Ana dili uğrunda aparılan mübarizə öz nəticəsini verir Güney Azərbaycan

Ana dili uğrunda aparılan mübarizə öz nəticəsini verir

Ruhaninin müavini güneyli soydaşlarımıza bu hüququn tanınacağını bildirib
İran rejimi uzun illərdir azərbaycanlıların Milli Hərəkat çərçivəsində apardıqları dinc müvbarizə ilə üz-üzədir.
Bu mübarizə ən ibtidai haqların tələbindən tutmuş milli haqlara qədər bütün hüquqların təmini uğrunda irəliləyib. Amma İran rejimi bu günə qədər inkarçılıq siyasətindən əl götürməyib, lakin ana dilində təhsillə bağlı artıq millətin tələbləri dilə gətirilməkdədir.
Bu dəfə prezident Ruhaninin daha bir müavini İlham Əminzadə qeyri-farslara ana dilində təhsil almaq hüququnun tanınacağından danışıb. O, İran konstitusiyasının 15-ci maddəsinin icra ediləcəyini bildirib. İlham Əminzadə Əlborz vilayətində vəkillərin birinin 15-ci maddə barədə sualının cavabında deyib ki, 15-ci maddə bütün ciddiyyətilə icra ediləcək. O, İran türklərinə də (İran rəsmiləri indiyədək güneyli soydaşlarımızı azəri adlandırırdılar - red.) bu hüququn tanınacağını bildirib.
Qeyd edək ki, bu istiqamətdə qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələlər üzrə İran prezidentinin müavini Əli Yunisinin də açıqlaması olub. Onun bəyanatına şovinist təfəkkürlü bir çox İran rəsmisi, mətbu orqanlar və bəzi millət vəkilləri etiraz ediblər və qeyri-fars millətlərinin dilində təhsil almasını lazımsız addım və artıq məsrəf kimi dəyərləndiriblər. İranda fars dili və mədəniyyət evinin üzvləri, bəzi millət vəkilləri və bir sıra mətbuat fəallarından sonra daha bir üzdəniraq "ziyalı" ana dilində təhsilə qarşı çıxıb.
Belə ki, İranda "mədəniyyətşünas" kimi tanınan Həsən Ənvəri hökumətə bağlı xəbər agentliklərinin birinə danışarkən deyib ki, "yerli dillərdə təhsil konstitusiyada qeyd olunsa da, layihənin icrası İran millətinin maraqlarına uyğun deyil".
O sözlərini belə davam etdirib: "Məncə bu iş, yaxşı iş deyil. Bu iranlıların birliyi, İran milləti və fars dilinə ziyanlıdır. Mən düşünürəm ki, belə bir qərar verilməməlidir. Ona görə ki, fars dili müxtəlif İran qövmlərinin vasitə dilidir və yerli dillərdə təhsil fars dilinə ziyan gətirər. Əgər belə bir layihə icra olunarsa, onda Xuzistan üçün ərəb, giləklər üçün gilək, Azərbaycan üçün azəri və Kürdistan üçün kürd dilində kitablar hazırlanmalıdır. Bu isə İranın tarixi və milli vəhdətinə xələl gətirər."
İrqçi ziyalı Ana dilinin əhəmiyyətini nəzərə almadan qeyd edib ki, məktəblərdə ərəb dili dinə, ingilis dili isə elmə görə tədris olunur. Amma yerli dillərdə təhsili məsləhət görmürəm..."