Azərbaycanlı siyasi məhbus İran həbsxanasında 29 gündür aclıq aksiyası keçirir Güney Azərbaycan

Azərbaycanlı siyasi məhbus İran həbsxanasında 29 gündür aclıq aksiyası keçirir

Azərbaycanlı siyasi məhbus İran həbsxanasında 29 gündür aclıq aksiyası keçirir.
APA-nın HRAZ-a istinadən məlumatına görə, buna səbəb Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında cəza çəkən Şahrux Zamaninin 2014-cü il martın 11-də qanunsuz olaraq Qızılhasar zindanına köçürülməsidir.
Azərbaycanlı siyasi məhbus martın 18-dək təkadamlıq kamerada saxlanıb və aclıq aksiyasına görə səhhəti pisləşdiyindən, ertəsi gün həbsxananın klinikasına köçürülüb. Eyni zamanda Ş.Zamaniyə ilk dəfə ailəsi ilə telefon əlaqəsi saxlamağa icazə verilib. Onun Qızılhasar zindanına köçürülən zaman məmurlara müqavimət göstərdiyinə görə döyüldüyü də bildirilir. Ş.Zamani Rəcayişəhr həbsxanasına geri qaytarılmayanadək aclıq aksiyasını davam etdirəcəyini söyləyib. Bəzi məlumatlarda onun 18 kq arıqladığı bildirilir. Bu müddət ərzində Ş.Zamani həbsxanaya rəhbərliyinə 4 məktub ünvanlasa da, heç bir nəticəsi olmayıb. Eyni zamanda hazırda Təbriz mərkəzi həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Arəş Məhəmmədi həmyerlisinə dəstək məqsədilə aprelin 3-də 5 günlük aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Ş.Zamani 2011-ci il avqustun 18-də Təbriz İnqilab Məhkəməsi tərəfindən 11 il azadlıqdan məhrum edilib. İranın Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Ş.Zamani sol təmayüllüdür, fəhlələrin hüquqlarını müdafiə etdiyi üçün həbs edilib. Azərbaycanlı siyasi məhbus bir neçə dəfə həbsxanada aclıq aksiyası da keçirib.