Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar Layihə

Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar

Gömrük Azərbaycan iqtisadiyyatının önəmli sahələrindəndir. Bu sahədə şəffaflığın təmin edilməsi ölkə iqtisayyatının inkişafına təsir edən ciddi amillərdəndir. Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycam mediasında daha çox mənfi mənada müzakirə olunub. Sahibkarların incidilməsi və digər neqativ hallar Gömrük Komitəsi ilə bağlı zaman- zaman tənqidlərin səslənməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin tapşırığı ilə bu qurumda islahatlara start verilib ki, bu da son zamanlar müsbət nəticələrə səbəb olur. Təsadüfi deyil ki,
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxı edən
Prezident İlham Əliyev 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edib. Yekun çıxışında 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra ediləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev həmçinin bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd olunan sahələrdə şəffaflığın, dürustluğun təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar şəffaflığın tam təmin olunması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə reallaşdırılması üçün bütün tədbirlərin həyata keçirilməsindən ibarətdir...

Struktur və kadr islahatları

Gömrük Komitəsində struktur və kadr islahatları aparılıb. Komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 Baş İdarə, Komitənin Aparatında yeni Baş İdarələr və İdarələr yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb.
Komitənin Aparatında struktur islahatları aparılmaqla, bir sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun müəyyənləşdirilib, müasir standartlara cavab verən baş idarələr yaradılıb.
O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsi, Gömrük Sərhəd Buraxlış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi yaradılıb və bu qurumlar yeni əsasnamələrlə funksiya və vəzifələrinin icrasına başlayıblar.
Eyni zamanda, digər müstəqil idarələrin də strukturu dəyişdirilərək beynəlxalq standartlara cavab verən təşkilati struktura malik idarələr formalaşdırılıb.
Onu da əlavə edək ki, gömrük işinin bütün sahələrində informasiya texnologiyaları geniş şəkildə tətbiq edilir.

Ekspertlər nə düşünürlər?

Gömrük Komitəsi sədrinin sabiq birinci müavini, siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirdi ki, 27 il ərzində Gömrük Komitəsinə ilk dəfə olaraq peşəkar maliyyəçi Səfər Mehdiyev rəhbərlik edir: "34 yaşında general rütbəsi alan Səfər Mehdiyev Türkiyədə təhsil alıb, peşəkardır və uzun müddətdir bu sistemdədir. Gömrüyün adi işçisindən sədrə qədər yüksəlib. Ona görə də, nəyi necə edəcəyini yaxşı bilir".
C.Nuriyev əlavə etdi ki, gömrükdə ciddi islahatlar başlayıb: "Prezident islahatlarla bağlı fərman vermişdi, amma proses sürətlə həyata keçirlmirdi: "İndi islahatlar sürətlə aparılır. Məsələn, "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadəyə icazələrin verilməsinin təmin edilməsi, vahid idarəetmə sisteminə keçilməsi, gömrük bəyannamsənin elektron formada doldurulması, Dövlər Gömrük Komitəsinin işçiləri ilə sahibkarların birbaşa əlaqələrinin aradan qaldırılması, gömrükdə auditin aparılması və.s. İndi bütün bunlar müasir standartlara cavab verən səviyyədə həyata keçirilməyə başlayıb.
Bundan başqa gömrükdə struktur islahatları aparıldı. Yəni çoxmərhələli proqramlar həyata keçirildi. Gömrükdə aparılan islahatlarda əsas məqsəd ondan ibarətdir ki, sahibkarlarla gömrük işçiləri arasında əlaqə tamam kəsilsin. Çünki gömrüyün adı mətbuatda mənfi obrazda müzakirə olunurdu. Ən çox korrupsiyalaşmış qurum kimi təqdim olunurdu. Düzdür problemlər var idi, amma təqdim olunan səviyyədə deyildi.
Gömrük Komitəsinin sədri çalışır ki rüşvəti aradan qaldırsın. Qısa zamanda bu problemin tamamilə aradan qaldırıması inandırıcı görünmür. Amma rüşvətə yol açan bütün maliyyə kanalları artıq kəsilir. Bəzi gömrük işçilərinin qanunun boşluğundan yararlanaraq öz maraqlarını həyata keçirməsinin qarşısı alınır. Bu, həm qanunvericilik yolu, həm də inzibati yolla reallaşdırılır. Dövlət bütün yollardan istifadə edir ki, həm daxili bazarı tənzimləsin, həm xarici ticarət dövriyyəsini yaxşılaşdırsın, həm də Gömrük Komitəsi dövlət büdcəsinə daha çox gəlir gətirsin".

Əlavə 1 milyard manat

Ekspert diqqətə çatdırdı ki, əgər Gömrük Komitəsi 8 ay ərzində əlavə 1 milyard manat əlavə vəsait toplaya bilirsə deməli Azərbaycanın Gömrük Komitəsinin potensialı böyükdür: "Yəni daha çox və düzgün çalışmaqla bu məsələləri həyata keçirmək mümkündür. Ona görə də mən bu sahədə az-çox təcrübəsi olan bir insan kimi gömrükdə çox ciddi dəyişikliklərin baş verdiyini görürəm və bu prosesin müsbət nəticələrə səbəb olacağına inanıram. İl təzə başlayıb, ona görə də nəticələri xarakterizə etmək bir qədər tezdir. Amma əminliklə proqnozlaşdırmaq olar ki, Azərbaycanın gömrüyü növbəti il üçün öz layiqli sözünü deyəcək və sübut edəcək ki, həqiqətən də gömrükdə nəinki islahatlar həyata keçirmək olar, Azərbaycan xalqına və dövlətinə ləyaqətlə xidmət etmək mümkündür".

3 milyardlıq proqnoz

C. Nuriyev əlavə etdi ki, 8 ay ərzində əldə olunan əlavə 1 milyard manatın əvvəllər rüşvət şəklində alınan vəsaitin büdcəyə daxil olması deməkdir: "Çünki həmin vəsait sahibkarlardan alınırdı, amma büdcəyə daxil olmurdu. Azərbaycan ticarət dövriyyəsində özəl sektorun payı artdıqca gömrüyün yükü də artacaq. 2019-cu ildə gömrükdən büdcəyə daxil olan vəsait 3 milyard manata yaxınlaşa bilər ki, bu da rekord səviyyə deməkdir. Dünyanın hər yerində gömrük yığımı ümumi büdcənin 8-10 faizini keçmir. Əslində Azərbaycan gömrüyündən ötən ilki yığım büdcənin 20 faizini keçib. 2017 –ci illə müqayisədə 2018-ci ildə 2 dəfə artıq vergi və rüsum toplanıb. İnanıram ki, bu il də artım davam edəcək. Çünki aparılan islahatlar nəticəsində sahibkarlığın da inkişaf etdirilməsi Azərbaycanda ticarət dövriyyəsinin sürətlənməsinə gətirib çıxaracaq. Özəl sektorun payının artması da vergiyə cəlb olunan sahibkarların sayının artması deməkdir. Gömrükdən gələn bu ilki gəlirin 3 milyard manata yaxınlaşması gözlənilir ki, bu da büdcənin 22-25 faizi deməkdir. Bunu əldə etmıək mümkündür".

Daha nələri etmək olar?

İslahatlar müsbət nəticələrə səbəb olsa da, ekspertlər hesab edirlər ki, bununla kifayətlənmək olmaz və irəliyə doğru addımlar atmaq davamlı olmalıdır.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı–ekspert Vüqar Bayramov isə diqqətə çadırdı ki, gömrük sistemi Azərbaycan üçün həm də iqtisadi təhlükəsizlik baxımdan çox vacibdir. Ekspertin fikirncə, gömrük gəlirləri büdcənin formalaşmasında xüsusi paya malikdir: "Eyni zamanda, gömrük daxili bazarın qorunması, iqtisadi gəlirlərin formalaşması baxımından vacibdir. Bu baxımdan gömrükdə islahatların aparılmasına ciddi ehtiyac var idi və nəticə etibarilə növbəti dövrdə də bu islahatların dərinləşməsi vacibdir. Sözsüz ki islahatları müsbət qiymətləndiririk. 2015-ci ildən başlayaraq, xüsusilə də son bir ildə gömrükdə prosedurların sadələşdirilməsi və idxal mallarının qeydiyyatı sahəsində xeyli işlər görülüb. Bu da nəticə etibarilə 2018-ci ildə büdcəyə əlavə olaraq 1 milyard manatdan artıq vəsaitin cəlb edilməsinə imkan yaradıb. Amma bu islahatların davam etdirilməsi vacibdir. Gömrük sisteminin elektronlaşdırılmasının davam etdirilməsinə ehtyac var. Baxmayaraq ki, gömrük bəyannamələri və digər hesabatlar elektron formada aparılır. Amma bütövlükdə prosedurlar tam olaraq elektornlaşmalıdır. Düşünrəm gömrükdə bəzi xidmətlərin ASAN xidmətlə paylaşdırılması da mümkündür. Gömrük Xidmətinin bir sıra sahələri ASAN xidmət tərəfindən də həyata keçiriə bilər. Eyni zamanda, məlumatlara çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Çünki gömrük sistemində ən çox narazılıq doğuran səbəblərdən biri, xüsusilə də idxalda diskraminasiya məsələsinin olmaması vacibdir. Yəni ədalətli şəkildə hər kəsin eyni formada vergiyə cəlb edilməsi zəruridir. Daha məqsəduyğun olardı ki, gömrük inventarı ilə bağlı məlumatlar cəmiyyətlə mütəmadi olaraq paylaşılsın məlumatlar verilsin. Bu da gömrük prosedurunun daha da şəffaflaşmasına şərait yarada bilər. Bu baxımdan elektron xidmətlərin istifadə olunması, məlumatlara əl çatanlğın genişləndirilməsi Gömrük Komitəsi əməkdaşları ilə iş adamlarının birbaşa təmaslarının minimallaşdırılması istiqamətində islahatlar davam etdirilməlidir...".

Əli Zülfüqaroğlu

Yazı "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur