“İndi hər şey Ermənistanın əleyhinədir” Layihə

“İndi hər şey Ermənistanın əleyhinədir”

Tofiq Zülfüqarov: "Paşinyan ya danışıqlar masasına qayıtmalı, ya da ondan imtina etməlidir"

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə növbəti dəfə təxribat xarakterli bəyanatlar verib. O yenə də danışıqlar prosesinə separatçıların qatılmasının vacibliyini vurğulayıb.
Azərbaycan isə məsələyə sərt reaksiya verib və bu təklifin müzakirə mövzusu olmadığını diqqətə çatdırıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda Paşinyanın təklifi rədd edilir.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Paşinyanın Brüsselə səfər uğursuz oldu: "Paşinyan demokratiyasını hərraca qoydu, amma pul vermədilər. Paşinyanın demokratiyası işğalçılığa haqq qazandırır. Dağlıq Qarabağ Azərbaycanlılarının sərbəst yerdəyişmə hüququnu tanımır. Ermənistanda mətbuatı qamçılayır. Viza liberallaşması ilə bağlı deyilənləri ümumiləşdirsək Avropa İttifaqının mövqeyində müəyyən qədər geriləmə olduğunu demək olar". Onun sözlərinə görə, Avropa İttifaqı məkanında Paşinyan Dağlıq Qarabağ məsələsinə diametral yanaşma ortalığa qoydu: "Euroaktiv" saytına verdiyi müsahibədə və Avroparlamentin beynəlxalq məsələlər komissiyasında çıxışında Paşinyan Qarabağ məsələsində ötkəmli danışırdı. Qarabağ məsələsi ilə hər şeyin sanki Ermənistanın iradəsindən asılı olduğunu nümayiş etdirirdi. Amma o, bu ötkəmliyi Avrokomissiyanın rəhbərliyi və təmsilçiləri ilə görüşəndə nümayiş etdirə bilmədi. Moqerini açıq şəkildə bildirdi ki, danışıqlarda Paşinyan tam yararlı (eks-prezidentlər Robert Koçaryan və Serj Sərkisyan kimi) və ilkin şərt sürmədən iştirak etməlidir. Yəni Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakını ilkin şərt kimi irəli sürməməlidir. Genişlənmə üzrə avrokomissar Hann ilə mətbuat konfransında "diplomatik savadlı" danışması az qala gərginlik yaradacaqdı".
Politoloq əlavə edib ki, Paşinyanın "Problemin effektiv həlli üçün Qarabağın danışıqlarda iştirakını tələb edən effektiv format yaratmaq lazımdır" "mədəni" ifadəsinə Hann kəskin şəkildə cavab qaytardı: "Yeni dialoq formatı icad etməyə ehtiyac yoxdur. Əvvəlki format yaxşıdır və Dağlıq Qarabağ tənzimlənməsi məhz bu formatda davam etməlidir. M. Əhmədoğlu deyib ki, Jan-Klod Yunker və D.Tuskun Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirləri də deməyə əsas verir ki, Avropa İttifaqı heç vaxt indiki qədər Dağlıq Qarabağ məsələsində israrlı və qətiyyətli mövqedə olmayıb: "Ermənistanın Avropadakı lobbisi, bütün Ermənistanın gücü, saxta anti-Rusiyaçılığı Avropa İttifaqının Cənubi Qafqaz siyasətini qurmaqdan uzaqlaşdırıb. Avropa İttifaqı indi başa düşür ki, qonşusu Cənubi Qafqazda baş verənlərə nəzarət etməsə kifayət qədər təhlükəli proseslər baş verə bilər". "Avropa İttifaqı çox vacib enerji resurslarından və kommunikasiya imkanlarından məhrum ola bilər. Avropa İttifaqının rəhbərliyi indi artıq Ermənistanı tanıyır. Ona görə də Paşinyanın hoqqaları effekt vermədi. Paşinyanın intellekt sahibi olmaması onun xeyrinə işləyir. Çünki Ermənistanda və onun ətrafında nəyin baş verdiyini qətiyyən başa düşmür. Elə başa düşür ki, hər şey onun istədiyi kimi gedir. Biz də Paşinyanı intellektual hesab etmirik. Paşinyanı savadlı hesab etsək onun ifadələrindəki ikimənalılığa istinad edəcəyik. Məsələn, "Qarabağ danışıqlarda iştirak etsin deyəndə, Aran Qarabağın da danışıqlarda iştirakını arzulayır" kimi başa düşəcəyik. Amma hələlik Mnatsakanyandan öyrəndiyi 2-3 diplomatik ifadə Paşinyanın beynini çalxalayır".
Politoloq Tofiq Zülfüqarov bildirib ki, həmsədrlərin səsləndirdiyi bəyanat Ermənistanın əleyhinədir. Onun sözlərinə görə, Paşinyanın səsləndirdiyi fikirlərdən sonra belə bir bəyanat verildi: "Çünki Azərbaycan öz mövqeyində qətidir. ATƏT-in bəyanatında da vurğulanır ki, tərəflərdən birinin razılığı olmadan danışıqların formatında hər hansı dəyişiklik edilə bilməz. İndi hər şey Ermənistanın əleyhinədir. Paşinyan çox pis vəziyyətə düşüb. O, iki yoldan birini seçməlidir, ya danışıqlar masasına qayıtmalı, ya da ondan imtina etməlidir. Hər iki durum Ermənistanın əleyhinə işləyən amildir. Çox güman ki, Nikol Paşinyan danışıqlardan imtina etməyə cəhd göstərəcək. Belə olan halda vəziyyət daha da gərginləşəcək. Ermənistanın danışıqlardan imtina etdiyi təqdirdə güc yolundan istifadə olunub-olunmamasını yaxın gələcəkdə biləcəyik".
Millət vəkili Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq: "Çünki Azərbaycan buna əsla imkan verməyəcək və ən son həyata keçirilən diplomatik həmlələr qısa müddətdə öz nəticələrini verməkdədir. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını da elə bu kontekstdə qiymətləndirmək lazımdır. Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illuziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipuliyasiya edə biləcək". Deputatın sözlərinə görə, Paşinyanın baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç Ermənistanın özündə inanmırlar: "Bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgərləri Ermənistan vətəndaşıdırlar. Paşinyan diplomatiyada autizm-simuliyasiya deyilən xəstəliyə düçar olub və onun iddialarına özündən başqa heç kəs reaksiya vermir. Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatında da onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəçilikdən irəli gəlir. BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək. Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və münaqişənin həlli uzanır. ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqı rəsmiləri ilə son görüşlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələ ilə bağlı ciddi narahatlığını bildirdi və dərhal sonra biz həmsədrlərin bəyanatının şahidi olduq. Bəyanatda bir daha bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz. Bu bəyanat və onun məzmununda ifadə olunan fikirlər Paşinyanın populist siyasətinin iflasıdır və bundan sonra substantiv danışıqlar baş tutmazsa, Azərbaycan tərəfinin daha radikal addımları ilə üzləşə bilər. Belə addımlara isə işğalçı ölkəyə yaxşı bələddir. Çünki 2016-cı və 2018-ci il hadisələrini unutmaq mümkün deyil".
Politoloq Qabil Hüseynli vurğulayıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərin son bəyanatının müsbət tərəfi münaqişə tərəflərinin danışıqlara dəvət edilməsi və danışıqlar formatının müəyyənləşdirilməsidir: "Paşinyan tez-tez qondarma separatçı rejimin danışıqlara dəvət edilməsi və danışıqlar formatının dəyişdirilməsini ilə bağlı fikirlər irəli sürürdü. Hətta təkidlə bildirirdi ki, bu format olmasa, danışıqlara getməyəcək. Amma həmsədrlərin son bəyanatı bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır". Bəyanatda bir sıra məsələlərin sadalandığını deyən politoloq söyləyib ki, həmsədrlər sənəddə Dağıq Qarabağ hüdudlarından kənarda yerləşən 7 rayonun işğaldan azad edilməsi, bunun müqabilində Dağlıq Qarabağa keçici statusun verilməsi, həmçinin bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi ilə bağlı fikirlər sadalanır. Q.Hüseynlinin sözlərinə görə, ATƏT-in Minsk qrupu da Azərbaycanın mövqeyini müdafiə edir: "Amma bütövlükdə proseslərin sonrakı inkişafı, xüsusilə ərazi bütövlüyü məsələsi ilə millətlərin öz müqəddəratının təyin etməsi prinsipi çox ciddi sürətdə vurğulanır. Bəyanatda ərazi bütövlüyü məsələsi ön plana çəkilir". Politoloq qeyd edib ki, Avropa İttifaqı, ATƏT-in Minsk qrupu qabaqcadan irəli sürülən şərt olmadan tərəflərin əvvəlki formatda danışıqlara getməsini tövsiyə və hətta tələb edir: " Bu isə Paşinyanın səfeh fikirlərini alt-üst edilməsi deməkdir. Bütün bunlar bir daha göstərir ki, şərt qoyulmadan danışıqlara başlanılmalıdır. İndi hər şey Ermənistanın Minsk qrupunun tələbinə necə cavab verməsindən asılı olacaq".
Ermənistanın bundan sonra da qeyri adekvat addımlar atmasının istisna edilmədiyini dilə gətirən Q. Hüseynli vurğulayıb:"Çünki Paşinyan dəfələrlə bildirib ki, o Qarabağ ermənilərinin adından danışa bilməz. Bu, əlbəttə ki boşboğazlıqdır. Əgər Ermənistan ordusu işğal prosesində iştirak edibsə və Azərbaycanın 20 faiz torpaqları onların nəzarəti altındadırsa o zaman Paşinyanın fikirləri onun nə qədər prinsipsiz olduğunu aydın şəkildə ortaya qoyur". Azərbaycan və Ermənistan liderlərinin görüşünə gəlincə, politoloq bildirib ki, Azərbaycan tərəfi həmsədrlərin bəyanatını müsbət qarşıladığını bildirsə də, Ermənistan tərəfi hələ də buna reaksiya verməyib: " Əgər qısa zamanda Ermənistan tərəfindən cavab verilməsə, bu o deməkdir ki, onlar tamamilə başqa taktika seçiblər və danışıqlar prosesinə etiraz edirlər. Azərbaycan bu gündən başlayaraq çox geniş miqyaslı təlimlərə başlayıb. Bu o deməkdir ki, ölkəmiz Paşinyana zaman vermək fikrində deyil, artıq əsəblər tarıma çəkilib və bölgədə müharibə riski artır".

Əli