Ədalətsizliyə, şovinizmə fəal müqavimət şüuru… Güney Azərbaycan

Ədalətsizliyə, şovinizmə fəal müqavimət şüuru…

Tərbiyə edən çağdaş Güney Azərbaycan ədəbiyyatı yaranmaqdadır

Güney Azərbaycanda milli demokratiya ədəbiyyatın (1941-1990) ənənələrini davam etdirən yeni həyat tərzinin bərqərar olmasına, yeni insanın formalaşmasına, eyni zamanda milli sərvətlərə, etiqadı və inamı möhkəmləndirən, şərə, eybəcərliyə, ədalətsizliyə, şovinizmə fəal müqavimət şüuru tərbiyə edən çağdaş Güney Azərbaycan ədəbiyyatı yaranmaqdadır. Çağdaş Güney Azərbaycan şeirinin bütövlükdə çox mühüm bir xüsusiyyəti baxımından - onun özünün ənənələri, təcrübələri, qədim və yaxın keçmişi ilə dərin daxili üzvü təmasda inkişafına səciyyələndirmək baxımından əlamətdardır. Çağdaş Güney Azərbaycan şairlərinin yaradıcılıq uğurları, ümumən milli poeziyamızın inkişaf təcrübəsindən poetik nailiyyətərimizdən ayrı deyil. Çağdaş Güney Azərbaycan poeziyası həyatın mənəvi dərkində, axtarışlarında quzeyli, güneyli, bütün poetik irsimiz, poetik keçmişimiz və yaddaşımız fəal iştirak edir. Bu çağdaş şeir prosesinin çox gözəl, qiymətli xüsusiyyətləridir. Mənəvi keçmişdən, yaddaşdan ayrılmaq – poeziyanın bəsitliyidir, yoxsulluğudur, iflasıdır, poeziya öz mənəvi keçmişi ilə, tarixi ilə varislik konteksində insaniliyini qoruyub saxlayır. Çağdaş Güney Azərbaycan şairlərinin poeziyasından alınan təəssürat zəngin və qüvvətlidir. Narahat dünyamızın məzmununa, ruhuna uyğundur. Xarakterik odur ki, anlamlarında çoxlu ümumi cəhətlər olsa da, bu həmin qavrayışın fərdi, əlvan, özünəməsus təzahürünə qətiyyən mane olmur. Çağdaş Güney Azərbaycan şairlərini birləşdirən, yaxınlaşdıran – poetik sözün zamanla səslənməsini təmin etmək, bu sözün mənəvi konteksini zənginləşdirmək səyləridir.
Çağdaş Güney Azərbaycan poeziyası müxtəlif nəsillərə mənsub şairlərin birgə fəaliyyətinin bəhrəsidir. Nisbətən yaşlı nəsillə, birlikdə son on-on beş ildə formalaşan nəsillərin təmsil olunduğu çağdaş Güney Azərbaycan poeziyası qarşılıqlı təsir və təması şəraitində inkişaf edir, xəlqilik və vətəndaşlıq vəzifələrini yerinə yetirir. 1941-1990-cı illər ərzində pərvəriş tapan poetik üslublar, gerçəkliyi qavrayışda yeni görünən müxtəlif duyum tərzi, 90-cı illərin başlanğıcında yeni məzmunlu axtarışlara gətirib çıxarıb. Həyatın poetik dərkində vahid estetik qaynağa, milli ədəbi köklərə qayıdışdakı müxtəliflik, milli özünüdərk, vətənpərvərlik, azadlıq və müstəqillik ideallara ümummilli estetik sərvət kimi bədii dəyər qazanmaqdadır. Lirik psixoloji vüsət, mənalı düşüncələr axarı, orijinal intonasiya çalarları ilə əyaniləşir.
Çağdaş Güney Azərbaycan poeziyasının ideya bədii ləyaqətini əks etdirən şeirlərdə ictimai-sosial, vətəndaşlıq siqlətli poeziyaya doğru cəsarətin, uğurlu addımların şahidi oluruq. Vətənpərvərlik, həqiqətsevərlik, milli dirçəliş idealları kimi məfhumların poetik şərhi müxtəlif ictimai məzmunlu epoxaların şərtləndirdiyi bədii gerçəkliklərdə obrazlı fikrin fəlsəfi-psixoloji tutumunu sərrast ifadə edir:

Öyünməgim çox layiqdir bu ölkədə sənə dilim,
Laylasında örgədibdir öz dilini, ana dilim
Şəkərdən də şirin olub əzəl gündən, ulu qaldın,
Zaman boyu hey yüksəldi, döndü qəhrəmana dilim.
Güllərini dərə-dərə, ilham verdin sən Heydərə,
Dəyişmərəm səni zərə, and içərəm ana dilim.

Tükənməz milli sərvətimiz olan Azərbaycan dilinə sonsuz məhəbbətini bildirən bu şair Heydər Təhmasibi İmran oğludur. Üslubunun axıcılığı, rəvanlığı, sadəliyi ilə nəzəri cəlb edən Heydər Təhmasibi bu şeirdə Azərbaycan dilini hər dürlü mənaları ifadə etməyə qadir bir qəhrəmana bənzədir. Dil problemi ilə bağlı vaxtilə S.C.Pişəvəri yazırdı: "Biz Azərbaycan dilinin müxaliflərindən soruşuruq, bu dildə nə pislik vardır? Niyə bir dildən minbərdə istifadə etmək olar, amma mədrəsələrdə olmur? Bir vaxtlar Güney Azərbaycanda milli hökümətin qurulduğu dövrdə S.C.Pişəvəri və onun silahdaşları tərəfindən ana dilinə göstərilən böyük məhəbbət, sonralar zorakı şah rejiminin təzyiqi ilə az qala danışılması belə qadağan olunmasına baxmayaraq böyük Azərbaycan şairi M.H.Şəhriyar öz məşhur "Heydər babaya salam" əsərini doğma ana dilində yazdı və əsərdə Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini bütün dünyaya tanıtmaqla yanaşı, Azərbaycan dilinin bütün incəliklərindən məharətlə istifadə edərək onun nə qədər ahəngdar, axıcı, musiqili bir dil olduğunu peşəkarcasına açıb göstərdi.
Heydər Təhmasibi öz "Ana dilim" şeirində bu gözəl dillə fəxr edib öyünməklə, Azərbaycan dilinə sonsuz məhəbbətini, hər kəsin başa düşəcəyi sadə bir şəkildə, mübaliğəsiz, şişirtmədən bildirir. Əlbəttə, uzun illər İranda, xüsusilə də Pəhləvilər sülaləsinin şahlıq etdiyi dövrlərdə Azərbaycan dilinə ögey münasibət bir çox güneyli, quzeyli şairlərimiz, yazıçılarımız kimi Heydər Təhmasibini də narahat etməyə bilməzdi. "Mən də dedim" şeirində cəmi səkkiz misraya, ana dilinə ögey münasibətlə yanaşı, xalqın, millətin, torpağın qəmini, kədərini, qüssəsini, ağrı-acısını açıb göstərən Heydər Təhmasibinin bütün yaradıcılığı üç dəfə hökümət quran, şahla üz-üzə duran, döyüşdə üzü dönməyən, azadlıq üçün torpağa düşən, fəqət ayaqlarda sürünməyən cənublu soydaşlarımızı vəsf edir, Azərbaycan xalqının dilini, əlindən alan, məktəbini bağlayan totalitar rejimi ifşa edir.

Ürəyimin mətləbini sən soruşdun, mən də dedim,
Tüğyan edən möhnətimi, sən soruşdun, mən də dedim.
Vətənimin dərdin çəkdin, xalq yolunda belim bükdüm,
Qürbət eldə qan-yaş tökdüm, sən soruşdun mən də dedim.
Bağ-bağatın gülü soldu, ana dilim yetim qaldı,
Qəm sarayı evim oldu, sən soruşdun mən də dedim.
Heydərəm, oda dükdülər - könlümə qəmlər əkdilər,
Torpağımda qan tökdülər, sən soruşdun, mən də dedim.

Poetik düşüncələri və imkanları olduqca geniş və zəngin olan və bütün yaradıcılıqlarının ruhunu güclü vətənpərvəlik, xəlqilik, azadlıq və demokratiya ideyaları təşkil edən Heydər Təhmasibi İmran oğlu Güney Azərbaycanın Daşarası kəndində anadan olub. Hazırda Tehranda yaşayan Heydər Təhmasibi tez-tez el içində, məclislərində öz gözəl şeirlərilə çıxış edir…

İstərəm həyatdan bir ləzzət alım,
Saat da düz demir, an da düz demir.
Hər yetən qapazın salır başıma,
Bir baxmayır gözdən axan yaşıma.
Hey tələ qururlar cavan yaşıma,
Nəfəs də düz demir, şan da düz demir.
Bilmirəm nə isə etmişəm günah,
Məcnun tək avara qalmışam, Allah!
Ömrümü özümə bilmişəm pənah,
Axşam da düz demir, dan da düz demir.
Elə üz çevirib yaramaz, yaltaq,
Haq sevən kişiyə söyləyir alçaq,
Tablaşmır dəhşətdən, alışır torpaq,
Zaman da düz demir, nan da düz demir.

Bu misralar, əlbəttə, adi bir hadisəni və yaxud hadisələri əks etdirmək üçün yazılmayıb. Əslində ictimai, milli zülmdən zara gəlmiş insanların fəryadına bənzəyir bu şeir. Yaşadığı zamanın belə bir xülya olduğunu düşünən milyon-milyon insanın naləsidir sanki bu misralar. Zamanın, məkanın, yaşadığı mühitin, ümumiyyətlə, maddi aləmin içində özünü tapa bilməyən Pərviz Bəsavətin bu şeirində qüvvətli bir xəlqilik hakimdir.
Orijinal təfəkkür tərzi, obrazlı sözün incəliklərinə varmaq, rəmzlərdə dərin məna əks etdirmək bu kiçik şeirdə öz əksini tapıb. Bu şeiri xalqın keşməkeşli taleyini özündə əks etdirən poetik güzgü də adlandırmaq olar.
Pərviz Bəsavət Hüseyn oğlu Keyvan Qaradağın Keyvan mahalının Tadalı kəndində anadan olub. Sonralar Təbriz şəhərinə köçüb. Altı kitabın müəllifidir. Hazırda Tehranda yaşayır. Alovlu vətənərvər, mübariz həyat və yaradıcılıq yolu var. Biz də bu işdə ona uğurlar arzu edirik…

Çoxları mənimtək dili bağlıdır
Necə söz qandırsın lal lala, dünya.
Sinəsi düyünlü, bağrı dağlıdır
Qarışıb ürəkdə xal xala, dünya.

İstədi açıla bu dilim sözə,
Sən məni qaladın alova, közə.
Öyrət birgə sevgi, məhəbbət bizə,
Demədim, qal üstə qal qala, dünya!

Hanı yaraşıqlı toy - yığınların?
Qıy çəkmir qartalı uca dağların,
Hardadır bağbanı solmuş bağların?
Tapdanır ayaqda kol-kola, dünya.

Səninlə əbədi kimdir qalalı?
Çoxu aldığını qaytarmır dala
Çoxu seçə bilmir haram, halalı,
Yaman qarışıbdır mal-mala, dünya!

Şair Vəli Şahməhəmməd öz şeirlərinin mövzusunu gördüyü, duyduğu bilavasitə müşahidə etdiyi həyat hadisələrindən alır. Həyatın adi həqiqətlərindən danışan bu şeirdə insanı dərin düşüncələrə qərq edir. Dərdini dünyaya söyləyən, eyni zamanda dünyadan onun özündən özünə şikayət edən Vəli Şahmuhəmməd bu şeirdə dünyanı simvolik obraz kimi göstərir. Əslində isə dünyanın başına bəla açan, günahı günah üstündən, cinayəti cinayət üstündən törədən insanın özüdür. Başqasının torpağına təcavüz, qanlı müharibələr, haqqların tapdalanması, siyasət altından iyrənc əməllər, yalanlar, böhtanlar, baş alıb gedən dünyanı çirkablara bulayan bəşər övladıdır. Vəli Şahmuhəmmədin bu şeirində ictimai pafos olduqca qüvvətlidir. O zamanın aktual məsələlərinə toxunduqca konkret faktlara daha çox meyl edir, bu şeirdə fəlsəfi məzmun, həyat və cəmiyyət hadisələrinə aydın şair münasibəti hakimdir. Təzadlı, zidiyyətli, keşməkeşli dünya daima şairləri və yazıçılar üçün həyatın tərcümanı kimi rol oynayıb. Çox şairlər öz dərdlərini dünyaya söyləyib, öz arzu istəklərini dünyadan istəmiş, bir çox hallarda bütün kainatı dünya mənasında işlədərək dünyanın zamanla vəhdətinin fəlsəfi şərhini verməyə çalışıb, çox zaman da buna nail olublar. Lakin Vəli Şahmuhəmmədin bu şeirini özünəməxsusluğu və orijinallığı ondan ibarətdir ki, bu misraların dərinliklərində tək bütün bəşər övladının üzləşdiyi problemlər yox, azadlıq, demokratiya, müstəqillik yanğısı var:

Birini elindən uzaq atırsan,
Birini qultək bağlı satırsan,
Birinin namına zəhər qatırsan,
Birinin namına bal bala, dünya.

Bir kəs tanımır ki, səni dannıya,
Rəhmin gəlmir sənin heç bir canlıya
İstərsən, yurdunda bayquş banlaya,
Hər nə bacarsan çap-tala dünya.

Haqq sözü tapdanır, qadın ya ağa
Çünki ləçək fərman verir ……
O çəkir arana, bu çəkir dağa,
Odur ki, düz gəlmir hal-hala dünya.

Əlindən yaxıldı oyaq sinələr,
Oldu sözlə dolu ocaq sinələr.
Nallanmış atlara yalaq sinələr,
Dəyir sinələrdə nal-nala dünya.

Nurdurlu Vəliyə demə lal olar,
Səni düşündükcə göz yaşı dolar.
Gec-tez etdiklərin bərməla olar,
Hələ eyiblərin dal-dala dünya.

Vüqar Əhməd
professor