İranda daha bir azərbaycanlı fəal həbs edilib Güney Azərbaycan

İranda daha bir azərbaycanlı fəal həbs edilib

İranda daha bir azərbaycanlı fəal həbs edildiyi məlum olub. APA-nın "Öyrənci səsi"nə istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları fevralın 14-də Vəhid Məsumini və yataqxanada onunla birlikdə qalan bir neçə tələbə yoldaşını tutaraq naməlum istiqamətə aparıblar.
Əslən Miyandab (Qoşaçay) şəhərindən olan azərbaycanlı fəalın noutbuku, CD-ləri, flaş-kartı, kitabları, əlyazmaları və bir sıra şəxsi əşyaları müsadirə edilib. Onların nədə günahlandırıldığı barədə heç bir məlumat verilməsə də, azərbaycanlı tələbələr İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandasının fevralın 14-də Kirman şəhərində yerli "Mis" klubunu 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu (Cam-e Hezfi İran) qazanması münasibətilə keçirilən şənliklərdən sonra gecə saatlarında tutulublar. V.Məsumi ilə birlikdə həbs edilmiş digər azərbaycanlı tələbələr iki gün sonra zəmanətlə azadlığa buraxılıblar. Məhkəmə onun sərbəstliyinə qovuşması üçün 50 milyon tümən mülk girovu təyin etsə də, ETTELAAT-ın Təbriz şöbəsi bu qərarla razılaşmayıb.
Bu arada İranın Parsabad (Muğan) şəhərində həbs edilmiş azərbaycanlı fəalların Səid Hüseyni və Nasir Əbdülhüseynzadə olduğu dəqiqləşib. "Oyannews"un verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Parsabad şöbəsinin əməkdaşları hər iki fəalı fevralın 17-də tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldığı və nədə günahlandırıldıqları barədə heç bir məlumat yoxdur. Xəbərdə Kiyumərs İslaminin onların arasında olmadığı və həbs edilmədiyi bildirilir.