“Ermənistan üçün Qarabağ məsələsi Qərbə tərəf meyllənməsi üçün lazımdır” Layihə

“Ermənistan üçün Qarabağ məsələsi Qərbə tərəf meyllənməsi üçün lazımdır”

Mübariz Əhmədoğlu: "Ona görə Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır"

Qabil Hüseynli: "Düşmən ölkənin vəziyyəti getdikcə çətinləşəcək"

Ermənistanda prezident seçkiləri başa çatsa da gərgin atmosfer davam edir. İqtisadi tənəzzül, eyni zamanda siyasi qrupların qarşıdurma həddində olması Ermənistan üçün müsbət gələcək vəd etmir. Belə olan təqdirdə isə təbii ki, Qarabağ danışıqlarının necə olacağı bizi düşündürür. Rusiyanın tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının qafqazşünaslıq üzrə elmi ictimai birliyinin sədri Aleksandr Krılov bildirib ki, ölkədə iqtisadi vəziyyəti yoluna qoymaq vacibdir. Onun sözlərinə, erməni dövlətinin müqəddəratı onun sosial, iqtisadi islahatları nə qədər uğurlu şəkildə həyata keçirəcəyindən asılıdır.
Krılov həmçinin proqnozlaşdırıb ki, əgər yaza qədər vəziyyət yaxşılaşmasa, ölkədə növbəti siyasi çaxnaşmalar baş qaldıra bilər. "Aydındır, bu kimi silahatlar üçün böyük pullar lazımdır. Bəs onları haradan götürməli?",- deyə qafqazşünas alim sual edib. Politoloq Qabil Hüseynli bildirib ki, Paşinyan əhaliyə çoxlu vədlər verib: "Bu vədlərin içərisində iqtisadi islahatların həyata keçirilməsi, ölkəyə xarici investisiyaların gətirilməsi, işsizliyin aradan qaldırılması, əhalinin maddi rifah halını yaxşılaşdırılması kimi köklü islahatlar var. Lakin bütün bunları yerinə yetirmək üçün Ermənistanın maliyyə vəsaiti yoxdur ". O bildirib ki, Ermənistan investisiya məsələsində də ciddi problermlərlə üzləşəcəyini indidən söyləmək olar: "Heç kim pulunu riskli zonada, riskli biznesin inkişafına sərf etməyək. Ermənilərin mühüm maliyyə qaynağı olan, xaricdə yaşayan erməni milyonerləri də artıq bu ölkəyə pul göndərməsini dayandırıblar. Çünki onlar göndərdikləri maliyyənin hara xərcləndiyini bilmək istəyirdilər".
Q. Hüseynli söyləyib ki, erməni diasporunun yardımı yalnız cüzi tədbirlər üçün yetərli ola bilər: "Böyük islahatların həyata keçirilməsi, sənaye sahələrinin yaradılması böyük məbləğdə maliyyə tələb etdiyini nəzərə alsaq, o zaman düşmən ölkənin vəziyyətinin getdikcə çətinləşəcəyi demək mümkündür".
Ermənistan dünya investorları üçün cəlbedici ölkə olmadığını xüsusi vurğulayan politoloq qeyd edib ki, investorlar yalnız yüksək yol infrastrukturu olan ölkələrə maraq göstərirlər: "Bu ölkənin dənizə açılan sahəsi yoxdur. Eləcə də dəmiryolu strukturu da çox primitiv və məhduddur. Bütün bunlar Ermənistanın qarşısında investisiyanın cəlb edilməsi baxımından ciddi çətinliklər yaradacaq".
Q. Hüseynli hesab edir ki, bütün çətinliklərin qarşısında Ermənistan vətəndaşları uzağı 6 ay gözləyə bilərlər: " Əgər bu müddət ərzində onların süfrələrində, gəlirlərində dəyişiklik olmasa narazılıq yenidən başlayacaq ki, bu da nəticə etibarı ilə müxalifət elektoratının güclənməsinə səbəb olacaq. 10-a yaxın müxalifət partiyası birləşərək blok halında birləşiblər. Onlar narazılıqları çox asanlıqla öz sıralarına çəkərək, ölkədə balanslaşdırılmış mövqelərin formalaşmasına gətirib çıxaracaq. "Qarabağ klan"ı Paşinyandan acıqlıdır. Koçaryanın həbsindən sonra İrəvanın küçələrinə etirazçılar çıxaraq onun dərhal həbsdən azad edilməsini tələb edirlər. Bu onu göstərir ki, Ermənistanda küçə yürüşləri, mitinqlərin keçirilməsi çətin olmayacaq. Küçə etirazları mexanizmləri yenidən işə düşə bilər".
Millət vəkili Musa Quliyev deyib ki, ümumiyyətlə Ermənistanda son keçirilən seçkilər işğalçı ölkənin 1990-cı illərdən bu yana keçirdiyi ən uğursuz bir seçki idi: "Erməni politoloqlar özləri də etiraf edir ki, ən az elektoratın iştirak etdiyi, qatıldığı bir seçki oldu".
Millət vəkilinin sözlərinə görə, elektorat seçkinin nəticələrinə inanmadığı halda seçkiyə biganə olur: "Artıq o bilir ki, onun səs verib-verməməsinin heç bir əhəmiyyəti yoxdur. Bu artıq birbaşa seçkilərin qeyri-demokratik keçirilməsi və saxtalaşdırılmasının göstəricilərindən biridir. Digər tərəfdən beynəlxalq təşkilatların bu seçkilərə göz yumması və adekvat reaksiya verməməsinin iki mühüm səbəbi var. Birincisi, Ermənistanın özünün beynəlxalq təşkilatlar üçün əhəmiyyətsiz bir dövlət olmasıdır. Yəni seçkilərdə kimin partiyasının qazanmasının, kimin parlamentdə çoxluq əldə etməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki morienet bir dövlətdir. Beynəlxalq təşkilatlar da yaxşı bilirlər ki, Ermənistan deyilən dövləti kimlər idarə edir. Yəni orada nə xalqın iradəsi bir rol oynamır, nə də xalqın seçdiyi seçilənlər mühüm rol oynamır. Bu mənada beynəlxalq təşkilatlar işğalçı ölkəyə o qədər barmaqarası baxırlar ki, nəticədə seçkinin kimin keçirib-keçirməməsinin heç bir əhəmiyyəti yoxdur.
Xatırlayırsınızsa, bundan öncəki seçkilərdə hətta prezidentliyə namizədə sui-qəsd olmuşdu, seçkinin nəticələrini tanımayan müxalifətə qarşı gülləbaran təşkil edilmişdi, eləcə də parlamentlərində deputatları, baş naziri və s. rəsmi şəxsləri güllələmişdilər. Təbii ki, o zaman da adekvat reaksiya olmadı. Yəni bu saat Ermənistanda hakimiyyətdə kimin olmasının o qədər də əhəmiyyəti yoxdur. Paşiyanın qrupunun seçkilərdə qalib gəlməsinə gəlincə deyərdim ki, bu tam uğursuz, hətta heç bir siyasətə dəxli olmayan bir komandadır. Düşünürəm ki, onlar qısa müddət ərzində siyasət səhnəsindən gedəcək və heç bir müsbət nəticə əldə olunmayacaq".
Politoloq Mübariz Əhmədoğlu diqqətə çatdırıb ki, Ermənistanda parlament seçkilərinin ən vacib siyasi yekunlarından biri Rusiyapərəst qüvvələrin parlamentdə təmsil olunmamasıdır: "Müstəqil Ermənistanda bu hal ilk dəfə baş verir". Onun sözlərinə görə, Paşinyanın Putini aldatması birinci müavini Mirzoyanın Rusiyanın Ermənistandakı səfiri Kopırkinlə parlament seçkilərinə hazırlığı müzakirə etməsindən başlanmışdı: "Əlbəttə Paşinyan yenə yalan danışa bilər. Onun rəhbərlik etdiyi parlament çoxluğu Rusiyanın da mövqeyini müdafiə edəcək. Paşinyanın bu yalanı təsadüfi və ya son səsvermə gününün nəticəsi deyil. Sadəcə rus ictimai-siyasi şüuru, ağlı ermənini dərk etmək gücündə deyil. Paşinyan addımbaaddım bu istiqamətdə gedirdi".
M.Əhmədoğlu deyib ki, seçki kampaniyası dövründə Ermənistanda energetika ilə bağlı "Ermənistan energetika həftəliyi-2018" adlı tədbir keçirildi və tədbirdə Ermənistanda enerji islahatlarının bərpa olunan enerji istiqamətində aparılması razılaşdırıldı. Başqa sözlə, Ermənistan energetikası yanacaq energetikasından xilas olur, alternativ və ya bərpa olunan enerjiyə keçir. Yanacaq energetikasından asılı Ermənistan, həm də Rusiya energetikasından asılı Ermənistan deməkdir: "Ermənistan zəruri ehtiyacının olmasına baxmayaraq məhz elə seçki kampaniyası dövründə "Metsatomenerqo" Rusiya-Ermənistan birgə müəssisəsini ləğv etdi. Rusiya tərəfindən heç kəs buna reaksiya vermədi. Erməni həyası o səviyyədə idi ki, bir tərəfdən Ermənistan Rusiyadan Metsamor AES-in bərpası üçün ayırdığı kreditin ödəmə müddətini daha 2 il yubatmağı xahiş edirdi, digər tərəfdən isə Rusiya ilə birlikdə yaratdığı müəssisəni ləğv etdi. Paşinyan Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakovu aşağılamaqla Qərb qarşısında özünün anti-Rusiyaçılıq istiqamətində siyasi iradəsini bir daha nümayiş etdirdi və nəticədə istədiyinə nail oldu. Qərb rəhbərliyi ATƏT və digər müşahidəçilərə Ermənistandakı seçkilərə müsbət rəy bildirmək göstərişini verdilər. Məhz səsvermədən 2 gün öncə Ermənistan polisi News.am saytının binasına soxularaq seçki ilə bağlı olan materialların video yazısını tələb edirdilər. Bu hücum beynəlxalq müşahidəçilərin diqqətini cəlb etmədi.
ATƏT/DTİHB-in Ermənistandakı növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatı tamamilə neqativ idi. Sonda ATƏT/DTİHB yalnız səsvermə günü müşahidələrin əsasında yekun nəticəni müəyyənləşdirdi. Nikol Paşinyan istədiyinə nail oldu. Parlament demək olar anti-Rusiyadır. Bu nəticəyə görə də həm ABŞ, həm Avropa İttifaqı artıq Ermənistandakı bu parlament seçkilərini təbrik edirlər.
Rusiya Ermənistanın geosiyasətindəki qeyri-müəyyənliyə son qoymalıdır. Ermənistan üçün Qarabağ məsələsi geosiyasi oyunu adı ilə tədricən Rusiyadan uzaqlaşıb, Qərbə tərəf meyllənməsi üçün lazımdır. Ona görə Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır".
Politoloq vurğulayıb ki, Rusiya yaxın vaxtlarda təbii qazının Dağlıq Qarabağa nəqlini dayandırmalıdır. Rusiya bununla beynəlxalq hüquqa hörmətini nümayiº etdirməlidir. Mehri dəmir yolunun açılmasına nail olacaqsa bu Rusiyanın uğuru hesab oluna bilər. Çünki Mehi dəmir yolunun açılması Ermənistanın Rusiyaya bağlanması deməkdir və Qərbdəkilər də bundan müəyyən nəticələr çıxaracaqlar.
Dağlıq Qarabağ məsələsində qeyri-müəyyənliyin aradan qaldırılmasına Rusiyanın təkid etməsi daha çox öz faydasınadır".

Əli