Klubların kapitan seçimi: TPL-in seçilmiş “31”i İdman

Klubların kapitan seçimi: TPL-in seçilmiş “31”i

Futbol klubları kapitan seçimində fərqli meyarlara üstünlük verir. Bəzi komandalar ən yaxşı futbolçusuna, bəziləri daha uzun müddət klubda olanlara, digərləri isə seçimini əsl liderlik keyfiyyətlərinə malik birinin üzərində dayandırır.
Elə Azərbaycan klubları da bu mənada istisna deyil. Topaz Premyer Liqasının 8 klubunun sön mövsümdəki kapitan seçimi də bunu deməyə əsas verir. Ümumilikdə isə klublar 28 tur ərzində 31 futbolçuya belə məsuliyyəti həvalə edib. Bir sözlə, təkcə kapitanlar deyil, vitse-kapitanlar, bəzi hallarda 4-5-ci vitse-kapitanlar da matça sarğı ilə başlamağa nail olub. Onların həm mövqeləri, həm də seçimləri fərqliliyi ilə diqqət çəkir.

İkinci "Rəşad" yoxdu
Son 5 ilin çempionu "Qarabağ" mövsüm ərzində ən çox – 6 kapitanla meydana çıxıb. XXI əsrin ən yaxşı azərbaycanlı futbolçusu adına alternativi olmayan, çıxış etdiyi komandaların şəksiz lideri olan Rəşad Sadıqov 18 dəfə meydana sarğı ilə çıxıb. Lakin yaş sözünü deyir. Artıq məşqçiliyə də başlayan müdafiəçi həmişəki kimi daimi kapitan ola bilmir. Lakin sabit, daim meydanda olan 2-ci kapitan, 2-ci "Rəşad" yoxdu. Buna görə də Maksim Medvedev 5, Qara Qarayev 2, Rahid Əmirquliyev və legionerlər Ansi Aqolli ilə Riçard Almeyda hərəyə 1 dəfə kapitanlıq edib.

Kapitan gəmidən qovulanda
Mövsümü titulla başa vuran daha bir komanda "Keşlə" də daimi kapitan sarıdan korluq çəkib. Düzdü, mövsümü Nizami Hacıyevlə (7 dəfə) başlayıb, Kamran Ağayevlə (9) bitirən bakılıların kapitanlıq sarğısının sahibsiz olmadığını düşünmək olardı. Lakin heç də həmişə oynamayan və sonda danışılmış oyunlara görə həm klub, həm futboldan qovulan Hacıyev kimi Ağayevin də problemi var. O, zədələr və qeyri-sabitlikdən əziyyət çəkir. Hər iki futbolçunun seçimi daxili yarışlardakı zəngin təcrübəsinə əsaslanırdı ki, onların əvəzləyiciləri də bu amillə seçilib. Denis Silva (6), Vaqif Cavadov (3) təcrübəsi, Fuad Bayramov (1) klubda uzun müddət çıxış etməsi, Orxan Sadıqlı (2) isə yerli statusu və qapıçı olması (bəzi məşqçilər qapıçını bu işə daha layiq bilir) üçün buna layiq görülüb.

Sadiq futbolçu zədələnəndə
"Sumqayıt"ı da kapitansızlıqdan zərərçəkmiş hesab etmək olar. Düzdü, ən uzun müddətdi komandada olduğu üçün sarğını daşıyan Vurğun Hüseynov (20) neçə ildi bunu heç kimə vermir. Hətta özündən təcrübəlilər, Sumqayıt futbolunun yetirmələri də onun komandasına sadiq kapitanlıqdan məhrum etməyib. Lakin onu zədədən əziyyət çəkdiyi 8 turda 4 futbolçu əvəzləməyə çalışıb. Daha təcrübəlilər Fərhad Vəliyevlə Rail Məlikov hər ikisi 3, Cavid İmamverdiyevlə Bəxtiyar Həsənalızadə hərəyə 1 dəfə meydana kapitan kimi çıxıb.
"Neftçi" yetirməsinə güvənir
Ən az kapitana güvənən "Neftçi"di. Bakılıları mövsüm ərzində iki oyunçu meydana kapitan kimi çıxarıb. Klubun öz yetirməsi olan və buradakı oyun sayında lider mövqelərdə qərarlaşan Ruslan Abışov qeyd olunan məqamlardan sarğıya layiq bilinir. O, TPL-in son mövsümündə hamıdan çox – 27 dəfə kapitan kimi oyuna başlayıb. Onun cəza üzündən buraxdığı yeganə matçda isə klubun yetirməsi olmayan, lakin təcrübədə və komandadakı oyun sayında daha öndə olan Rəşad Sadiqov əvəzləyib.

"Zirə"də qapıçı sevgisi
Digər 4 komanda isə mövsüm ərzində hərəyə 3 kapitana bel bağlayıb. Qeyd etdiyimiz qapıçılara daha çox etimad göstərilməsinə nümunələrdən biri də "Zirə"di. Bu komandada bir dəfə sahə oyunçusu – Vüqar Mustafayev matça sarğı ilə başlayıb. Digər oyunlarda qapıçılar Anar Nəzirov (18) və Kamal Bayramov (9) kapitan olub. Bu da başadüşüləndi. Onlar komandanın ən təcrübəli yerli futbolçularıdı.

İntizamsız kapitan
"Qəbələ" də seçimini təcrübənin üzərində dayandırıb. Həm yığmadakı, həm Premyer Liqadakı çıxışları ilə böyük təcrübəyə malik Cavid Hüseynov (18) eyni zamanda komandasının lideridi. Yeganə çatışmazlığı intizamsızlıq olan təcrübəli futbolçu mövsümdə iki qırmızı alan yeganə oyunçudu. Həm cəzalı həm zədəli olduğu vaxtlarda onu daha iki təcrübəli Asif Məmmədov (3) və Ürfan Abbasov (7) əvəzləyib. Sonuncu "Qəbələ"nin oyun sayındakı rekordçusu, Asif isə TPL-də keçirdiyi oyun sayında daim şans qazanan komanda yoldaşlarından öndədi.

Debütantın "köhnə"si
Premyer Liqanın debütantı "Səbail"də əsas kapitan Eltun Yaqublu 21 dəfə meydana bu vəzifənin icraçısı kimi çıxıb. Hələ komandanın I divizionda oynadığı vaxtdan burada çıxış etməsi onun seçilməsində rol oynayıb. Yeni yığılan heyətdə "köhnə"ni kapitan olması məqsədəuyğun sayılıb. Onun yoxluğunda isə təcrübəli Vüqar Nadirov (6) və milliyə də çağırılan ilk "Səbail"li Emil Balayev (1) şans qazanıb.

Rekorda əngəl olan autsayder
Çempionatın iki ən köklü klubundan biri olan "Kəpəz" də "Neftçi" kimi mövsümü iki kapitanla başa vurmalı, gəncəlilərin kapitanı Şəhriyar Rəhimov 27 matçı bu rolda keçirməli idi. Onun yeganə cəzalı olduğu matçda Şəhriyar Əliyev sarğı ilə meydana çıxmışdı. Lakin son turda Rəhimov oynasa da, kapitan başqası olub. Komanda ilə vidalaşan Dario Federiko son matçı olması üzündən meydana kapitan kimi çıxıb. Şəhriyar "Kəpəz"in indiki heyətilə Premyer Liqada daha çox oynamasına görə buna layiq görülmüşdüsə, braziliyalı hücumçu getməsi üzündən komanda yoldaşının rekorda şərikliyinə mane olub.