jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi Oskar Şmerlinqdir. O, həm də "Molla Həsrəddin"in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olub. Bu cəhəti xüsusilə nəzərə çarpdıran professor İsa Həbibbəyli yazır ki, "Molla Həsrəddin"in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb: "Şmerlinqin çəkdiyi Molla Həsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə "Molla Həsrəddin" jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Həsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Həsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Həsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".
Karikaturaçı-rəssam Bayram Hacızadənin fikrincə, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin "Molla Həsrəddin" jurnalı istedadlı şair və yazıçılarla yanaşı karikaturaçı rəssamlara da öz sözlərini demək üçün geniş imkanlar açdı: "1906-1917-ci illərdə jurnalın ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə dost və həmfikir idi. Bu istedadlı insanlar ölkədə baş verən ictimai-siyasi hadisələrə öz tənqidi münasibətləri ilə seçilən digər rəssam-ştrix şəklin ustası kimi tanınan İ.Rotteri də əməkdaşlığa cəlb etdilər. O zamanlar çap olunan "Kəlniyyat", "Məzəli", "Zənbur", "Baraban" və başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət göstərən gənc rəssam Əzim Əzimzadə jurnalın ilk nömrəsindən "Molla Həsrəddin"lə əməkdaşlıq etməyə başlayır. Bununla da Azərbaycanda karikatura məktəbinin təməl daşı qoyulur. "Molla Həsrəddin" bu istedadlı rəssamların sayəsində çoxluq təşkil edən savadsız əhalinin şəkillərinə baxa biləcəyi bir rəngli toplu idi. Tiflis Rəssamlıq Məktəbinin şagirdi Xəlil Musayev, Rəfael Telenqater, A.İbrahimzadə, Yusif Vəzir Çəmənzəminli, jurnalı Təbrizdə çap olunduğu müddətdə rəssam Səid Əli Behzat və başqaları jurnalın sovet dövrünə qədərki zamanında saysız-hesabsız əsərləri ilə çıxış etmişdilər. 1917-ci ildə "Molla Həsrəddin" jurnalının baş rəssamı kimi çalışan Ə.Əzimzadə ətrafına Qəzənfər Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn Əliyev kimi istedadlı rəssamları cəlb etmişdi".
1930-cu illərdən heç bir satirik jurnalın çap olunmadığını qeyd edən B.Hacızadə bildirir ki, 1952-ci ildən "Kirpi" jurnalının nəşrə başlaması dövrün, zamanın tələbi idi.
"Kirpi" jurnalının nəşrə başlaması karikatura janrının inkişafında müstəsna rol oynayıb. Bu sahədə yeni ənənələrin yaranmasına təkan verib. Yarandığı zaman jurnalın baş rəssamı istedadlı karikaturaçı Həcəfqulu İsmayılov olub.
Bayram Hacızadənin "100 illik karikatura tariximiz" adlı kitabında bir əsr ərzində karikatura sahəsində zəhməti olan karikaturaçı rəssamlarımızın əsərlərindən xeyli nümunələr verilib. Müəllif qeyd edir ki, bir əsrlik tarixi olan Azərbaycan karikatura sənəti nəinki özlüyündə, eləcə də dünya karikatura sənəti tarixində çox böyük dövrdür. Cəlil Məmmədquluzadənin 1906-cı ildə böyük zəhmətlə başa gətirdiyi "Molla Həsrəddin" jurnalının ilk nömrəsini uğrunda çalışdığı, əyintiləri ilə barışmadığı, canından çox sevdiyi yurddaşlarına təqdim etdi: ""Molla Həsrəddin" böyük bir mədəni abidədir. O, həm ədəbi, həm də təsviri sənət hadisəsidir. Ədəbi yöndən geniş araşdırmaya cəlb edilən jurnalın təsviri sənətdəki əhəmiyyəti təəssüf ki, sənətşünaslar tərəfindən ciddi tədqiq edilməyib. Təqdim olunan bu kitabda 100 illik Azərbaycan karikaturasında "Molla Həsrəddin" jurnalının rolu və təsviri sənətimizdəki əhəmiyyəti ilə tanış olmaq mümkündür".
"Molla Həsrəddin" fəaliyyət göstərdiyi hər üç məkanda iz qoya bilib. 1921-ci ildə jurnalın 8 nömrəsi Təbrizdə nəşr olundu. Orada çıxan həmin sayların karikaturalarını rəssam Seyid Əli Behzad çəkib. "Molla Həsrəddin"in Təbrizdə nəşr olunması bütövlükdə müasir İran karikatura sənətinin əsasını qoymaqla onun inkişafına təkan verdi.
Müəllif "Molla Həsrəddin"dən sonra çıxan çoxsaylı satirik jurnallar haqqında da qısa məlumat verir. İlk satirik nəşrimizdən üzü bəri xidməti olan bütün karikaturaçı rəssamların adlarını çəkir, onların əsərlərindən nümunələr təqdim edir. Kimlər yoxdur bu sırada; Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Hüseyn Əliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Mikayıl Abdullayev, Kazım Kazımzadə, Tahir Salahov, Oqtay Sadıqzadə...
Son dövrlərin tanınmış karikaturaçılarından olan Bulud Qasımov, Yavər Əsədov, Hafiz Həsiroğlu, Soltan Soltanlı, Seyran Cəfərli, Elman Mirzəyev, Bayram Hacızadə və başqalarının zəhməti xüsusi qeyd edilməlidir.
Bu gün söz-fikir azadlığının inkişafında, ifadəsində karikatura sənətinin qarşısında duran mənəvi borc daha aydın görünür: insanın şərdən arınmasında, özündəki naqisliklərə bələdliyində müəyyən rol oynayan karikatura sənətinin bir əsas problemi göz önündədir. O da ki, karikaturaçılığa hava-su kimi gərək olan yeni, bənzərsiz ideyaların çatışmamasıdır. Hazırda dünyada bu sahədə problemlərin yaşanması da təbii sayılır. Ümumən dünyada bütün yaradıcı sahələrdə bir ideyaçılıq, təkrarçılıq hökm sürməkdədir. Çıxış yolu isə insanların daim inadlı, mənəvi axtarışlarda olmasından asılıdır. Bəşəriyyətin yaradıcı imkanları isə tükənməzdir.

Uğur