Abbas Lisani aclıq aksiyasına başlayıb Güney Azərbaycan

Abbas Lisani aclıq aksiyasına başlayıb

Tanınmış azərbaycanlı milli-mədəni fəal sentyabrın 9-ü səhər vaxtından məhbus hüquqlarının pozulduğuna görə etiraz aksiyasına başlayıb. GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, Abbas Lisani həbsxanaya aparıldıqdan sonra ona müxtəlif formalarda təzyiq edilir. Fəalın adının Abbas Lisani deyil, Abbas Əmani kimi qeyd olunması, telefon əlaqələrinin məhdudlaşdırılması, ailəsi ilə görüşlərinin məhdudlaşdırılması, qətldə ittiham olunan və digər qeyri-siyasi məhbusların onun saxlandığı bölümdə salınması, şübhəli bir şəxsin fəalın saxlandığı bölümə gətirilməsi və Abbas bəyin onun tərəfindən təhdid edilməsi, fəalın sürgün edildiyi ilə bağlı şayiələrin yayılması, Zindanın təhlükəsizlik məsələləri üzrə məsulu Surabadinin fəalı sürgünə göndərməklə bağlı təhdid etməsi, Ərdəbil zindanının bir küncündə yerləşən karantin bölümündə əl-ayağı bağlı aclıq aksiyası keçirilən məhbusların saxlanması və s. kimi ruhi-psixoloji işgəncələr o cümlədəndir.
Bildirək ki, tanınmış azərbaycanlı milli-mədəni fəal Urmu gölünün qurudulmasına etiraz etdiyi dosyeyə görə həbs cəzasına məhkum edilib. O həbs edildikdən sonra 3-cü dəfədir aclıq aksiyasına başlayıb. Bundan öncəki aclıq aksiyaları zindan məsullarının üzr istəməsi və fəalın bir sıra tələblərinin təmin edilməsi ilə sona çatıb. Son dəfə isə tanımımış fəal yuxarıda qeyd etdiyimiz kimi, məhbus hüquqlarının yenidən pozulduğuna görə aclıq aksiyasına başlayıb.
Abbas Lisaninin sürgünə göndərilməsi ilə bağlı xatırladaq ki, o keçən illərdə (hicri-şəmsi təqvimi ilə 1386-cı ildə) məhkum olduğu həsb müddətini çəkdiyi zaman Əhər zindanından Yəzd zindanına intiqal edilmişdir.