İnsanların informasiya tələbatı yüksələn xətlə artır Layihə

İnsanların informasiya tələbatı yüksələn xətlə artır

"İnformasiya cəmiyyətində ilkin olan əməyin dəyəri yox, biliyin dəyəridir"

II yazı

...Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Şöhrət Eyvazovun fikrincə, informasiya cəmiyyəti bütün üstünlükləri ilə yanaşı, yeni risk və problemlərin yaranmasına səbəb olur: "İstənilən informasiya cəmiyyəti mükəmməl deyil. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi isə siyasi qərar və dəyərlərdən asılıdır. Son illərdə Avropada kompüter təhsilinin müsbət tərəfləri ilə yanaşı neqativ nəticələri haqqında daha çox danışılır. Əlbəttə ki, video və komputer mədəniyyətinin yaratdığı və ya yarada biləcəyi təhlükələrə biganə qalmaq olmaz. Perspektivli informasiya texnologiyaları və informatizasiya təkcə istehsalın effektivliyinə, əməyə qənaətə xidmət etməli deyil, həm də yeni elmi biliklərin tez yayılmasına, cəmiyyətin ümumi intellekt səviyyəsinin yüksəlməsinə stimul verməlidir.
İnformatizasiya - daxilində müəyyən subyektlər (insanlar, təşkilatlar, dövlətlər) arasına informasiya mübadiləsi, toplanması, emalı və saxlanması həyata keçirilən vahid informasiya məkanının yaranmasına gətirib çıxarır. Nəticədə inkişaf etmiş ölkələrin hamısının qoşulduğu vahid informasiya-telekommunikasiya sistemi yaranır. Beləliklə, kommunikasiya və informasiya texnologiyalarının inkişafı nəticəsində informasiya milli resursdan dünyəvi resursa çevrilir. İnsanların və cəmiyyətin informasiya tələbatı yüksək dərəcədə artır və getdikcə iqtisadiyyatın daha çox sahələri bu tələbatının ödənilməsinə yönəldilir. İnformasiya cəmiyyətində ilkin olan əməyin dəyəri yox, biliyin dəyəridir"
O, həmçinin bildirib ki, bütün insanların İKT-dən istifadə etmək imkanın yaradılması informasiya cəmiyyətinin əsas məsələlərindən biridir: "22 iyul 2000-ci ildə qəbul edilmiş qlobal informasiya cəmiyyətinin Okinava Xartiyasının 10-cu maddəsində deyilir ki, dövlətlərin strategiyalarında əsas məsələlərdən biri İKT-dən istifadəyə hər kəs üçün şərait yaradılmasına nail olmaqdır. Xartiyada götərilir ki, dövlət İKT-dən ümumi istifadənin təmin edilməsi və insanlara kommunikasiya sahəsində xidmət göstərilməsi üçün münbit bazar şəraiti yaratmalı; geniş kütlə üçün açıq olan müəssisə və təşkilatlar vasitəsilə əlavə istifadə imkanları yaratmalı; geri qalmış şəhər, kənd və rayonlarda şəbəkə xidmətinin təkmilləşdirilməsinə diqqəti artırmalı; daha az sosial təminatlı insanların, o cümlədən məhdud əmək qabiliyyətli və yaşlı insanların tələbatlarına xüsusi diqqət ayırmalı; internet şəbəkəsindən mobil istifadə, həmçinin pulsuz ümumi informasiya yığımından və bütün istifadəçilər üçün açıq proqram təminatlarından daha geniş istifadə də daxil olmaqla "istifadə üçün münasib", "maneəsiz" texnologiyaların gələcək inkişafına dəstək olmalıdır.
İnformasiya cəmiyyətinin problemlərindən biri də mədəniyyət və dil müxtəlifliyidir. 2 noyabr 2001-ci ildə YUNESKO-nun qəbul etdiyi "Mədəni müxtəliflik haqqında deklarasiya"da mədəni müxtəliflik bəşəriyyətin ümumi sərvəti qəbul edilib. Mədəni müxtəliflik beynəlxalq həmrəylik, incəsənət və insan hüquqları ilə sıx bağlıdır. Bu baxımdan İKT bir tərəfdən yeni rəqəmsal imkanlar yaradır: milli azlıqlar ənənələri, mədəniyyəti və problemləri haqqında məlumatların yer aldığı sayt vasitəsi ilə özləri haqqında bütün dünyaya çar çəkə bilirlər. Digər tərəfdən İnternetdə ingilis dilinin üstünlüyü ilə məhdud sayda dillərdən istifadə olunur ki, bu da öz növbəsində rəqəmsal vasitələrin köməyi ilə beynəlxalq informasiya və mədəniyyət mübadilələrini çətinləşdirir. Bundan başqa, nadir dillər İnternet istifadəçilərinin əksəriyyəti üçün anlaşılmaz olduğu üçün istifadəsi məhduddur".
Ş.Eyvazov əlavə edib ki, getdikcə İnternetdə dil müxtəlifliyinin təmini istiqamətində irəliləyişlər müşahidə olunur. Belə ki, artıq İnternet saytların üçdə biri ingilis dilindən istifadə etmir: "İnfokommunikasiya inqilabının da daxil olduğu elmi-texniki tərəqqi beynəlxalq münasibətlər sistemində müəyyən dəyişikliklərə səbəb olub. Beynəlxalq hüquqi tənzimləmələrdə qloballaşma prosesinin yaranması və inkişafı yeni şərtlərin diktə olunmasına gətirib çıxarıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı 3 qrup beynəlxalq münasibətlərin yaranması ilə nəticələnib: 1) İKT-nin inkişaf prosesi ilə bağlı (əsasən standartlaşma, texniki tənzimləmə məsələləri) münasibətlər; 2) İKT-nin fəaliyyətini təmin edən münasibətlər (müxtəlif telekommunikasiya xidməti operatorları, eləcə də operatorlar və istifadəçilər arasında olan münasibətlər); 3) İKT-nin fəaliyyətinin bilavasitə təsir göstərdiyi münasibətlər (elektron ticarətin həyata keçirilməsi, istehlakçı hüquqlarının qorunması, komputer cinayətlərinin qarşısının alınması və s.). Telekommunikasiyanın inkişafı beynəlxalq əlaqələrin sadələşməsinə və güclənməsinə əhəmiyyətli təsir edir".
Onun bildirdiyinə görə, bu gün başqa ölkədə olan malı İnternetlə sifariş etmək, kommersiya müqaviləsi bağlamaq çox asandır: "Beynəlxalq munasibətlər daha dinamikləşib və tez formalaşır. Bunula belə qloballaşmanın neqativ faktorları informasiya mühitində də özünü göstərir. Belə ki, ingilisdilli rəqəmsal irs bir çox xalqların və milli qrupların mədəniyyətləri üçün müəyyən mənada təhlükə yaradır. Eləcə də informasiya sahəsində başqa sferalarda olduğu kimi transmilli kapitalın təsiri hiss olunur. Dünya informasiya bazarında meqaşirkətlər "qlobal oyunçular" kimi çıxış edir. Çernov informasiya cəmiyyəti haqqında nəzəriyyələrin formalaşmasını 3 dövrə bölür: 1) ilk dəfə yapon hökumətinə qeyri-hökumət təşkilatlarının verdiyi hesabatlarda informasiya cəmiyyətinin xarakteristikalarının verildiyi XX əsrin 60-cı illərinin ikinci yarısı; 2) Bellin informasiya cəmiyyəti nəzəriyyəsinin sistemli izah edildiyi "Yaxınlaşan postindustrial cəmiyyət. Sosial proqnozlaşdırma təcrübəsi" kitabının nəşr olunduğu 1973-cu ildən sonrakı dövr. 3) Piter Draker və Manuel Kastelsin informasiya və biliklərə əsaslanan iqtisadi sistemə keçid haqqında nəzəriyyəni yaratdıqları 1980-90-cı illərdən sonrakı dövr. Litvak informasiya cəmiyyəti nəzəriyyələrini texnoloji və sosial hissələrə bölməklə birincidə əsasən elmi-texniki tərəqqinin öyrənildiyini, ikincidə isə yeni cəmiyyət tipinin yarandığı sosial dəyişikliklərin araşdırıldığını bildirir.
Uebster isə informasiya texnologiyaları nəzəriyyələrini 5 qrupa bölür: texnoloji, iqtisadi, professional, məkan və mədəni".
Texnoloji nəzəriyyənin əsasını Toffler qoyub. Bu nəzəriyyədə ictimai münasibətlərin yeni strukturunun formalaşmasında texnologiyaların rolu araşdırılır: "İqtisadi nəzəriyyədə informasiya biznesi öyrənilir və informasiya iqtisadiyyatının formalaşması əsaslandırılır. İlk dəfə bu nəzəriyyəni Maxluq araşdırıb. Professional nəzəriyyə Bellin işlərində inkişaf etdirilib. Onun fikrincə, yeniləşən cəmiyyətin sosial strukturunda əsas rolu informasiya texnologiyalarından istifadə edən və intellekt əməyi ilə məşğul olan professionallar sinfi oynayır. Məkan nəzəriyyəsi Kastelsin şəbəkə cəmiyyəti nəzəriyyəsini öyrənir. Bu nəzəriyyə çərçivəsində komputer şəbəkələrinin məkan və zamana təsiri araşdırılır. Bu zaman virtual məkan fenomeninin ictimai münasibətlərə təsiri diqqət mərkəzində saxlanılır. Mədəni nəzəriyyə müasir həyatın simvollar və işarələrlə bütövləşməsindən çıxış edir. Biz dünyanı müəyyən işarələr sistemi ilə qəbul edirik. Müasir mədəniyyət əvvəlkilərdən informasiya baxımından daha dolğundur. Bu zaman mədəni inkişafda kütləvi kommunikasiya vasitələri mühüm rol oynayır.
Bir qrup rus alimi araşdırmalarında informasiya təhlükəsizliyi siyasətinin 3 səviyyədə aparılması fikrini irəli sürür: təşkilati; qanunvericlik; texnoloji. Təşkilati səviyyədə ölkənin beynəlxalq informasiya cəmiyyətinə daxil olmasının təminatı üçün görüləcək tədbirlərin koordinasiyalı aparılması, dövlət provayderinin təyini və internet şəbəkəsi ilə əlaqənin təkmilləşdirilməsi, yerli informasiya resurs və texnologiyalarının yaradılmasına dövlət dəstəyi, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin aktivləşdirilməsi nəzərdə tutulur. Qanunvericilik baxımından isə aşağıda göstərilənlər həyata keçirilməlidir:
- məlumatların KİV, reklam, informasiya resurslarında və beynəlxalq mübadilədə istifadəsinin qanuni tənzimlənməsi;
- informasiya resurslarına qanunsuz müdaxilələrin və zərərli informasiyanın emalının qanunvericiliklə qadağan olunması;
- müəllif hüququ, şəxsiyyət azadlığı və informasiya əldə etmə hüquqlarının qanunvericiliklə tənzimlənməsi;
- "ikiqat kriminal" prinsipinə əsasən internet şəbəkədən istifadə zamanı yaranan problemlərin həllinin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması.
Şöhrət Eyvazovun dediyinə görə, texnoloji səviyyədə internet şəbəkəsi ilə əlaqəli işləyən dövlət şəbəkəsinin yaradılması, icazəsiz müdaxilələrə imkan verməyən informasiya emalı vasitələrinin hazırlanması və tətbiqi, informasiya məhsulları və xidmətlərinin sertifikasiya və lisenziyalaşdırılması, verilənlər bazasına müdaxilənin qarşısını alan proqram-linqivistik "filtr"lərin yaradılması və tətbiqi təklif edilir. İnformasiya təhlükəsizliyi anlayışı haqqında Tixonov və Royx belə deyirlər: "...İnformasiya təhlükəsizliyi deyərkən, geniş mənada informasiya mühitində informatizasiyanın gedişində yaranan neqativ proseslərin, hadisələrin, təzahürlərin aşkar edilməsi, neytrallaşdırılması və aradan qaldırılması situasiyasını anlamaq lazımdır. İnformasiya təhlükəsizliyi qorunan obyektin (şəxsiyyətin, cəmiyyətin, dovlətin, müəssisənin və s.) sonrakı inkişafını təmin edir".
Cəmiyyətin informasiya təhlükəsizliyi bütün subyektləri, o cümlədən dövlətin informasiya təhlükəsizliyini özündə birləşdirir və ictimai həyatın bütün sahələrini: siyasi fəaliyyəti, ictimai birlikləri, iqtisadiyyatı, elmi, mədəniyyəti əhatə edir".

Əli