İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb Güney Azərbaycan

İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, Həmid Mənafi Nadarlı (Erkin) 79 günlük həbs həyatından sonra mayın 25-də ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları H.M.Nadarlını martın 8-də səhər saatlarında mağazasında həbs ediblər. O, İran təhlükəsizlik qüvvələrinin Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə hücumu zamanı başından yaralanıb. H.M.Nadarlı bu müddət ərzində iki dəfə aclıq aksiyası keçirib, nəticədə səhhəti pisləşdiyindən dəfələrlə Tehranın Evin həbsxanasının klinikasında yatıb. O bundan əvvəl də 2011-ci il sentyabrın 2-də İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Təbriz şəhərində keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə həbs edilib. O, 20 günə yaxın təcridxanada saxlanıldıqdan sonra 40 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb.