Tramp nüfuzunu artırır Dünya

Tramp nüfuzunu artırır

O Rusiya ilə əlaqələri yaxşılaşdıracağını deyir, prezident seçilərsə...

Cavid

Donald Tramp respublikaçı namizədlərin praymerilərdə ağır mübarizə apardığı vaxt İndianada Ted Kruz üzərində qəti qələbə çaldıqdan sonra partiyadan prezidentliyə nominasiya olmaq üçün əsas namizəd hesab edilir. Donald Tramp: "Bunu izləmək, bunları müşahidə etmək çox gözəldir. Biz Amerikanı yenidən möhtəşəm ölkə edəcəyik, Amerikanı bir daha möhtəşəm edəcəyik."
Tramp çıxışında diqqəri demokrat opponenti Hillari Klintona və Respublikaçılar partiyasında birlik məsələsinə yönəldib. Trampın qələbəsi Texas senatoru Ted Kruzun prezidentlik uğrunda mübarizəsinə son qoydu. Kruz seçki kampaniyasını dayandırmaq haqda qərarı İndianapolisdə tərəfdarları qarşısında elan etdi. "Biz kampaniyaya verə biləcəyimiz hər şeyi verdik, amma seçicilər başqa yol seçdi. Və beləlikdə də ürək ağrısı ilə, lakin ölkənin gələcəciyinə nikbin baxışla kampaniyanı dayandırırıq."
Demokrat partiyasından yarışlarda Berni Sanders İndianada irəli gedən Hillari Klinton üzərində qələbə çalıb. Berni Sanders: "Milyonlarla insan ayağa qalxıb, müqavimət göstərir və hökumətin bir qrup milyarderi deyil, bizim hamımızı təmsil etməsini tələb edir." Lakin qələbəyə baxmayaraq, Sandersin Klintonun Demokrat partiyasından nominasiya almaq üçün irəliləməsinin qarşısını alması mümkün deyil.
Rəy sorğularına əsasən, Klinton Trampla qarşılaşmaq üçün daha münasib namizəd hesab edilir. Lakin təhlilçi Con Fortiyer deyir ki, Trampın gözlənilməz xarakteri nəzərə alınsa, seçkilər namizədlər arasında çox kiçik fərqlə gərgin keçə bilər. Con Fortiyer: "Lakin Donald Trampla bir şəxsiyyət kimi rəqabət aparmaq çətindir və o bunu partiyada göstərdi. Əgər seçkilərdə fərq az olsa, bu onun istifadə edə biləcəyi güclü tərəfidir." Tramp və Klintonun qarşıdan gələn həftələr diqqəti daha çox bir-birinə yönəldəcəyi gözlənilir.
Bu arada Tramp deyib ki, "prezident seçilsəm, Putinlə yaxşı münasibətlər yaradacam". Donald Tramp hesab edir ki, ölkə rəhbəri seçilsə, Rusiyanın dövlət başçısı ilə onun arasında yaxşı münasibətlər yaranacaq. Siyasətçi "CNN" telekanalına bildirib ki, ən yüksək dövlət postuna seçiləcəyi təqdirdə Vladimir Putinlə münasibətə pozitiv əsasda başlayacaq.
Tramp ABŞ esminesinin və kəşfiyyatçısının Rusiya təyyarələri tərəfindən ələ keçirilməsi hadisəsini şərh edərək, bildirib ki, dövlət başçısı postunda olsaydı, "bir daha belə etməmək" xahişiylə Putinə zəng vurardı. Daha əvvəl isə o, ABŞ-ın təyyarələrinə təhlükəli həddə yaxınlaşmış Rusiya qırıcılarını vurub salmağı təklif edirdi. Milyarder nə vaxtsa Rusiya prezidentilə danışıb-danışmaması barədə bağlı suala cavab verməkdən imtina edib. Lakin xatırladıb ki, Putin çıxışlarından birində Trampı dahi adlandırıb.