Azərbaycan folklorunda tolerantlıq və multikultiralizm Layihə

Azərbaycan folklorunda tolerantlıq və multikultiralizm

IV yazı

Filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı qeyd edir ki, Oğuz rayonunda Aya baxanda salavat çəkmək adəti günü bu gün də gündəmdədir. Müəyyən mənada bu inam sadəcə milli sərhədləri deyil, regional sərhədləri də aşıb. Yəni Oğuz rayonunda milli mənsubiyyətindən asılı olmayaraq bütün bölgə əhalisinin Aya, Günəşə inamı bu gün hələ də güclü olduğu kimi, həmin inamın izlərinə Azərbaycanın Qərb rayonlarında, xüsusilə də Tovuz rayonunun Bozalqanlı, Girzan, Qaraxanlı kəndlərində günü bu gün də rast gəlmək mümkündür. Həmin kəndlərdə təzə doğmuş ayı görən ağsaqqallar və ağbirçəklər "Ay, bizi də təzələ" deyə dua edirlər.
"Teleut türklərində bir əfsanədə "Ay quzeyin (şimalın), günəş isə güneyin (cənubun) simvolu idi." Bu inanc göyün üst qatında duran "Göy qartalı"nın duruşuna görə yaranmışdı. Söyləndiyinə görə, bu qartalın sol qanadı ayı, sağ qanadı günəşi örtürdü. Bu duruma görə qartalın başı şərqə baxmalı idi. Bu duruş Türk mifologiyasına uyğun istiqamət idi. Bu əfsanəyə görə Ay qaranlıq və gecələr diyarı olan quzeyin, günəş isə aydınlığın hökm sürdüyü və gündüzlər diyarı olan güneyin simvolu idi... Göytürklər yönlərini təyin edərkən üzlərini şərqə, yəni günəşin doğduğu istiqamətə döndərirdilər. Altay bölgəsində yaşayan Türk şamanlarının qapıları da daima şərqə doğru açılırdı. Halbuki normal olaraq Türk xalqları günəşi görə bilmək üçün qapılarını cənuba açardılar. Görünür ki, dini və mənəvi vəzifəsi olan şaman bu qaydanı pozur, əski din normalarına əməl edirdi. "Oğuz dastanı"nda sabaha, danın ağarmasına, gün çıxmasına böyük bir önəm verilmişdi. Bütün həyat, o gün və günəşlə başlayırdı. Günəş batdıqdan sonra isə hər şey dayanırdı. Yakut Türklərinin, Altay Türklərinin yaradılış dastanlarında "Cənnət ilə Həyat Ağacı da şərq bölgəsində tapılırdı. Əski inanclara sahib insanlar günü bu gün də evlərini üzü şərqə doğru tikirlər. Günəş həm də insanlara sağlamlıq bəxş edib. Günəş şüaları D vitaminidir. Atalar əbəs yerə deməyib ki, "Günəş girməyən evə həkim girər".
Tarixçi-araşdırmaçı Arizə Xudiyevanın qeyd etdiyinə görə, rayon daxilində mövcud olan bəzi abidələrin tarixi bir qədər sonrakı dövrlərə təsadüf etdiyinə görə alban abidələri üçün xarakterik olan bəzi xüsusiyyətlər bu abidələrdə özünü göstərmir. A.Xudiyeva qeyd edir ki, Oğuz rayonunun Qarabulaq kəndində mövcud olan alban məbədinin həm giriş, həm də çıxış üçün istifadə olunan tək bir qapısı var ki, bu qapı da məhz şərqə doğru açılır. Bu kimi faktlar əski insanların əski inanclarına əsaslanır.
Bu qədər əski inancları özündə əks etdirən abidələrimiz həm zəngin memarlıq üslubuna görə, həm də tarixi dəyərinə görə həmişə diqqət mərkəzində olub, bu səbəbdən də başqalarının diqqətini özünə cəlb edib. Məsələ burasındadır ki, nəinki abidələrimizi, hətta ölkəmizin vətəndaşı olan bəzi xalqların və etnik qrupların nümayəndələrini belə qonşularımız tərəfindən özününküləşdirmək cəhdləri olub.
Məsələn, "1979-cu ildə Tbilisidə gürcü alimi İlya Adamiya özünün "Gürcüstanın xalq memarlığı ("Saingilo")" kitabını nəşr etdirib. Müəllif tərəfindən Azərbaycanın bir neçə qədim abidəsi, eləcə də V əsrin yadigarı olan Qum məbədi, Güllük – Közbarax kəndləri yaxınlığındakı Pəri qalası (bu abidəni gürcü çarı Tamaranın adı ilə də bağlamağa çalışır), Ləkit və Kürmük məbədlərini və s. gürcü memarlığının nümunəsi kimi təqdim edilib.
Abidələrimizi gürcü abidəsi kimi təqdim edən gürcülər ingiloyları da gürcü hesab edirlər. İngiloyları gürcü hesab edənlərə tarixçilərimizin cavabı kifayət qədər elmi və kəskindir: "...Əsası ingiloy adlanan əhali qrupu heç də gürcüdən dönmə və ya törəmə konfessional əhali qrupu deyil, qədim Alban soykökünə bağlı olan müstəqil etnosdur".
Yaxud da: "Din və dil mənsubiyyətlərindən asılı olmayaraq bölgədə yaşayan bütün ingiloyların mənşəcə bir kökdən olmasını, onların azərbaycanlılarla sıx bağlı olduqlarını etnoqrafik, toponomik faktlar da sübut edir. Bölgədəki yaşayış evləri, milli geyimlər və yeməklər, əkinçilik və maldarlıq təsərrüfatı, ailə-məişət münasibətləri, mənəvi mədəniyyətin elə bir məsələsi yoxdur ki, ümumi cəhətlər, eyniyyət müşahidə olunmasın".
Elə bu səbəbdəndir ki, mərhum professor Q.Cavadov da QƏXTMT (SMOMPK) adlı məcmuədə əvvəlcə A.F.Plotto tərəfindən ingiloylar haqqındakı məqaləni nəzərə çatdırıb və ona münasibət bildirərək ingiloyların gürcü hesab olunmasını təəssüflə qeyd edib və bildirib ki, ingiloyların gürcülərə heç bir dəxli yoxdur.
Şəki Zona Elmi Mərkəzi "Folklor laboratoriyası"nın aparıcı elmi işçisi, fəlsəfə doktoru və folklor bilicisi olan Əli Süleymanovun topladığı bir lətifə nümunəsi, müəyyən mənada, bu kimi fikirlərə də aid edilə bilər. Lətifənin məzmunu belədir: Kişmişin bol və ucuz vaxtında bir kişi bazara gedib bir torba kişmiş alır. Kişi kişmişi gündə üç dəfə az-az, dənə-dənə yeyirmiş. Aradan çox keçməmiş kişi bir də torbanın qoyulduğu yerə gələndə görür ki, torba yoxa çıxıb. Kişi çox pərt olur. Başlayır deyinməyə. Kişinin sonsuz deyinməyini görən arvad deyir: "Ay kişi, nə özünü öldürürsən? Kişmişdir də. Alarsan, yeyərsən". Kişi deyir: "Arvad, mən kişmiş torbasının itməsinə yanmıram, ey! Yanıram ki, mənim dənə-dənə yediyim kişmişi oğru xaşma ilə yeyəcək".
Doğrudan da, əgər bu gün mənəvi və maddi sərvətimizə, bu sərvətimizin tərkib hissəsi olan milli varlığımıza, milli mənsubiyyətimizə sahib çıxmasaq, onlara yad əllər uzanacaq və artıq onlar bizimki olmayacaq. İstər tarixi abidələr, istərsə də bölgə əhalisinin yaratdığı söz örnəkləri birmənalı şəkildə sübut edir ki, onlar bu torpağın, bu yurdun daimi sakini, aborigen xalqıdır.
İstər millət, xalq və etnik qrupların, istərsə də onların dilinin yaranması, formalaşması ilə bağlı müxtəlif fikirlər, az inandırıcı olanlarından başlamış, ən dəqiq sübutlara söykənənlərinə qədər müxtəlif əfsanələr, rəvayətlər, təxminlər, elmi fərziyyələr, nəzəriyyələr və faktiki dil materiallarına əsaslanan elmi mülahizələr şəklində müxtəlif mənbə və elmi araşdırmalarda qeyd olunmaqdadır.
Tədqiqat başlıca olaraq folklor materiallarına əsaslandığına görə müxtəlif folklor janrlarına aid nümunələrdə bu məsələlərlə bağlı irəli sürülən fikirlərə daha sonra nəzər yetirəcəyik. Burada isə dilin, xüsusilə də Şəki-Zaqatala regionunda yaşayan xalqların və etnik qrupların dillərinin mənşəyi və keçdiyi inkişaf yolu ilə bağlı həmin sahənin ən aparıcı mütəxəssislərinin fikirlərinə nəzər salmağı məqsədəuyğun hesab edirik.
Hər şeydən əvvəl bunu qeyd edək ki, millət etnik baxımdan insan cəmiyyətinin ən inkişaf etmiş ali formasıdır. Milli dillər də millətlə bir yerdə doğulub və inkişaf prosesi keçib. Hətta belə bir fikir də söyləmək mümkündür ki, hər bir dil aid olduğu millətlə bərabər ictimai-tarixi formasiyalardan və mərhələlərdən keçir. Ən ilkin cəmiyyət formaları olan tayfa və qəbilələrin dili əksər halda az inkişaf etmiş, yalnız şifahi ünsiyyətə xidmət edən tayfa və ya qəbilə dilləri olur. Belə dillər məişət ehtiyaclarını ödəyəcək qədər leksik vahidlərə və ən bəsit şəkildə ünsiyyəti təmin edəcək qədər qrammatik imkanlara malik olur.
Bu gün, yəni 21-ci əsrdə, dilimizdəki leksik vahidlərin ümumi sayının yüz minlərə, qrammatik qayda və normalarınsa yüzlərlə olduğu bir zamanda bizim gündəlik həyatımızdakı aktiv leksikonumuz təxminən 5-7 min sözdən ibarətdir. Bu gün sırf məişət həyatı ilə bağlı təxminən 2 minə qədər leksik vahiddən və təxminən 15-25 qrammatik normadan istifadə edirik. O halda belə təxmin etmək olar ki, yalnız məişətlə bağlı istifadə edilən qəbilə və tayfa dillərində sözlərin ümumi sayı heç bir halda 2 mindən, qrammatik norma sayı isə 10-15-dən çox ola bilməzdi. Əgər bu faktı da nəzərə alsaq ki, qəbilə məişətində heç bir texniki vasitə, indiki qədər ev, geyim əşyası və s. olması mümkün deyildi, o halda həmin dillərdəki sözlərin ümumi sayının nə qədər az olduğunu təxmin etmək o qədər də çətin deyil. Cəmiyyətin inkişafının sonrakı mərhələlərində ona paralel olaraq dil də inkişaf edib. Təbii ki, bu mövqe dilin insanların özü tərəfindən yaradılması ideyasına bağlıdır. Bundan fərqli mövqelər də var. Yəni dilin hazır şəkildə insanlara kənardan (Allah tərəfindən və ya kosmosdan) hazır şəkildə verildiyini iddia edənlər də var. Hər iki halla bağlı belə bir ümumi fərziyyə irəli sürülür ki, "dil bir yerdə yaranıb yer üzünə yayılıb". Amma insanların özlərinin fərqli məkanlarda yaranıb, öz dillərini fərqli şəkildə yaratdıqlarını iddia edənlər də vardır. Biz şəxsən dillərin monogenez olması, yəni eyni bir kök dildən əmələ gəlməsi ideyasının tərəfdarıyıq. Bununla belə müxtəlif alim və tədqiqatçıların bu məsələ ilə bağlı irəli sürdükləri fərqli fikir və mülahizələrə nəzər salaq.
"İnsanlar qəbilə birliyindən xalq, sonra isə millət birliyinə keçərkən xarakterik əlamətlər – ümumi dil, etnik mənsubiyyət, ərazi, şüur itirilmir və davamlı xüsusiyyətlər kimi nəsillərdən-nəsillərə ötürülür... Hər bir xalq üçün öz ölkəsinin tarixi keçmişi, keçdiyi inkişaf yolu, mədəniyyəti maraqlıdır. Çünki keçmiş nəsillərin nailiyyətlərini bilmədən yenilərini yaratmaq çətindir. Əsrlər boyu nəsillərin öz təcrübələrini bir-birilərinə ötürmələri nəticəsində müxtəlif sahələrdə müvəffəqiyyətlər qazanılıb. Bu vəziyyət insan cəmiyyətinin bütün dövrlərində qanunauyğun şəkildə davam edib".
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, əksər tədqiqatçılar dünya dillərinin eyni bir Ulu dildən yarandığını qəbul edirlər. Həmin tədqiqatçıların bəziləri, insanların Allah tərəfindən yaradıldığını, bəziləri Yer adlı bu planetdə insanların kənardan, yəni kosmosdan gətirildiyini, bəziləri isə insan adlı bioloji varlığın Yer adlı bu planetin konkret bir nöqtəsində tarixi təkamül nəticəsində yarandığını qəbul edirlər. Qeyd edilən hər üç halda bütün müasir dillərin məhz bir qədim və Ulu dilin yaranması ideyası aparıcı rola malik olur. Yəni bu mövqelərdən hər hansı birini qəbul edən alimlər, avtomatik olaraq bunu da qəbul edirlər ki, bütün millətlərin və dillərin kökü birdir.