Tatarlar Putindən cavab gözləyirlər Dünya

Tatarlar Putindən cavab gözləyirlər

Refat Çubarov: "Ukraynadan, beynəlxalq birlikdən gözlədikləri təpkini görə bilmədik"

"Biz tatarlara anlaşılan o oldu ki, Moskva nəinki Krıma sahib olmaq üçün axıradək dirənəcək, hətta digər xalqlara qarşı bunu etmək istəyəcək. Artıq biz də taleyimizi buna görə planlaşdırırıq".
Bunu APA-ya açıqlamasında Krım Tatarları Məclisinin başqanı Refat Çubarov deyib.
Rusiyanın açıq-aşkar Krımı zəbt etdiyini deyən R.Çubarov qeyd edib ki, hadisələrin ilk günündən Ukraynadan, beynəlxalq birlikdən gözlədikləri təpkini görə bilməyiblər: "Məhz bu səbəbdən Rusiya burada referendum keçirib, öz qanunlarına uyğun Krımı özünə birləşdirdi. Rusiya Krımda da Abxaziya ssenarisini həyata keçirə bilərdi, amma daha uzağı hədəflədiyi üçün Krımı özünə birləşdirdi. Bununla da Krımın geri qayıtarılması yolu birdəfəlik qapandı".
R.Çubarov bildirib ki, tatarların bundan sonra Krımda necə yaşayacaqları hələ də məlum deyil: "Məclisdə toplaşan tatarların mövqeyindən də anlaşılan o oldu ki, torpaqlarımızdan gedən deyilik. Rusiyanın şərtləri ilə necə yaşayacağımız tam aydın deyil".
R.Çubarov tatarların qurultayında mədəni muxtariyyətinin elan olunması məsələsinə də toxunub: "Rusiya Krımda "de-fakto" öz qanunlarını tətbiq edəcəyi təqdirdə, ilk şərtimiz budur. Biz artıq Putinə mesaj yollamışıq, ondan cavab gözləyirik".