“Türkiyə Yaxın Şərqin aparıcı dövləti olmaq üçün ənənəvi müttəfiqləri ilə anlaşmalıdır” Dünya

“Türkiyə Yaxın Şərqin aparıcı dövləti olmaq üçün ənənəvi müttəfiqləri ilə anlaşmalıdır”

Əli Əliyev: "Ərəb dünyasında müttəfiq axtarışının rasional vektor olmadığını Ankarada duymalıdırlar"

Bu günlər qardaş Türkiyə Cümhuriyyəti ciddi sınaq qarşısındadır. İyunun 7-də keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi böhran vəziyyətini aradan qaldırmağa müvəffəq olmamış Ankara daha bir ciddi problemlə baş-başa qalıb. Şanlı Urfanın Suruc bölgəsində baş vermiş məlum terror aksiyasından sonra həm PKK, həm də İŞİD terror təşkilatına qarşı mübarizəyə start verən Türkiyə Cümhuriyyəti hələlik adıçəkilən terror təşkilatları tam mənasında zərərsizləşdirə bilməsə də, qardaş ölkənin gec-tez terrorçuları zərərsizləşdirəcəyi istisna edilmir. Bu arada bir faktı da qeyd etmək yerinə düşər ki, Türkiyənin həyata keçirdiyi antiterror kampaniyasının ciddi şəkildə uğur qazanmamasının bir səbəbi də Ankaraya beynəlxalq dəstəyin olmamasıdır. Düzdür, müəyyən təşkilatlar, hətta NATO belə sözdə Türkiyənin antiterror əməliyyatlarını dəstəkləsə də, əməldə Ankaraya hər hansı dəstək verilmir. Bu faktın özü bir daha onu deməyə əsas verir ki, Qərbin, Avropanın əsas məqsədi terrorizmə qarşı səmərəli mübarizə aparmaq deyil, Türkiyəni bu prosesə cəlb etməklə onun zəifləməsinə nail olmaqdır. Qərb uzun müddətdən bəri Türkiyəni İŞİD-lə mübarizəyə cəlb etməyə çalışsa da, Ankaranın inadını qıra bilmirdi. Lakin indiki məqamda Türkiyənin bu prosesə cəlb edilməsi Qərbin işinə yaradı. Bu günlərdə gündəmə bomba kimi düşən Birləşmiş Ştatlar vətəndaşı, yəhudi əsilli iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etirafları da bir daha onu sübut edir ki, Qərbin, Avropanın uzun illərdən bəri nail olmaq istədiyi yalnız bir şeydir. Necə olursa-olsun Türkiyəni siyasi və iqtisadi cəhətdən zəiflətmək, onu Avropadan, Qərbdən asılı vəziyyətə salmaq. Sözügedən materialla yaxından tanış olarkən aydınlaşır ki, indiyə qədər Türkiyənin siyasi və iqtisadi həyatında baş vermiş bütün arzuolunmaz hadisələrdə Qərbin barmağı olub.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də məhz bu qənaətdədir. Partiya sədri hesab edir ki, sözügedən yazını diqqətlə oxuyanda hər şey aydınlaşır və dünyanın dərin güclər tərəfindən idarə olunduğu ortaya çıxır: "Yazıda Azərbaycan və Türkiyənin problemlərinin siyasi və iqtisadi kökləri ifadə olunub. Sadəcə diqqətlə baxmaq, müqayisə və analiz etmək gərəkdir. Yazı bir daha təsdiq edir ki, siyasi proseslərin çox vaxt görünən, zahiri tərəfi deyil, gizli, mübhəm, batil tərəfləri bilinməli və dəyərləndirilməlidir. Belə aydın olur ki, son dövrlər bir sıra çevrələrin aşırı şüvənliyində məqsəd ölkəmizi xaosa, daxili qovğa girdabına soxmaq, nəticədə isə hökümətdən sərfəli iqtisadi güzəştlər əldə etməkdir. Türkiyədə də son günlər yaşananların formulu eynidir. PKK-nın maliyyələşməsini həyata keçirənlər Türkiyənin inkişafına ballast yetişdirdiklərinin fərqindədirlər. Dərin güclər maliyyə qurumlarından asılı olmayan, boyunduruq və maliyyə qandallarından azad, fərdi inkişaf trayektoriyası seçmiş, demokratik müsəlman dövlətinin İslam və türk dünyası üçün pilot funksiyasından narahatdır. Bəzən bizlər də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın perspektivdə siyasətinin yanlış olduğu qənaətinə yuvarlanırıq. Təbii ki, AKP öz lideri ilə səhvsiz deyil. Yanlışlar mövcuddur. Lakin genəl, strateji planda Ərdoğan haqlıdır. Bir qədər davranışlarda siyasi ağırlıq hümmətdən millətə dəngələnərsə, düşünürəm ki, bundan həm Türkiyə, həm Türk dünyası, nəticədə isə bütün İslam dünyası qazanar. Türk dünyası Müsəlman dünyasının nüvəsinə, özü də həlledici nüvəsinə çevrilməyənə qədər, İslama qurtuluş və rifah olmayacaq". Əli Əliyev qeyd edib ki, ikinci dünya müharibəsindən sonra qardaş ölkədə baş verənləri az da olsa, bilirik və Misirdə baş verənləri izlədikdə, Türkiyənin ötən əsrdəki hərbi çevrilişləri yada düşür: "Yəqin Sisini Rokfeller olmasa da, başqa biriləri dingildədir. Türkiyə Yaxın Şərqin aparıcı dövləti olmaq üçün ənənəvi müttəfiqləri ilə anlaşmalıdır. Ərəb dünyasında müttəfiq axtarışının rasional vektor olmadığını Ankarada duymalıdırlar. Yeni Osmanlıya gəldikdə, onu deyə bilərəm ki, kürd və PKK məsələlərini bir-birindən ayırmaq lazımdır. İraq kürd liderləri də, artıq HDP də PKK-nı xaric edir. PKK-nın kökünü qazımaq lazımdır ki, Türkiyənin düşmənləri maşasız qalsın. İnanıram ki, Türkiyə dövlətçiliyinə bağlı kürdlər həmişəki kimi onun keşiyində duracaq, terrorizmə qarşı aparılan mübarizədə əsgərə kömək edəcəklər. Bu günlər ərzində şəhid olanlar üçün məmləkətlərində keçirilən dəfn mərasimlərindən aydın görünür ki, terrorçular insanları milliyətinə görə deyil, təmsil etdikləri dövlət qurumları, polis və ordu mənsubiyyətinə görə qətlə yetirirlər. Ona görə də milliyyəti və dini olmayan terroristlərə qarşı mübarizəni məhz Türkiyənin Şərq bölgələrinin yerli əhalisi vasitəsilə aparmaq lazımdır".