“Azərbaycan” qəzetinin səhifələrində... Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində...

Baş nazir cənab Pişəvərinin Təbriz kollecinin salonunda söylədiyi nitqin məzmunu

Mən danışmaq məqsədilə buraya gəlməmişdim. Amma bacılarımızın və qızlarımızın burada göstərdikləri ləyaqət və yaradıcılıq məni məcbur elədi ki, onlara minnətdarlığımı ifadə edim. Burada Milli Hökumətə təşəkkür elədilər.
Mən deməliyəm ki, Milli Hökumət xalqımızdan başqa bir şey deyil. İndi ki, siz tərif və təşəkkür elədiniz, mən də Milli Hökumət adından sizlərə səmimiyyətlə təşəkkür edirəm.
Bütün xanımlar və cənablar hiss ediblər ki, bizim yolumuz səadətə doğrudur. Mən iki il əvvəl məzunlar bayramında iştirak edirdim. Burada danışılan sözlər quru və tutuquşu deyimləri kimi idi, Azərbaycan dilində danışmağa icazə verilmirdi və o dil ilə danışmaq bir eyib kimi nəzərə gəlirdi. Onda mən çox alçaldım və sıxıntı hiss etdim. İndi isə görürəm ki, bizim firqəmizin və fədakar qadınlarımızın zəhməti sayəsində o mövhümat pərdəsi, çürümüş zəncir və şeytan toru dağılıb. Xanımlarımız bizim millətimizin mütərəqqi və istedadlı olduğunu göstərdilər.
Həqiqətən, bu neçə ayın içərisində millətin əxlaqı büsbütün dəyişib.
***
Biz deyirik ki, xalqın qapılarını sındıranlar bəlkə qorxu nəticəsində öz yerlərində oturmuşlar, bəs cibə girənlər ki, qorxmurlar, onlar niyə yerlərində oturublar?
Bu göstərir ki, xalqımızın içərisində mənəvi bir inqilab və əxlaqi bir dəyişiklik əmələ gəlib. Mən bir nəfər əcnəbi ilə danışırdım, o deyirdi ki, mən əvvəllər kəndliləri ağır yük altında əzilmiş kimi başıaşağı və kədərli görmüşdüm.
Amma indi həmin kəndlilər paltarları cırıq və köhnə olduğuna baxmayaraq, başlarını uca tutub özlərini müstəqil insan hesab edirlər. Buradan anlaşılır ki, millətimiz öz şəxsiyyətinə əl aparıbdır, öz şəxsiyyətini anlamışdır, bu milləti artıq təhqir etmək olmaz.
Milli Hökumətimiz qısa zamanda çox cəsarətli işlər görüb. Bizim ilk müraciətnaməmiz beş ay bundan əvvəl nəşr olmuşdu. Firqəmizdə çox az adamlar vardı ki, Azərbaycan dilinə bu gün xalqımızın göstərdiyi qədər bağlı olsun. Amma biz bu məsələni qəhrəmanlıqla həll edib dilimizi əsarətdən xilas etdik. Götürdüyümüz cəsur qədəmlərdən biri də xanımlara tam mənası ilə azadlıq və bütün sahələrdə iştirak etmək hüququ verməkdən ibarətdir.
***
Bir dəfə ciddi qərar qəbul edib dedik: “Qoy onlar da seçkilərdə rəy versinlər, vəkil olsunlar və bəlkə, gələcəkdə onlardan nazirimiz də oldu”.
Xanımlar da öz ləyaqətlərini göstərdilər. Təbrizdə seçkilərdə xanımlarımızdan 4000 nəfərə yaxını rəy verdi. Bu vasitə ilə azərbaycanlının ləyaqətli bir millət olduğu dünyaya isbat edildi. Xalqımız qəhrəman xalqdır. Əgər indi İran hökuməti varsa, onu yaradan Azərbaycanın Qızılbaş ordusu olub. Bu ölkəni beş-altı şeyx Azərbaycan kəndlilərinin zoru ilə yaradıb. Azərbaycan böyük bir qüdrətdir, fəqət ona təkan vermək lazımdır. Bu təkanı Azərbaycan Demokrat Firqəsi verdi. Biz indi İranın başqa yerlərində də böyük ehtiram qazanmışıq.
Onlar öz qəzetlərində yazırlar: “Qoy demokrat başçıları gəlib bizi də əsarətdən qurtarsınlar”.
Amma biz deyirik ki, yox, siz özünüzə nicat verin, biz də sizə kömək edək. Amma bizim sizə heç ehtiyacımız yoxdur. Bilməlisiniz ki, bizim milli azadlığımızı tanımasanız da, biz özümüz sizsiz yaşaya bilərik.
***
Neçə ay bundan qabaq keçən hökumət qarnıyırtıq kazımlara göstəriş verirdi ki, məktəblərin qabağında dursun və çadrasız gəzən müəllimələrə və tələbələrə əziyyət eləsinlər. Bizim Hökumətimiz qarnıyırtıq kazımları cəzalandırdı və Tehran mürtəce qəzetləri onu vətənpərəst adlandırdılar. İndi bizim öz milli dövlətimizin sayəsində hər kəs azad bir surətdə yaşamaq imkanına malik olub.
Biz özümüzü bütün dünyaya tanıtdırdıq, bütün dünyada elə bir radio yoxdur ki, gündə beş-altı kəlmə də olsun, Azərbaycan barəsində danışmasın. Bu adı biz ucalara qaldırmağa müvəffəq olmuşuq. Biz bu günlərdə böyük bir işə başlamışıq, o da milli qoşun yaratmaq üçündür.
Biz müharibə etmək istəmirik. Gördünüz ki, qan tökmədən bu böyüklükdə inqilab yaratdıq. Əgər azadlığımızı ayaqlamaq istəsələr, elə zənn edirəm ki, sizlər də bizimlə bərabər ayağa qalxıb, öz millətinizi və hakimiyyətinizi müdafiə etmək yolunda mübarizə edəcəksiniz (şiddətli, uzun sürən alqışlar).
***
Mən təsdiq edirəm ki, maarifsiz bir millət yaşaya bilməz. Dünya bilik, maarif və elm üstündə dolanır. Biz gərək özgə millətlər kimi tərəqqi eləyək, buna görə vergilər yığılıb məktəblərə verilməlidir. Bunların hamısı hakimiyyət öz əlimizdə olduğu halda əməli ola bilər. Əks halda, keçən dövrdə azad yaşamağa, bir yerə yığışmağa, məclis qurmağa, məsciddə belə hüzr mərasimi təşkil etməyə imkan vermədiyi kimi özgələr gələr, bizim işlədiklərimizi və zəhmətimizin nəticəsini aparar, özünə park və mənzil düzəldər.
Biz gərək hökumətə meydan verək ki, maarif və sair sahələrdə millət öz istedadını göstərsin ki, hamı ondan istifadə edə bilsin. İndi bizim universitet məsələmiz mühüm bir məsələdir. Onu gərək təsis edək və fəqət bu vasitə ilə bizim ləyaqətli müəllimlərimiz, mühəndislərimiz, həkimlərimiz ola bilər. Bunu Milli Hökumətimiz öz əlimizdə olsa, edə biləcəyik.
Bizim Milli Hökumətimiz xalqdan ayrı deyil, göydəndüşmə deyil, öz atalarımız və qardaşlarımızdır. İndi hər yerin qapısı hamının üzünə açıqdır.
***
Bizim Azərbaycanımız çox sərvətli və varlı bir ölkədir. Onun tərəqqi etməyə böyük imkanları var, indiyə qədər bu imkanlardan istifadə etməyə yol verməyiblər. Biz gərək teatra əhəmiyyət verək. Ona görə də Milli Hökumət qurulan kimi teatrı gücləndirməyə başladı. İndi Azərbaycanın teatrını genişləndirmək üçün hökumət yaxşı büdcə ayırıb. Diri millətlər müharibənin ən çətin vaxtlarında belə sevinmək və şad olmaqdan çəkinməməlidirlər. Biz həmişə ağlamışıq. Qoy bundan sonra ağlamaq yerinə, xalqın üzü gülsün.
İndi millətimiz birləşib. Görün, beş ayın içərisində Təbrizdə irimiqyaslı heç bir pis hadisə baş verməyib. Bu qorxudan deyil, əksinə, səmimiyyətdən və imandandır. Bizim müəllimlərimiz və maarif işçilərimiz gərək kiçik və məsum balalarımıza vətən məhəbbəti və azadlıq eşqini aşılasınlar ki, tərəqqi eləyək. Biz buna əminik. Siz var qüvvənizlə çalışın, dövlət də var qüvvəsilə sizə imkan verəcək (gurultulu alqışlar). Mən Tehrandan bir miqdar məktub almışam. İnsanlar öz məktublarında yazırlar: “Siz hərəkət edən kimi Tehranın daxilində böyük inqilab yaranacaqdır”.
***
Bizi bu işə mərkəzi hökumət məcbur edir. Nəticədə bütün İran xalqları əsarətdən xilas olacaq. Amma bilməlisiz ki, böyük arzuları dağınıq qüvvə ilə yerinə yetirmək olmaz. Bizim gərək topumuz, təyyarəmiz və hər cür silahımız olsun. Biz evimizin palazını satıb, tank, top və təyyarə almalıyıq. İranda azadlıq Azərbaycan azadlığından asılıdır.

S.C.Pişəvəri
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 124, 12.02.1946
***
Firqə gərək Azərbaycan xalqı ilə yanaşı milli mübarizə aparan başqa millətlər ilə birlik yaratsın.
Bu barədə firqə üzvləri arasında meydana şıxan bəzi narazılıqların qabağı alınmalıdır.
Öz millətimizin azadlığını istədiyimiz kimi özgə millətlərin də azadlığına imkan verməliyik.
(S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
Firqə təbliğatının qüvvətləndirilməsi lazımdır. Hər bir firqə üzvü gərək firqəmizin tarixi, onun şüararı və qabağında duran vəzifələri ilə dərindən tanış olsun, firqənin hədəf və məqsədini anlasın. Bu isə çox da asan bir məsələ deyildir. Hələ də Mərkəzi Komitə üzvləri arasında bizim dövlət tərəfindən çap edib yaydığımız rəsmi sənədləri oxuyub düşünə bilməyənlərimiz tapıla bilər. Adi firqə üzvləri isə zənnimizcə, bu barədə çox geridə qalmışlar. Bu nöqsanı çox ciddi surətdə aradan qaldırmaq lazımdır. Qoy yerlərdə firqənin birinci Bəyanatından başlayıb ta bu günkü ümumi iclasların qərarlarına qədər yazıb nəşr etdiyi sənədləri hər bir firqə üzvü oxuyub, anlayıb onun ətrafında məlumat verə bilsin. Bu firqə içərisində böyük intibah, bəlkə inqilab yaradar. Bunu etmək gərəkdir. Görünür, qabaqda böyük işlər, ağır məsələlər vardır. Bunları ancaq bilik, məlumat və firqə üzvlərinin birlik və səmimiyyəti sayəsində həll etmək ola bilər.
(S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
Düşmən yatmayıb. O bizim azadlığımızı məhv edib millətimizi ortadan aparmağa hazırlaşır. Biz bir an sayıqsızlıq edə bilmərik. Azadlığı verməzlər, onu almaq lazımdır. Bu işi biz görmüşük, lakin bu kafi deyildir. Alınan azadlığı saxlamaq və ondan lazımi qədər istifadə etmək daha mühümdür.
(S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
Hökumət gərək möhkəm qanuna əsaslansın. Axırınci söz millətindir. Millət öz sözünü deyəcəkdir.
Son olaraq “Azərbaycan azərbaycanlılarındır” şüarı gərək əməli olsun. Biz özgə millətin qəyyumluğu altına girməyəcəyik.
Qoy bu şüarlar xalqımızın tarixində qeyd edilsin.
(S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
Firqə 5 ay müddətində (3.09.1945 – 26.01.1946 tarixləri nəzərdə tutulur – S.B.) böyük işlər görüb, nəhayət milli-demokratik bir dövlət və bu dövlətə dayaq olan tam mənası ilə müasir bir millət yaradıb.
(S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
...Əsas müəllimlərdir. Müəllimsiz mədəniyyət tərəqqi edə bilməz. (S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
Əmniyyət və qanun olmayan bir ölkədə azadlıq ola bilməz. Gərək xalqı qanun qarşısında bərabər tutmaqla həqiqi qardaşlıq, doğru bərabərlik yarada bilək. Şəxsi imtiyaz, şəxsi boynuyoğunluq ilə ciddi və amansız mübarizə aparılmalıdır. Firqə işləri ilə dövlət işləri gərək bir-birindən ayrılsın. Həmçinin bir nazirliyin işçisi başqa bir nazirliyin işçisin işinə qarışmasın.
(S.C.Pişəvərinin ADF MK-nın 26.01.1946 tarixli 4-cü ümumi iclasındakı məruzəsindən)
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səbəb Bayramzadə