“TDT-də təhlükəsizlik əməkdaşlığı güclənir” Gündəm

“TDT-də təhlükəsizlik əməkdaşlığı güclənir”

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər yalnız TDT daxilində əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti mesaj deyil. Burada daha böyük strateji xətt görünür”.

Bu fikirləri politoloq Elman Telmanoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı tədricən siyasi, iqtisadi və mədəni əməkdaşlıq platformasından təhlükəsizlik məsələlərində də koordinasiya edən daha institusional bir birliyə çevrilməlidir.

“Təsadüfi deyil ki, Prezidentin çıxışında təhlükəsizlik şuraları arasında mütəmadi əlaqələrin vacibliyi, ortaq təhdidlərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məsələləri ön plana çəkilib.

Azərbaycanın bu prosesdəki rolu da xüsusi diqqət çəkir. Son günlər Bakıda əvvəlcə TDT-nin dini liderlərinin, ardınca isə təhlükəsizlik strukturlarının rəhbərlərinin bir araya gəlməsi Azərbaycanın təşkilat daxilində yalnız üzv dövlət deyil, dialoq və koordinasiya üçün əsas platformalardan biri kimi çıxış etdiyini göstərir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlığın gücləndirilməsi Türk dünyasının inteqrasiyasının artıq yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını nümayiş etdirir”.

Politoloq qeyd edib ki, enerji və nəqliyyat məsələlərinin təhlükəsizliklə əlaqələndirilməsi də mühüm məqamdır:

“Türk dövlətlərinin yerləşdiyi coğrafiya Avropa ilə Asiya arasında enerji və logistika bağlantılarının əsas istiqamətlərindən birinə çevrilir. Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyanı Qərb bazarlarına bağlayan nəqliyyat və enerji layihələrindəki mövqeyi isə Bakının TDT daxilində strateji əhəmiyyətini artırır.

Başqa sözlə, Azərbaycan üçün TDT yalnız siyasi həmrəylik platforması deyil, həm də nəqliyyat, enerji, investisiya və təhlükəsizlik maraqlarının kəsişdiyi geosiyasi məkandır”.

Elman Telmanoğlu Prezidentin çıxışında gənclərlə bağlı mesajların da strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Müasir dövrdə təhlükəsizlik yalnız sərhədlərin və kritik infrastrukturun qorunması demək deyil. İnformasiya məkanı, sosial şəbəkələr, dezinformasiya, xaricdən maliyyələşən informasiya təsirləri və ideoloji manipulyasiya da dövlətlərin qarşılaşdığı yeni çağırışlardır. Buna görə TDT daxilində gənclər arasında əlaqələrin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılığı ilə yanaşı, informasiya təhlükəsizliyi və media savadlılığı istiqamətində əməkdaşlığın artırılması da mühüm nəticələr verə bilər”.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin mesajlarının əsas siyasi mahiyyəti Türk dünyasının mövcud geosiyasi proseslərdə daha fəal rol alması və TDT daxilində siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat və enerji bağlantıları ilə yanaşı, təhlükəsizlik sahəsində də koordinasiyanın gücləndirilməsidir.

“Prezidentin ‘Türk dünyası bizim ailəmizdir’ yanaşması da məhz bu konsepsiyanın siyasi-fəlsəfi əsasını ifadə edir. Azərbaycanın məqsədi isə bu ailə daxilində həm təşəbbüskar, həm etibarlı tərəfdaş, həm də regional və qlobal gündəmin formalaşmasına təsir göstərən dövlət kimi çıxış etməkdir”.

Elman Telmanoğlu hesab edir ki, Bakıda keçirilən görüşü sadəcə protokol tədbiri kimi qiymətləndirmək olmaz:

“TDT-nin təhlükəsizlik şuraları arasında əlaqələrin sistemli xarakter alması gələcəkdə ortaq təhlükəsizlik mexanizmlərinin və koordinasiya formatlarının daha da inkişaf etdirilməsi üçün institusional baza yarada bilər. Prezidentin çıxışında beynəlxalq terrorçuluqdan hibrid təhdidlərə, transmilli cinayətkarlıqdan kritik infrastrukturun qorunmasına qədər geniş təhlükəsizlik gündəminin qeyd olunması da bunu göstərir.

Nəticə etibarilə, Türk dünyasının inteqrasiyası artıq yalnız ‘birlik ideyası’ mərhələsində qalmamalı, real siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirilməlidir. Azərbaycanın Bakıda ardıcıl olaraq belə platformalar yaratması isə ölkəmizin TDT daxilində fəal təşəbbüskar rolunu daha da görünən edir”.

Günel Elxan