“Türkiyəni sındırmaq mümkün olmayacaq” Dünya

“Türkiyəni sındırmaq mümkün olmayacaq”

Aydın Mirzəzadə: "Bu terror konkret insanlara qarşı deyil, Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı hücumdur"

Məhəmməd Əsədullazadə: "Hərbiçilərə qarşı törədilən terrorun arxasında Suriyada hərbi fəal əməliyyatlar aparan dövlət (lər) dayanır"

Sahib Alıyev: "Türkiyə ilə eyni hərbi blokda yer alan bəzi dövlətlərin davranışı göstərir ki, rəsmi Ankaranın Azərbycandan başqa heç bir səmimi müttəfiqi yoxdur"

"Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına bir neçə saat qalmış xain əllərin Ankarada törətdiyi terror aktı sözsüz ki, çox üzücü və ağır hadisədir. Yəqin ki, qardaş Türkiyənin müvafiq qurumları bu hadisənin təşkilatçılarını və icraçılarını mütləq müəyyən edib öz sözlərini deyəcəklər". Bu fikirləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, bu terror hadisəsinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ilə heç bir əlaqəsi yoxdur: "Birmənalı olaraq hadisənin kökündə Rusiya Suriya münasibətləri fonunda Türkiyənin mövqeyi dayanır. Qardaş Türkiyənin son vaxtlar öz ərazisində PKK və digər qanunsuz silahlı birləşmələrə qarşı həyata keçirdiyi anti-terror əməliyyatlarının da rolu böyükdür. Məhz NATO üzvü kimi Türkiyəni öz paytaxtında xaincəsinə, özü də Silahlı Qüvvələrin üzvlərinin yerləşdikləri avtomobillərə terror əməli həyata keçirmək açıq mesajdır. Düşünmürəm ki, Türkiyə bundan çəkinəcək və geriyə addım atacaq. Əksinə, dünənki vicdansızcasına və insanlıqdan kənar hadisədən sonra Türkiyənin və müttəfiqlərinin cavabı çox sərt olacaq. Buna əsla şübhəm yoxdur".
Üzeyir Cəfərov Türkiyəyə qarşı həyata keçirilən terrorun türk dünyasına bir siqnal olduğunu bildirib. O qeyd edib ki, türk dünyası öz müdafiə və təhlükəsizliyini lazımi səviyyədə qorumalıdır: "Əgər xain və qisasçı qüvvələr dünyanın tanınmış dövlətlərindən biri sayılan Türkiyə ərazisində belə yaramazlıqlar həyata keçirirsə, onlar çox asanlıqla digər türk dövlətlərinin ərazilərində də xain əməllər həyata keçirə bilərlər. Bunu əsla unutmaq lazım deyil".
Millət vəkili, politoloq Aydın Mirzəzadə isə bildirib ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Gəncə səfərinin təxirə salınmasının yeganə səbəbi Ankarada terror aktının törədilməsi oldu.
Onun sözlərinə görə,Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutsaydı həm iştirakçı ölkələr, həm də region üçün çox ciddi məsələlər müzakirə olunacaqdı: "Amma Ankarada dünən baş verən dəhşətli terror və onun ağır nəticələri həmin görüşün təxirə salınmasını vacib hesab edib. Türkiyə prezidentinin Azərbaycan səfərinin təxirə düşməsi cənab Ərdoğanın baş verənlərdən dolayı ölkəsində olmasının vacibliyindən irəli gəlirdi. Bundan başqa Türkiyənin baş naziri Əhməd Davudoğlunun Belçikaya səfəri də təxirə salındı. Son məlumatlara görə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcəkdi və Türkiyə orada bir sıra təkliflərlə çıxış edib, qəti mövqeyini ortaya qoyacaqdı. Təəssüf ki, səfər baş tutmadı".
A.Mirzəzadə qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə qalır: "Bu ağır günlərdə biz qardaş ölkənin yanındayıq. Bu terror konkret insanlara qarşı deyil, Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı hücumdur. Düşmən qüdrətli ölkə ilə açıq üzbəüz gəlməkdən qorxaraq, alçaqcasına dinc əhaliyə qarşı azğın hərəkətini həyata keçirdi. Məqsəd qardaş Türkiyəni müstəqil siyasətinindən əl çəkdirmək, onun parçalanmasına yol açmaq, bu qüdrətli ölkəni kimlərinsə siyasətinin kiçik oyunçusu statusuna endirməkdir. Ancaq miniliklərlə möhtəşəm tarixə malik olan Türkiyəni sındırmaq mümkün olmayacaq, düşəm qüvələri bu dövləti, bu xalqı hələ yaxşı tanımırlar. Bu ağır gündə bütün Azərbaycan, hər birimiz qardaş, dost Türkiyənin yanındayıq, onun acısını bölüşürük, onun öz suverenliyini və kimliyini qorumaq yolunda mübarizəsininin dönməzliyinə inanırıq".
A.Mirzəzadəyə görə, Türkiyə tərəfindən Azərbaycana verilən yüksək qiymətin göstəricisidir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu plandan kənar ölkəmizə səfər etdi: "Prezidentlər səviyyəsində müzakirəsi planlaşdırılan məsələlər xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək. Şübhəsiz ki, hazırkı stiuasiyada çıxış yolları tapılandan sonra əlavə görüşün keçirilməsi məsələsi müzakirə olunacaq".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki,Türkiyənin Ankara şəhərində hərbiçilərə qarşı törədilən terrorun arxasında Suriyada hərbi fəal əməliyyatlar aparan dövlət (lər) dayanır: "İlana birbaşa zəhər verən aydındır. PKK və PYD terror təşkilatlarını silahlandıranlar bu terrorun məsuliyyətini daşıyırlar. Türkiyə şəhidləri ilə ayaqdadır". Mərkəz rəhbəri onu da qeyd edib ki, Suriyada davam edən müharibənin miqyası genişlənməkdədir: "Türkiyəni Pakistana çevirmək istəyən məlum qüvvələrin Suriya planını pozmaq mütləq lazımdır. İslam koalisiyasının Suriyada quru əməliyyatları keçirməsi labüddür. Bəşər Əsəd hakimiyyətdə qaldıqca İŞİD və PKK da ayaqda qalacaq". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya və digər maraqlı ölkələrin Yaxın Şərqdə planının gerçəkləşdirilməsində Əsəd, PKK, İŞİD-in hələ də mövcud olması həmin qüvvələrin uzunvədəli siyasətinin bir parçasıdır".
Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Türkiyə ilə eyni hərbi blokda yer alan bəzi dövlətlərin davranışı göstərir ki, rəsmi Ankaranın Azərbycandan başqa heç bir səmimi müttəfiqi yoxdur: "Həmin dövlətlər Azərbaycanın torpaq bütünlüyü məsələsində nə dərəcədə "prinsipal"dırlarsa, Türkiyənin torpaq bütünlüyü məsələsində də o dərəcədə "prinsipial"dırlar. Bizə "torpaqlarınızı savaş yoluyla qaytara bilməzsiniz" deyirlər, Türkiyəni onun təhlükəsizliyini təhdid edənlərə cavab verməməyə çağırırlar. Necə olur ki, son zamanlar az qala bütün məsələlərdə fikirləri tərs gələn Amerika Birləşmiş Ştatlarıyla Rusiya Dağlıq Qarabağdakı erməni sepratçılarına yanaşmada olduğu kimi, Türkiyənin torpaq bütünlüyünü təhdid edənlərə yanaşmada da demək olar ki, ortaq mövqe sərgiləyirlər?".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyir ki, Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən sonuncu terror hadisəsi hər bir Azərbaycan vətəndaşını son dərəcə kədərləndirdi: "Artıq bu kədərimiz artıq hiddətə çevrilməkdədir. Qardaş Türkiyə Prezidentinin ölkəmizə səfərinə cəmi bir neçə saat qalmış bu terrorun törədilməsi bir daha onu sübut edir ki, bu qanlı terrorun zamanı heç də təsadüfi seçilməyib. Lakin, biz bu kədərimiz və hiddətimizlə bir yerdə hər zaman olduğu kimi qardaş Türkiyəmizin yanındayıq. Bunu cənab Prezidentimiz İlham Əliyev də bir daha sübut etdi".

Əli