İrəvan xanlığında əhalinin etnik və say tərkibi Layihə

İrəvan xanlığında əhalinin etnik və say tərkibi

Statistik məlumatlar sübut edir ki, xanlıq əhalisinin etnik cəhətdən çoxunu Azərbaycan türkləri, çox az hissəsini isə ermənilər təşkil etmişdir

2-ci yazı

Məşhur sərkərdə və dövlət xadimi Nadir şah Əfşarın (1736-1747) XVIII əsrin 30-cu illərin əvvəllərində tarix səhnəsinə çıxması, onun osmanlılarla apardığı müharibələr, şah seçildikdən sonra ölkədə həyata keçirdiyi inzibati-ərazi dəyişikliyi, ağır vergi siyasəti İrəvan əyalətinin quruluşuna və əhalinin say tərkibinə mənfi təsir göstərmişdir. Məsələn, 1735-ci ilin sentyabrında Nadir İrəvan əyalətini osmanlı hakimiyyətindən geri alarkən, bu əyalətdən 300 ailəni Xorasana köçürmüşdü. Əgər nəzərə alsaq ki, İrəvanda hakimiyyət Səfəvi şahlarının təyin etdiyi, Nadirə müxalif Qacar tayfasına məxsus hakimlərin əlində idi, onda köçürülənlərin Qacar ailəsinə məxsusluğunu qeyd etmək olar. Köçürmə siyasəti yeritməklə Nadir şah əyalətlərdə özünə düşmən qüvvələri zəiflətmək, Xorasanda belə qüvvələri nəzarət altında saxlamaq məqsədi güdürdü. Digər tərəfdən, Nadir şahın ölkədə apardığı inzibati-ərazi islahatı İrəvan əyalətinin ərazisini xeyli azaltmışdı.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayev İrəvan xanlığı ilə bağlı araşdırmasında İrəvan xanlığı əhalisinin say durumu haqqında mənbə və tarixi ədəbiyyatda əksini tapmış konkret rəqəmləri nəzərdən keçirir. İngilis tarixçisi J.Peri yazır ki, Kərim xan Zəndin (1759-1779) hakimiyyəti dövründə İrəvan şəhərində əhalinin sayı 20.000-ə çatırdı. XVIII əsrin 80-ci illərində Rusiya dövlətinin Kartli-Kaxetiya sarayındakı nümayəndəsi S.D.Burnaşov İrəvan xanlığında 3.000 xristian ailəsinin yaşadığını qeyd etmişdi. Təəssüf olsun ki, müəllif Azərbaycan türklərinin sayı haqqında heç nə yazmır. S.Bronevski XIX əsrin əvvəllərində İrəvan xanlığında 18.000 ailənin yaşaması haqqında məlumat verirdi. Əgər hər bir ailə üzvü beş nəfərdən hesablansa, xanlığın əhalisinin təxminən 90 min nəfərdən ibarət olduğunu qeyd etmək olar. P.Butkovun verdiyi məlumat isə daha çox maraq doğurur. O, Azərbaycanda yaşayan erməni əhalisinin sayına toxunarkən təkcə İrəvan xanlığında 3000 erməninin yaşadığını göstərmişdi. 1813-cü ildə İrəvanda olmuş İrandakı ingilis səfirliyinin katibi Moryerin yazdığına görə, xanlığın 100 minlik əhalisinin 18.700 nəfəri 15 yaşından 50 yaşına qədər olan kişilər təşkil etmişdir. İkinci Rusiya-İran müharibəsinin iştirakçısı M.E.Koçebuya görə, 1826-cı ildə İrəvan xanlığında 15.800 ailə yaşayırdı. Bunlardan 12.000 ailə azəri türklər, 3.800 ailə isə ermənilər idi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, baş komandan, İrəvanın işğalını başa çatdırmış Paskeviç mərkəzə göndərdiyi məlumatında İrəvan xanlığında 1827-ci ildə 10.000 Azərbaycan türkü, 3.000 erməni ailəsinin yaşadığını qeyd etmişdi. Beləliklə, göstərilən bu statistik məlumatlar bir daha sübut edir ki, xanlıq əhalisinin etnik cəhətdən əksəriyyətini Azərbaycan türkləri, çox az hissəsini isə ermənilər təşkil etmişdi.

İrəvan xanlığının mahallarından olan və müharibələr nəticəsində ondan alınaraq müstəqil sultanlığa çevrilən Pəmbək və Şuragöl mahallarının əhalisi bu statistik rəqəmlərə daxil edilməmişdir. Pəmbək və Şuragöl mahalları sərhəddə yerləşdiyindən Rusiya-İran müharibələri dövründə hərbi əməliyyatlar meydanına çevrilmişdi. Bu səbəbdən Pəmbək və Şuragöl əhalisinin sayı tez-tez dəyişirdi. Statistik məlumata görə, 1804-cü ildə Pəmbəkdə 2832 kişi cinsindən olan əhali qeydə alınmışdı. Bunlardan 1529- u Azərbaycan türkü, 926-ı yerli erməni, 377-i isə gəlmə erməni idi. 1826-cı ildə buranın 22 kəndində 208 Azərbaycan türkü, 547 erməni həyəti qalmışdı.

Şuragöl mahalında da vəziyyət eyni cür idi. XVIII əsrin birinci yarısında Nadir şahın hakimiyyəti dövründə aparılmış kameral siyahıyaalınmaya görə, Şuragöl mahalında 109 kənd qeydə alınmışdı. Bu kəndlərin hamısı Azərbaycan türklərinin olmuşdu. 1805-ci il məlumatında Budaq sultanın hakimiyyəti altında 524 ailə, yaxud 2773 nəfərin yaşadığı göstərilir. Müharibələrlə əlaqədar olaraq, 1809-cu ildə burada 250 ev qalmışdı. Gülüstan sülh müqaviləsi bağlandıqdan sonra əhalinin geri qayıtması nəticəsində Şuragöldə ailələrin sayı yenidən çoxalaraq 1000-ə çatmışdı. 1826-cı ildə Şuragölün 16 kəndində 176 Azərbaycan türkü, 529 erməni ailəsi yaşamışdı. 1826-1828-ci illərdə baş vermiş sonuncu müharibə dövründə burada ailələrin sayı kəskin surətdə aşağı düşərək 200-ə qədər azalmışdı. Gətirilən rəqəmdən görmək olar ki, vaxtilə Azərbaycan türklərindən ibarət olan əyalət Rusiya nəzarətinə keçdikdən sonra ermənilərlə doldurulmuşdu. Artıq 1830-cu ildə Şuragöldə erməni kəndlərinin sayı 10-a çatmışdı. Ədrnə sülh müqaviləsindən sonra bura Osmanlı ərazisindən ermənilər köçürülmüşdü.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, sadalanan faktlar İrəvan xanlığı işğal olunduqdan sonra burada həyata keçirilən kameral siyahıyaalınmada əhalinin sayının düzgün hesablanmadığını göstərir. Xanlıqda maldarlıqla məşğul olan və köçəri həyat sürən elatların sayı haqqındakı məlumat da şübhə doğurur. Məhəmmədhəsən Vəlili (Baharlı) yazır ki, «Köçəri əhalinin miqdarı düz deyildir. Çünki siyahı tutulan vaxt bunların çoxu oturaq məhəllələrdən uzaq qışlaqlarda bulunurdular, o səbəbə siyahıya düşməmişlər». M.Vəlilinin (Baharlı) hesablamalarına görə işğaldan əvvəl İrəvan xanlığında əhalinin sayı 115.000 nəfər olmuşdur.

Qeyd etmək lazımdır ki, Türkmənçay müqaviləsindən sonra 1828-ci il martın 21-də çarın verdiyi fərmanla Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək hər iki xanlığın daxil olduğu «Erməni vilayəti» yaradılmışdı. Köçürülən erməni ailələrinin bir hissəsi bu vilayətdə yerləşdirilmişdi. 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmaya əsasən, İrəvan xanlığında yaşayan əhalinin etnik və say tərkibini nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, İrəvan xanlığında əhali əsasən şəhər və kəndlərdə yaşayırdı. Kameral siyahıyaalınmada İrəvan xanlığında bir şəhər, 15 mahalın olduğu göstərilsə də, siyahıyaalınmanın təhlili şəhər və kəndlərin sayınının hərtərəfli əhatə etmədiyini ortaya çıxarır. Kameral təsvirdə diqqəti cəlb edən əsas məsələlərdən biri vaxtilə yerli əhalinin yaşadığı və tamamilə dağıdılmış kəndlərdir. Bu kəndlərdə heç bir yaşayış qeydə alınmamışdı. Bundan əlavə, yaşayış qeydə alınan kəndlərin xeyli hissəsində də yerli əhali göstərilməmiş, boş qalmış kəndlərə isə Cənubi Azərbaycandan, İrandan və Osmanlı dövlətindən köçürülən ermənilərin yerləşdirilməsi ilə kifayətlənmişdi.

Qeyd etmək yerinə düşərdi ki, tərtib edilmiş siyahıyaalınmada xanlıqda əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri «müsəlman» adı altında göstərilmişdi. Müsəlmanlar əsasən azəri türklərindən və kürdlərdən ibarət idi. Qaynaqda müsəlmanlar müxtəlif tayfa və cəmiyyətlər adı şəklində öz əksini tapmışdı. Azərbaycan türkləri qacar, bayat, qazax, qarapa- paq, ayrum və başqaları olmaqla 18, kürdlər isə 14 tayfa kimi qeyd olunmuşdu.

İrəvan əhalisinin əksəriyyəti əsasən qacarlar idi. A.Bakıxanov əsərində yazırdı: «İrəvan... əhalsi və əmirlərinin çoxu qacar nəslindən olduğu üçün... dağıstanlılar bu ərazi sakinlərinə indi də qacar deyirlər». R.İsmayılov «Azərbaycan tarixi» əsərində bu fikri təsdiqləyərək qeyd edir ki, «Dağıstan ləzgiləri. İrəvan. əhalisini indiyədək «Qacar» deyə adlandırırlar». Kürdlərin hamısı, azəri türklərinin bir hissəsi yaylaq-qışlaq həyatı keçirən maldarlıqla məşğul olurdu.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında qeyd olunur ki, kameral təsvirdə xanlıq dövründə və işğaldan sonra əhalinin sayı müqayisəli şəkildə göstərilmişdi. Əvvəlcə xanlıq dövründə əhalinin sayını nəzərdən keçirək. Bu dövrdə İrəvan şəhərində 2.400, kəndlərdə isə 11.000 ailə yaşamışdı. Lakin burada oturaq əhalidən başqa, köçəri həyat sürən və maldarlıqla məşğul olan 2.984 kürd ailəsi də vardı. Beləliklə, bütün xanlığın əhalisi 16.384 ailə və yaxud 81920 nəfərdən ibarət olmuşdu.

Rus qoşunları tərəfindən işğal olunduqdan sonra İrəvan şəhəri tanınmaz şəkildə dağıntıya və güclü insan tələfatına məruz qalmışdı. Hadisələri öz gözləri ilə görən şahidin yazdığına görə, «Hücumdan sonra İrəvanın görünüşü çox dəhşətli idi. Dağıdılmış evlər tüstülənirdi. Qalanın cənub-şərq hissəsinə gedərkən dağıdılmış divar və qüllələrdən təəccübləndim. Mənə elə gəlirdi ki, mühasirə toplarının dörd gündə gördüyü işi, heç Allahın özü dörd əsrdə görə bilməzdi». Məhz bunun nəticəsində şəhər əhalisinin sayı xeyli azalmışdı. Əgər işğaldan əvvəl şəhər əhalisinin sayı 2.400 ailə idisə, işğaldan sonra bu rəqəm 2374-ə qədər azalmışdı. Bu ailələrin 802-si İrəvan şəhərinin «Şəhər», 594-ü «Təpəbaşı», 411-i isə «Dəmirbulaq» məhəlləsində yaşayırdılar. Ailələrin 3749-u kişi, 3582-si qadınlardan ibarət idi. Ümümilikdə, Azərbaycan türklərinin sayı 7331 nəfər təşkil edirdi. Erməni əhalisinə gəldikdə isə 521 yerli erməni ailəsi və yaxud 2174 nəfər qeydə alınmışdı. Erməni ailələrinin tərkibi 1119-u kişidən, 1055-i isə qadından ibarət idi. İrəvan şəhərində sayı 195 nəfərdən ibarət olan 46 qaraçı ailəsi yalnız «Təpəbaşı» məhəlləsində yaşayırdı. Beləliklə, siyahıyaalınmada İrəvan şəhərində 2751 ailə və yaxud 11463 nəfərin olması qənaətinə gəlinib. Bunlardan 5897-i kişi, 5566-ı isə qadın idi.

Elçin Qaliboğlu