Ağdaban faciəsi – 28 il Layihə

Ağdaban faciəsi – 28 il

Azərbaycanın Kəlbəcər rayonunun işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.
O Ağdaban kəndi ki, son Qarabağ savaşında iki dəfə erməni silahlıları tərəfindən soyqırıma məruz qalıb. Faciə zamanı ağlagəlməz, insanlığa sığmayan vəhşiliklər edilən Ağdaban kəndində kütləvi qırğın törədilib. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırıma "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər. Bu, başqa bir mövzunun müzakirəsi olduğundan üzərində çox dayanmırıq.
Ağdaban faciəsi bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə nəticələnib.
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər.
Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.
Məlum olduğu kimi 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər. Bəli, Ağdaban kəndi mühasirəyə alınmışdı.Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.
Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.Xalqın iradəsiylə "Kəlbəcərin müdafiəsinə fövqəl`adə yardım komitəsi" yaradıldı. Komitə qısa müddət ərzində böyuk tədbirlər həyata keçirdı.Orduya kömək xeyli artırıldı.Əhalidə müdafiə olunacağına ümid yarandı.Rayon əhalisinin ciddi tə`kidi ilə Kəlbəcərə göndərilən polkovnik/indi general Zaur Rzayev briqada komandiri və hərbi komendant tə`yin edildi.Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.
Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışlar.
Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırlayırdılar.
Faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etmədilər. Ağdaban camaatı kəndi yenidən bərpa edib yaşamağa başladılar. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə admışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.

Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv etdilər.

Faciə şahidlərini dinlədikcə Ağdabanda yaşananları insanın etiraf etməsinə, dilə gətirməsinə, qələmə almasına belə gücünün yetmədiyini də düşünürsən. Bu, gerçəkdir. Ağdabanda yaşanan faciə bir millətin məhv edilməsinə qarşı məqsədyönlü şəkildə törədilmiş böyük bir soyqırımın tərkib hissəsidir. Çünki erməni qəsbkarları tərəfindən bir gecədə bir kəndin yer üzündən silinməsinə yönəlmiş törədilənləri başqa sözlərlə, ifadələrlə anlatmaq, məncə, həm ədalətsizlik, həm də xəsislik olardı. Tək bu kənddə törədilənlərlə bağlı Ermənistana qarşı xeyli sayda cinayət işinin yönəldilməsi və bu istiqamətdə işğalçı dövlətin beynəlxalq tribunalarda ittiham edilməsi onların iç üzünün, saxta, yalançı diplomatiyasının faş olunmasının və uzun illərdən bəri yaratdıqları "məzlum" maskalarının yırtılmasının əsl səhnəsi olardı.
Şahidlərdən biri yazırdı ki, biz qırğından əvvəl kənddən çıxmışdıq. Silah və ərzaq gətirmək üçün rayon mərkəzinə getmişdik. Kəndə geri qayıdanda gördüyüm dəhşətlər hələ də gözlərimin önündən getmir, unuda bilmirəm. Desəm ki, hər tərəf dəhşət saçırdı... Bu, inanın ki, bəlkə də ən yumşaq sözlər olardı. İnsanlara sağ qalmaq üçün aman verməmişdilər. Heç kəsə mərhəmət etməmişdilər. Qocasına, ağsaqqalına, ağbirçəyinə, uşağına, qadınına... Heç kimsəyə... Kəndi yandırıb viranəyə, xarabazara çevirmişdilər. Həmin mənzərəyə baxanda insanın ağlına gələn ancaq bu olur - Ağdabana ancaq intiqam almaq üçün girmişdilər. Kənddəki faciədən qalan bunlar idi - qırğın, ölüm, qətl, talan, qarət, əsir götürmə...
...Uzun zamandır içimdə gəzdirdiyim o anları unuda bilmirəm. Gücüm çatmır... O gündən sanki ürəyimdə KÖZ gəzdirirəm. Bu günədək sönməyən KÖZ. Bu, sönməsini daima hər şeydən çox istədiyim KÖZdür...
1993-cü il mart ayının 27-də isə erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı Ağdaban kəndindən başlayıblar. Erməni silahlıları Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranə qoyublar. Beləliklə də, erməni separatçıları son Qarabağ savaşında Ağdaban kəndində ikinci faciəni törədiblər.
Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyəsi haqqında" Paris Konvensiyasının müddəalarını pozaraq işğal etdilkəri bütün torpaqlarımızda mədəni sərvətlərimizi talayıb. Ağdaban kəndində də son Qarabağ savaşı zamanı ərazinin işğalı, əhalinin soyqırımı ilə yanaşı, bütün maddi, mədəni, milli sərvətlərimiz talan edilib, dağıdılıb.
Qədim Kələbəcər torpağının, xalqımızın böyük ustadı Aşıq Şəmşirin və Ağdabanda şəhid olmuş övladlarımızın ruhuna, eyni zamanda, qazi olmuş, soyqırımda əsir düşmüş soydaşlarımızın anısına ithafla...
Tarix yaşanan, baş verən və yazılandır...
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

Cavid