“Belə bir mötəbər idman tədbirinə ev sahibliyi etmək çox çətin və məsuliyyətli bir vəzifədir” İdman

“Belə bir mötəbər idman tədbirinə ev sahibliyi etmək çox çətin və məsuliyyətli bir vəzifədir”

Adil Məmmədov: "Amma biz gənclər inanırıq ki, Azərbaycan bu mötəbər oyunu ən yüksək səviyyədə keçirəcək"

Məhəmməd Əsədov: "Bütün dünya ölkələri bir daha Azərbaycanın sülhsevər, tolerant və dinamik inkişaf edən ölkə olduğunu gördü"

"I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Ukraynada yaşayan və təhsil alan azərbaycanlıları qürurlandırır". Bunu Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa şəhərinin sədri Adil Məmmədov deyib.
I Avropa Oyunlarının dünya idman tarixində ilk hadisə olduğunu vurğulayan A. Məmmədov bildirib ki, belə bir mötəbər idman tədbirinə ev sahibliyi etmək çox çətin və məsuliyyətli bir vəzifədir: "Amma biz gənclər inanırıq ki, Azərbaycan bu mötəbər oyunu ən yüksək səviyyədə keçirəcək. Çünki bu gün Azərbaycan qədər bu oyunları ürəkdən keçirməyə razı olan ikinci dövlət tapmaq olmaz. Ona görə ki, hər bir azərbaycanlı bu oyunları keçirməklə Azərbaycanın dünyada daha da tanınacağını, ilk Avropa Oyunlarını keçirən ölkə kimi tarixə düşəcəyini yaxşı başa düşür. Hər zaman ilkləri gerçəkləşdirmək böyük məsuliyyət və güc tələb edir. Şükürlər olsun ki, bizim güclü liderimiz var. Əminəm ki, məhz güclü liderimiz İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan bu oyunları dünya səs sala biləcək səviyyədə keçirəcək. Harada yaşamağımızdan asılı olmayaraq biz azərbaycanlı gənclər prezidentimiz İlham Əliyevin hər zaman yanında olacağıq".
A. Məmmədov deyib ki, yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı bu oyunların keçirilməsindən qürur duyur: "Artıq I Avropa Oyunlarının məşəli bölgələrimizdən Bakıya gətirilib. Liderimiz İlham Əliyev başda olmaqla ailəsi, eyni zamanda ölkənin tanınmış insanları həmin tədbirdə böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Bu bir daha bizə deməyə əsas verir ki, Azərbaycan xalqı bu oyunların keçirilməsinə nə qədər əhəmiyyət verir". I Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olan bəzi anti-Azərbaycan dairələr bu oyunlara kölgə salmaq üçün idman oyunlarına heç bir aidiyyatı olmayan sahələr üzrə qara piar kampaniyası aparırlar. Əslində bu dairələrin Azərbaycana qarşı qısqanc mövqe sərgiləməsinin səbəbləri aydındır. Çünki, bu dairələr Azərbaycanın artan siyasi və iqtisadi gücünü, müstəqil siyasətini, hər ötən gün bölgədə və dünyada yüksələn nüfuzunu həzm edə bilmirlər. Ancaq biz Ukraynada yaşayan azərbaycanlı gənclər olaraq əminik ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq".
"I Avropa Oyunlarının məşəlinin Azərbaycanın bütün regionlarında, o cümlədən də paytaxt Bakıda yandırılması ölkəmizin dünyada tanıdılması və dəyərlərinin təbliği üçün mühüm addım oldu. Biz Azərbaycan gəncliyi, tərəqqi və inkişaf yolunda addımlayan gənclər bundan böyük qürur hissi duyur, bununla fəxr edirik", - deyən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Məhəmməd Əsədov qeyd edib ki, bütün dünya ölkələri bir daha Azərbaycanın sülhsevər, tolerant və dinamik inkişaf edən ölkə olduğunu gördü: "Qısa zaman kəsiyində Azərbaycan I Avropa Oyunlarına hazırlığı ən yüksək səviyyədə həyata keçirərək ölkəmizin gücünü sərgiləmiş oldu. Bu, təkcə idman tədbiri deyil. Həm də Azərbaycanın dünyada nüfuzunu, yerini, rolunu sübut edə biləcək möhtəşəm tədbirdir. İnanırıq ki, ölkəmiz Avropa idman tarixinə öz adını qızıl hərflərlə həkk edəcək, öz modelini göstərəcək. Həmçinin ölkəmizdə müəyyən olunan model və standartlar gələcək oyunların hər biri üçün nümunə ola biləcək". Məhəmməd Əsədov həmçinin onu da qeyd edib ki, təcrübələrə əsasən bu cür beynəlxalq yarışlar ölkəyə turizm axınını sürətləndirməklə mühüm iqtisadi göstəricilərin artmasına gətirib çıxaracaq: "Bakıya gələn hər bir xarici qonaq, turist xalqımızı, adət-ənənələrimizi daha yaxından tanıyacaq, öyrənəcək. Bu da ölkəmizlə bağlı dünya ictimaiyyətinin təəssüratının daha düzgün formalaşmasına töhfə verəcək".

Əli