İkinci dünya müharibəsindən sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları Layihə

İkinci dünya müharibəsindən sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları

1-ci yazı

Ermənilər Azərbaycanın tarixi torpaqlarını qəsb etmək üçün yüzillərlə hazırlaşıblar, insanlığa qətiyyən uyğun olmayan, hər cür murdar üsullardan istifadə ediblər. Bu yazıda ermənilərin ötən yüzilin ortalarında Azərbaycan torpaqlarına qarşı əsassız iddialarından danışılır. Ermənilərin məskunlaşdırılması və Azərbaycana qarşı əsassız ərazi iddialarında yeni bir mərhələni İkinci Dünya Müharibəsindən sonrakı illər təşkil edir. Bu dövrdən etibarən erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərməyə başladılar. Onlar sovet rəhbərliyinin göstərişi ilə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdülər. Lakin Türkiyə hökuməti əsassız iddiaları qətiyyətlə rədd edərək torpaq vermədi: "Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağ Muxtar Vilayətinə iddia irəli sürdü. Onun müraciəti əks olunan məktubu ÜK(b)P MK katibi Qeorgiy Malenkov 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK katibi Mircəfər Bağırova göndərib Ermənistan K(b)P MK-nın təklifi haqqında fikrini bildirməsini istədi. M.Bağırov 1945-ci il dekabrın 10-da 330 №-li məktubla ona cavab verdi. 5 səhifədən ibarət olan bu məktubda Q.Arutunovun əsassız iddiaları rədd edilirdi.
Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, Sovet rəhbərliyi əsassız erməni iddialarını rədd etsə də, onların digər istəklərini yerinə yetirdi. 1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz rayonu ərazisindən 7,6 kv. km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi. Türkiyədən ərazilər və Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin köçürülüb məskunlaşdırılması məsələsini sovet hökuməti qarşısında qaldırdı. Sovet rəhbərliyi bu təklifi bəyəndi".
Ancaq ermənilərin yerləşdirilməsi üçün Ermənistanda lazımi şərait yox idi: "Buna görə də M.Bağırov və Q.Arutunov 1947-ci ilin dekabrında İ.V.Stalinə məktubla müraciət etdilər. Onlar son illərdə Azərbaycan və Ermənistanın təsərrüfat həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq yaranmış bəzi məsələlər barəsində fikir mübadiləsi edilməsi nəticəsində Stalin qarşısında məsələ qaldırdılar. Bildirdilər ki, Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı olaraq yeni suvarılan torpaqlarda və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac yaranıb, həmçinin pambıq istehsalının çoxaldılması Azərbaycanın bu rayonlarında əhalinin artırılması məsələsini irəli sürməyi zəruri edir. Onlar bu məsələnin real həllini Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlı əhalinin həmin rayonlara köçürülməsində görürdülər. Belə hesab edirdilər ki, azərbaycanlı əhalinin köçürülməsi xarici ölkələrdən Ermənistana gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırar, boşalmış torpaq sahələrindən və mənzillərdən xarici ölkələrdən ermənilər köçürülən zaman istifadə edilə bilərdi.
Bütün bu mülahizələri nəzərə alaraq M.Bağırov və Q.Arutunov Stalindən aşağıdakı məsələlərə sanksiya verilməsini xahiş edirdlər:
1. Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsi və boşalan torpaqların və mənzillərin xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün istifadə edilməsi.
2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq, həmçinin köçürlümənin həyata keçirilməsinə rəhbərlik etmək üçün birgə komissiya yaradılmasına icazə verilməsi.
3. Bu tədbirlə bağlı xərclərin ittifaq büdcəsindən maliyyələşdirilməsi.
Kommunist Partiyası ilə fərqli ideologiya olmasına baxmayaraq, Daşnaksütyun Partiyasının 1947-ci ildə keçirilən qurultayının qəbul etdiyi 6 bənddən ibarət qərarda repatriasiya sovet hakimiyyətinin erməni diasporunu parçalamağa yönəldilən aktı kimi qiymətləndirməklə yanaşı, mühüm və siyasi iş kimi dəyərləndirilir, erməni məsələsinin digər tərəflərinin uğurlu həlli zərurəti ilə bağlanır, kütləvi repatriasiyanın xüsusən erməni torpaqlarının azad edilməsi və Ermənistan sərhədlərinin genişləndirilməsi ilə əlaqədar olduğu yazılırdı.
SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-də Kür-Araz ovalığına köçürülməsi haqqında qərarlar qəbul etdi. Bu qərarlara uyğun olaraq 1948 və 1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı zorla tarixi torpaqlarından Azərbaycan SSR-in Muğan və Mil çöllərinə köçürüldülər. Xaricdən gətirilən ermənilər isə Ermənistandan deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərinə yerləşdirildilər.
Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Belə ki, xarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi. Onlar Cənubi Qafqazda qatı millətçilik və xalqlar arasında düşmənçilik hisslərini qızışdırırdılar. Ermənistanda millətçi qrup və təşkilatların fəaliyyəti güclənirdi. 70-ci illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində milli münaqişəni qızışdırmağa cəhd etsə də, onun qarşısı alındı".
Araşdırmada bildirilir ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşirdi. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliyinə, Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdilər. Hətta Moskvaya üç nəfərdən ibarət nümayəndə heyəti də göndərilmişdi. Onlar Sov.İKP MK-ya müraciət etsələr də nəticəsi olmamışdı: "Oktyabrın 24-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan, Ermənistan KP MK Noyemberyan rayon partiya komitəsinin katibi P.Mamyan Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəldilər. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirmişdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri kənddən təxminən 3,5 km aralıda maşınları qarşılayaraq etirazlarını bildirdilər. Torpaqların verilməsinin səbəblərini soruşdular. Ş.Rasizadə bu ərazi barədə iki respublika nümayəndələrindən ibarət yaradılacaq komissiya tərəfindən son qərar veriləcəyini dedi. Əhali onları belə bir rəsmi aktı imzalamağa məcbur etdi: "Torpaq Kəmərli kəndinə məxsusdur və ondan alınmayacaq". Tələb yerinə yetirildikdən sonra əhali onları kənddən qovdu.
Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında "Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında" adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bildirdi ki, baş verən münaqişə yerli əhali arasında qeyri-sağlam millətlərarası münasibətlərin, uzun müddət yığılıb qalmış qarşılıqlı ərazi iddialarının nəticəsidir. K.Bağırov məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi: "…Sov. İKP MK bizim qarşımızda məsələni geniş planda həll etmək vəzifəsini qoyub". Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi. Mərkəzi hakimiyyət Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.
Şirnikləşən erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərirdilər. Ermənistan rəhbərliyi 80-ci illərin ortalarında xarici ölkələrdən ermənilərin Ermənistana köçürülməsi məsələsini qaldırdı. Sovet hökuməti bu təklifi bəyənərək 1985-ci il iyunun 20-də "1985-1986-cı illərdə xarici ölkələr-dən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında" qərar qəbul etdi. Bununla kifayətlənməyən Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan 1986-cı ilin noyabr ayında Sov.İKP MK-ya bir məxfi məktub yazaraq göstərdi ki, Ermənistanda sovet hakimiyyəti qurulduğu ilk illərdən Sov.İKP MK-nın qərarları ilə müxtəlif xarici ölkələrdən ermənilərin repatriasiyası həyata keçirilib, sovet hakimiyyəti illərində Ermənistan SSR-ə xaricdən 230 min nəfərdən çox erməni gətirilib. K.Dəmirçiyan, məlumata görə, Yaxın və Orta Şərq ölkələrində (İran, Suriya, Livan, İraq, İordaniya) yaşayan ermənilər içərisində Ermənistan SSR-ə daimi yaşamaq üçün gəlmək istəyənlərin olduğunu qeyd edirdi. Məktubun sonunda o, "repatriasiyanın mühüm siyasi əhə-miyyətini nəzərə alaraq Ermənistan KP MK və SSRİ Nazirlər Sovetinin 1985-ci il 25 iyun tarixli "1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında" qərarının fəaliyyət müddətinin 1990-cı ilin sonunadək uzadılmasını" xahiş edirdi. Məktubla tanış olan Sov.İKP MK katibi Y.Liqaçov 1986-cı il 22 noyabr tarixdə "MK-ya təklif hazırlayın" dərkənarı yazaraq MK-nın şöbə müdirləri N.İ.Savinkinə və Y.Z.Razumovskiyə göndərdi. Sov.İKP MK-nın inzibati orqanlar şöbəsinin müdiri N.Savinkin və MK-nın partiya-təşkilat işi şöbəsinin müdir müavini N.Zolotaryev 1987-ci il mayın 7-də MK-ya müvafiq məxfi məktubla müraciət etdilər. Məktubda deyilirdi ki, Sov.İKP MK-nın şöbələri tərəfindən sovet əhalisi içərisində mühacirət əhval-ruhiyyəsinin olması barədə təkliflər hazırlanıb. Bu materiallarda ermənilərin SSRİ-yə repatriasiya edilməsi barədə məsələyə də toxunulurdu. Qeyd edilənləri nəzərə alaraq Ermənistan KP MK-nın müraciətinə yuxarıda göstərilən bütün materialın müzakirəsi zamanı son olaraq baxılması tövsiyə olundu". Qeyd etmək lazımdır ki, SSRİ-yə köçmək istəyən ermənilər qatı millətçilər, daşnaklar idi: "Onlar özləri ilə milli münasibətlər baxımından SSRİ-nin ən zəif yer olan Cənubi Qafqaza qatı millətçilik, düşmənçilik və kin-küdurət gətirdilər. Bu zəncirdə ən zəif həlqə erməni – azərbaycanlı münasibətləri idi".

Uğur