“Ölkəmiz Paşinyana zaman vermək fikrində deyil” Layihə

“Ölkəmiz Paşinyana zaman vermək fikrində deyil”

Qabil Hüseynli: Artıq əsəblər tarıma çəkilib və bölgədə müharibə riski artır”

Ermənistan Dağlıq Qarabağ problemi ilə bağlı ənənəvi siyasətini ddavam etdirir. İşğalçı ölkənin siyasi rəhbərliyinin danışıqlarla bağlı təzadlı fikirlri müşahidə olunur. Eyni zamanda, öz araıarında da kəskin fikir ayrılıqlarının və parlçalanmaların olduğu görünür.

Politoloq Mübariz Əhmədoğlu bildirib ki, Şuşanın işğalının növbəti ildönümündə Serj Sərkisyan və Nikol Paşinyan eyni vaxtda Dağlıq Qarabağda oldular: “İrəvanda onların arasında mütəmadi əlaqələri istisna etmirik”. O deyib ki, N.Paşinyanın əlində olan ATƏT-in Minsk Qrupunun tərtib etdiyi tənzimlənmə variantı ermənilərin maraqlarının tam əksinə olan bir variantdır. N.Paşinyanın yalnız ümummilli məsələlərə görə ortada olan tənzimlənmə variantını açıqlamadığını bildirdi: "Ermənistanın Dağlıq Qarabağ məsələsində iflasa uğraması və Ermənistanın iflasa uğramasının məsuliyyətinin Paşinyanın boynuna düşməməsi üçün Paşinyan eks-prezident SerjSərkisyanla əməkdaşlıq edir. Onun Dağlıq Qarabağda Serj Sərkisyanla bir yerdə olduqdan sonra verdiyi bəyanatlarda ən azı 2 məsələ kifayət qədər diqqəti çəkir. Bunlardan biri “Dağlıq Qarabağ xalqı” terminini istifadə etməsidir. Digəri isə danışıqların yeni dövriyyəsinin başlanmasıdır. Hər 2 məsələ vaxtı uzatmağa yönəlib".

M. Əhmədoğlu bildirib ki, Serj Sərkisyan Paşinyanı başa salıb ki, yalnız “möcüzə” Ermənistanı xilas edə bilər. “Möcüzəni gözləmək” üçün isə müəyyən vaxt lazımdır: "Amma bu vaxtın çərçivəsi bəlli deyil. Paşinyan eynilə Serj Sərkisyanın getdiyi yolu təkrarlamaq məcburiyyətindədir. Yeni danışıqlar dövriyyəsinə heç kəs Paşinyana imkan verməyəcək. Paşinyan yeni olduğu üçün beynəlxalq aləm ona müəyyən vaxt limiti ayırıb. Paşinyan beynəlxalq ictimaiyyətin ona ayırdığı vaxt limitindən uğurla istifadə etməyə çalışmalıdır. Serj Sərkisyanın dediyi vaxt Paşinyanın özünü də, rəhbərlik etdiyi Ermənistanı da iflasa aparır. İkincisi, “Dağlıq Qarabağ” adlı xalq yoxdur, Serj Sərkisyan bunu sübut edə bilmədi".

Politoloq bildirib ki, Paşiyan Sərkisyan deyil. Həm zaman tam fərqlidir. Ermənistan əvvəlki Ermənistan deyil. Serj Srkisyan N.Paşinyanın iflasına ancaq sevinəcək: “Dağlıq Qarabağ xalqı”, “Artsax” (Dağlıq Qarabağ) xalqı”, “Dağlıq Qarabağ erməniləri” etnonimləri mövcud deyil. Paşinyanın əlində olan sənədlərdə “Dağlıq Qarabağ əhalisi” termini istifadə olunur, Dağlıq Qarabağın taleyini də yalnız Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Ona görə Paşinyan indi Dağlıq Qarabağ ermənilərinin ayrıca bir xalq olduğunu sübut etmək üçün yalnız Don Kixotluqla məşğul olmalıdır. Dağlıq Qarabağ ermənilərinin Ermənistan ermənilərindən fərqli millət olduğu özü kifayət qədər riskli anlayışdır. Bu ifadəni Qarabağ klanın təmsilçiləri işlədə bilərlər, amma Yerevan təmsilçisinin işlətməsi gələcəkdə çox ciddi nəticələrə gətirib çıxara bilər. Məhz Paşinyana diasporla Ermənistan, eləcə də Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında nifaq salmaqda əlavə ittihamlar irəli sürülə bilər. Dağlıq Qarabağ problemini həll etməzsə, Paşinyan və Ermənistan məhv olacaq. Dağlıq Qarabağ probleminin yaxında həlli Ermənistanı xilas edəcək. Amma Paşinyan üçün risk yaradacaq. Paşinyan bu riski minimallaşdıra bilər".

Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir: “Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər. Bu proses dayanmır. Paşinyan separatçıların liderini Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir". Politoloqun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ klanını” Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub: "Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var – eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanının” intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanını” canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar.

Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Dağlıq Qarabağ separatçıları Robert Köçəryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan buna razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırki lideri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!”

Paşinyanın daima Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanını” Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir.

2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək. Bako Saakyan namizəd olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdilər. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezident” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar.

Bu arada, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə bu Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir".

Politoloq İlqar Vəlizadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla əlaqədar görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistanın siyasi rəhbərliyi tərəfindən təzadlı fikirlər də davam etməkdədir. Onun sözlərinə görə, hətta Ermənistan rəhbərliyi bütün narazılıqlara baxmayaraq, danışıqlar prosesinə qondarma rejimin qatılması fikrindən də yayınmaqdan əl çəkmir: “Bütün bunlar onu göstərir ki, Ermənistan münaqişənin həlli istiqamətində konkret addımlar atmaq niyyətində deyil. Doğrudur danışıqlarla bağlı aparılan görüşlərdə müsbət məqamlar var. Amma bu məqamlar prosesi olduğu vəziyyətdən çıxarmağa imkan vermir”.

Politoloq söyləyib ki, Ermənistanın problemin həlli istiqamətində vaxt uzatması göz qarşısındadır: “Danışıqlar prosesində hansısa mövzular müəyyən edilir və bus istiqamətdə hansısa fikir razılığına gəlinsə də, Azərbaycan tərəfinə problemin həlli istiqamətində konkret nəticələr lazımdır. Razılıqlar cəbhə xəttində, real vəziyyətdə öz əksini tapmalıdır. Amma bu, yoxdur”.

İ. Vəlizadə qeyd edib ki, nəticələr danışıqlarla bağlı aparılan müzakirələrin səmərəsiz olduğunu göstərir: “XİN başçısı Elmar Məmmədyarov da son açıqlamasında bildirdi ki, Azərbaycan hələ də substansiv danışıqların aparılmasını gözləyir. Bu da o deməkdir ki, Ermənistan danışıqların substansivləşməsinə meyl göstərmir. Bu da əlbəttə ki Azərbaycan üçün vaxt itkisidir”. Politoloq vurğulayıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslər hərb yolunu qaçılmaz edir.

Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupu həmsədrlərin son bəyanatının müsbət tərəfi münaqişə tərəflərinin danışıqlara dəvət edilməsi və danışıqlar formatının müəyyənləşdirilməsidir: “Paşinyan tez-tez qondarma separatçı rejimin danışıqlara dəvət edilməsi və danışıqlar formatının dəyişdirilməsini ilə bağlı fikirlər irəli sürürdü. Hətta təkidlə bildirirdi ki, bu format olmasa, danışıqlara getməyəcək. Amma həmsədrlərin son bəyanatı bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır”. Politoloqun sözlərinə görə, bəyanat göstərdi ki, ATƏT-in Minsk Qrupu da Azərbaycanın mövqeyini müdafiə edir...

Politoloq qeyd edib ki, Avropa İttifaqı, ATƏT-in Minsk Qrupu qabaqcadan irəli sürülən şərt olmadan tərəflərin əvvəlki formatda danışıqlara getməsini tövsiyə və hətta tələb edir: “Bu isə Paşinyanın səfeh fikirlərini alt-üst edilməsi deməkdir. Bütün bunlar bir daha göstərir ki, şərt qoyulmadan danışıqlara başlanılmalıdır. İndi hər şey Ermənistanın Minsk Qrupunun tələbinə necə cavab verməsindən asılı olacaq”. Ermənistanın bundan sonra da qeyri adekvat addımlar atmasının istisna edilmədiyini dilə gətirən Q. Hüseynli vurğulayıb ki, çünki Paşinyan dəfələrlə bildirib ki, o, Qarabağ ermənilərinin adından danışa bilməz: “Bu, əlbəttə ki boşboğazlıqdır. Əgər Ermənistan ordusu işğal prosesində iştirak edibsə və Azərbaycanın 20 faiz torpaqları onların nəzarəti altındadırsa o zaman Paşinyanın fikirləri onun nə qədər prinsipsiz olduğunu aydın şəkildə ortaya qoyur”. Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünə gəlincə, politoloq bildirib ki, Azərbaycan tərəfi həmsədrlərin bəyanatını müsbət qarşıladığını bildirsə də, Ermənistan tərəfi hələ də buna reaksiya verməyib: “ Əgər qısa zamanda Ermənistan tərəfindən cavab verilməsə, bu o deməkdir ki, onlar tamamilə başqa taktika seçiblər və danışıqlar prosesinə etiraz edirlər. Azərbaycan bu gündən başlayaraq çox geniş miqyaslı təlimlərə başlayıb. Bu o deməkdir ki, ölkəmiz Paşinyana zaman vermək fikrində deyil, artıq əsəblər tarıma çəkilib və bölgədə müharibə riski artır”.

Əli