“Hazırda ermənilər danışıqlar prosesini imitasiya etmək, danışıqlar naminə danışıqlar aparmaq xəttini seçiblər” Layihə

“Hazırda ermənilər danışıqlar prosesini imitasiya etmək, danışıqlar naminə danışıqlar aparmaq xəttini seçiblər”

Nemət Orucov: "Vasitəçilər ermənilərlə razılaşmış kimi görünürlər"

Son zamanlar şimal qonşumuz, Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı dövlət hesab olunan ATƏT-in Minsq qrupunun həmsədri Rusiya Azərbaycanı qane etməyən birtərəfli addımlar atır. Bura Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsini, eyni zamanda vaxtaşırı atılan digər addımları misal göstərmək olar. Bu günlərdə isə Rusiyanın Gümrüdəki hərbi bazasını genişləndirməsilə bağlı yayılan xəbərlər prosesin davam edəcəyini göstərir.
İctimai Maraqların Müdafiəsi Mərkəzinin rəhbəri Nemət Orucov "Xalq Cəbhəsi"nə müsahibəsində proseslərə aydınlıq gətirməyə çalışdı.

- Rusiya Gümrüdəki hərbi bazasını gücləndirir. Sizcə, burada əsas məqsəd nədir?
-Bildiyiniz kimi Cənubi Qafqazda Rusiyanın bir nömrəli müttəfiqi Ermənistandır. Ermənistan bir dövlət kimi məhz Rusiyanın xeyir-duası ilə yaradılıb. Rusiyada təhkimçilik hüququ ləğv edildikdən bu yana ruslar hər dəfə Cənubi Qafqaza daxil olanda və ya buranı tərk edəndə ermənilərin imkanları daima artıb, əvəzində Azərbaycan torpaq itkisinə, soyqrıma, bəlalara düçar olub. Hesab edirəm ki, Rusiya indi də I Pyotrun cızdığı siyasi xətdən kənara çıxmır və mümkün qədər regionda özünün strateji müttəfiqi olan Ermənistanı razı salmaq, xüsusilə 2 aprel müharibəsindən sonra İrəvanı sakitləşdirmək üçün bir sıra addımlar atıb. Buna Gümrüdəki hərbi bazanı möhkəmləndirməkdən savayı Rusiya-Ermənistan birgə hərbi qruplaşmanın yaradılması, bu qruplaşmanın Ermənistan ali baş komandanına tabe etdirilməsi də daxildir. Nəzərə almaq lazımdır ki, Ermənistan həm də Rusiyanın cənub cinahı hesab olunur. Moskvanın Tehran, Ankara və Bakı ilə münasibətləri nə dərəcədə yaxşı olmasından asılı olmayaraq, öz ehtiyatını görür. Eyni zamanda, Gümrüdəki rus hərbi hissəsi NATO-ya qarşı təsis edilib. Rusiyanın Qafqazdakı cənub cinahı həm də NATO-nun cənub cinahı ilə həmsərhəddir. Başqa sözlə, NATO Türkiyəsi ilə Rusiya forpostu olan Ermənistan sərhəd ölkələrdir.
- Məlumdur ki, Rusiyanın Ermənistanda kifayət qədər hərbi gücü var. Belə olduğu halda yenidən bu tipli addımların atılmasının mahiyyəti nədən ibarətdir? Bu Azərbaycan üçün nə dərəcədə təhdid xarakteri daşıyır?
- Sözsüz ki, Azərbaycan əraziləri Ermənistan Silahlı Qüvvələri tərəfindən, bir çox hallarda rusiyalı hərbçilərin dəstəyi ilə işğal edilib. Artıq III onillikdir ki, işğal prosesi davam edir. Lakin sonuncu dəfə Azərbaycan ordusu aprelin 2-də cəbhədə erməni müdafiə xəttini yara bildi. Bu Ermənistanda ciddi narahatlıqla qarşılandı. Erməni xalqının "Qarabağda və işğal edilən ərazilərdə bizim müdafiə istehkam xəttimiz güclüdür, Azərbaycan onu yara bilməz" düşüncəsini hərbi baxımdan iflas etdi. Bundan sonra Ermənistanda Rusiyaya qarşı aksiyalar təşkil edildi, Rusiya bayrağı yandırıldı. Aprel savaşında mümkün qədər bitərəfliyini qoruyan Moskva az sonra Ermənistana dəstəyini ifadə etməyə başladı. Lavrov Planının boş şey olduğu ortaya çıxdı. Ardınca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri İrəvanda bəyanatlar verdi, daha sonra bu quruma erməni generalı rəhbər gətirildi. Ardınca Rusiya Ermənistana "İsgəndər" raket kompleksi satdı. Əgər bölgədə Ermənistanın düşmən elan etdiyi dövlət Azərbaycandırsa, sözsüz ki, bütün bu hərbi gedişlər də Azərbaycana qarşıdır. Faktiki olaraq Moskva İrəvan vasitəsilə Bakıya mesaj verir ki, daha hərbi əməliyyatlara getməyin, əks halda orada qarşınıza həm də Rusiya hərbçiləri çıxa bilər. Çünki Rusiya-Ermənistan birgə hərbi qruplaşması yaradılıb və bu hətta Ermənistan rəhbərliyinin ixtiyarına verilib. Bu mənada Gümrüdə rus hərbi bazasının gücləndirilməsi birbaşa Azərbaycana qarşı təhdid hesab oluna bilər. Biz bir məqamı açıq bilməliyik ki, Rusiya bir imperiyadır, onun imperiya maraqları var. Hesab edirəm ki, keçmiş SSR-dən ayrılan respublikaların heç birini Moskvada müstəqil dövlət kimi həzm edə bilmirlər. Əksinə, Rusiya siyasətçiləri bu dövlətlərə daxillərində "bizim əyalətlərdir" deyə düşünürlər.
- Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədridir, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas söz sahib olan dövlət kimi iştirak edir. Bir tərəfdən də işğalçıya mütəmadi hərbi, siyasi dəstək verir. Minsk Qrupunun həmsədri olan bir dövlətin bu addımı onun danışıqlar prosesində konstruktiv olacağını şübhə altına qoymurmu?
- Nəzərə almağınız lazımdır ki, adətən müharibələrdən sonra vasitəçi diplomatlar məğlubiyyəti və ya qələbəni rəsmiləşdirmək üçün danışıqlar prosesinə daxil olur. Bu mənada vasitəçilərə bel bağlamaq, "biz öz işimizdə olaq vasitəçilər torpağımızı alıb bizə bağışlayacaq" düşüncəsindən uzaq olmaq lazımdır. Biz ancaq özümüzə inanmalı, hərbi imkanlarımızı mümkün qədər artırmalı, daxildə müxtəlif islahatlar həyata keçirməliyik. Rusiya ilk dəfə deyil ki, Ermənistanda mövcud olan hərbi bazasını gücləndirir. 1994-cü ilin mayın 12-də imzalanan atəşkəs razılaşmasından sonra ruslar dəfələrlə Ermənistana böyük partiya silahlar ötürüblər. Və bir çox hallarda bu silahlar ya Ermənistana güzəştlə satılıb, ya da bağışlanıb. Əlbəttə, vasitəçi adlandırlan dövlət siyasi etika baxımından münaqişə tərəfi olan hər iki ölkə ilə bərabər münasibət saxlamalıdır. Ancaq son 25 ildə biz bunu vasitəçi olan Rusiyadan görməmişik. Böyük ehtimalla bundan sonra da görə bilməyəcəyik. Biz Rusiyaya nə qədər yaxın getsək də, onlar Ermənistana bir o qədər dəstək göstərirlər. Hesab edirəm ki, danışıqlar prosesində vasitəçi qismində iştirak edən Rusiya əslində Qarabağ münaqişəsində tərəfdir. Yəni Ermənistanın yanındadır. Nəhayətdə son dövrlər Avrasiya İttifaqı ideyası ortaya atılıb. Hazırda Moskva arzu edir ki, Bakı da bu ittifaqda təmsil olunsun. Fikrimcə, Gümrdəki hərbi bazanın gücləndirilməsi, Moskvada Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi, xarici işlər naziri Lavrovun "Qarabağ müharibəsi ancaq sülh yolu ilə həll edilə bilər" bəyanatı Azərbaycana edilən təzyiqlərdir. Biz danışıqlar prosesində olmalı, mümkün qədər düşmənlərimizə bəhanə verməməliyik. Əlavə qeyd edim ki, digər vasitəçi ABŞ-da yaxın tarixdə Ermənistana silah verib. Söhbət gecəgörmə cihazları və digər bu kimi hərbi vasitələrdən gedir. Bu haqda razılaşma Con Kerrinin dövlət katibi olduğu zaman əldə edilib. Üçüncü həmsədr ölkə Fransa ilə Ermənistanın hərbi əlaqələri mövcuddur. Bütün bunlar reallıqdır. Və həm də o deməkdir ki, bizim nəinki Rusiyadan, elə digər vasitəçilərdən nəsə gözləməyimizə dəyməz. Ancaq sözsüz ki, ermənilərə daha ciddi dəstəyi Rusiya həyata keçirir. Bu mənada biz vasitəçilərin konsturiktiv olması haqqında fikir söyləyə bilmərik. Əksinə, Rusiya Qarabağ problemini yaradan və onun vasitəsilə hər iki ölkəyə təsir imkanlarını saxlayan, ermənilərə daha çox dəstək verən dövlətdir.
- Rəsmi Moskvanınnın bu addımı danışıqlar prosesinə təsir edə bilərmi?
- Bildiyiniz kimi aprel savaşından sonra danışıqlar prosesində canlanma müşahidə olundu, hətta prezidentlərin görüşü həyata keçirildi, Vyanada cəbhə xəttində monitorinqlərin təşkilinə dair razılaşma əldə olunduğu haqda fikirlər də səsləndi. Amma az sonra danışıqlar prosesi dayandı. İndi faktiki olaraq danışıqlar prosesi yoxdur. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir neçə dəfə görüşsə də, ortada nəticə yoxdur. Adətən vasitəçilər bu prosesi aparır, nazirlər müzakirə üçün ortaya qoyulacaq sənədləri razılaşdırır, sonda isə prezidentlərin görüşü olur. Fikrimcə, indi danışıqlar prosesi yoxdur, prezidentlərin də görüşü hazırlanmır və gözlənilmir. Rusiyanın Gümrüdəki hərbi hissəsini gücləndirmək istəkləri sözsüz ki, mənəvi-psixoloji baxımdan Azərbaycana təsir edə bilər. Bu həm də ermənilərin özlərini daha rahat hiss etməsinə şərait yaradır. Və bu zaman erməni tərəfi danışıqları uzatmağa başlayır. Çünki beynəlxalq və vasitəçi təzyiqlərini hiss etmirlər. Əksinə, onlardan dəstək, moral görürlər. Hazırda ermənilər danışıqlar prosesini imitasiya etmək, danışıqlar naminə danışıqlar aparmaq xəttini seçiblər. Bu reallıqdır və vasitəçilərdə bununla razılaşmış kimi görünür.

Əli