İran parlamentində Türk Fraksiyasının təsiri və önəmi Dünya

İran parlamentində Türk Fraksiyasının təsiri və önəmi

Kərim Əsgəri: ""İranda 90 ildir türkün inkar edilməsinə şahidik"

Cavid

"İranda türk kimliyinin 90 il inkar edildiyini nəzərə alaraq İran Parlamentində Türk Fraksiyasının təşkili çox önəmli və müsbət bir addımdır" - deyə siyasi ekspert Kərim Əsgəri Amerikanın Səsinə müsahibədə bu yaxınlarda İran Məclisində 60-dan çox millət vəkili tərəfindən türk fraksiyasının təşkilinin önəmli olduğunu, lakin onun nüfuz və təsirinin zamanla bəlli olacağını ifadə edib.
İranın İslami Şura Məclisində təşkil olunan yeni fraksiya ilə bağlı məlumat Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əhməd Əlirza Beygiyə istinadən yerli internet portalları və İran xəbər agentliklərində nəşr edilib.
Cənab Əlirza Beygi fraksiyanın adını Türkdillilər Fraksiyası, eləcə də Türk Fraksiyası şəklində bildirib. Lakin yarı-rəsmi Fars xəbər agentliyi yaydığı xəbərin başlığında Azəridillilər Fraksiyası ifadəsini də dərc edib.
Kərim Əsgərinin bildirdiyinə görə, fraksiyanın təşkili ilə bağlı xəbərlərin yayılmağa başladığı vaxtdan bəri ən çox diqqət çəkən mövzu elə onun adı olub:"İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə ‘Türk’ adı inkar olunub yerinə qondarma ‘Azəri’ çıxarılmışdı. Bu gün İran məclisində, özəlliklə də 60-dan çox millət vəkilinin təşkil etdiyi qrupun adı olaraq türk sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki, türkdilli dedikləri zaman yəni ‘Türk’ü tamamilə rəsmiyyətə tanımırlar. Ancaq bu ‘Azəri’ kəlməsindən qat-qat yaxşıdır".
Əhməd Əlirza Beygi İran Parlamentində millət vəkillərinin dörddə birinin (təqribən 72 nəfər) türklərdən ibarət olduğunu bildirib. Onun sözlərinə əsasən, türk millət vəkilləri 31 vilayətdən ibarət olan İranın 19 vilayətindən məclisə daxil olmağa nail olublar.
Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Tehran vilayətlərindən olan 5 millət vəkilindən təşkil olunan bir heyət türk fraksiyasına sədrlik edəcək. Əsgəri bu heyətin türklərin ən çox yaşadığı vilayətlərdən seçilməsinin də bir mesaj olduğunu önə çəkir.
Təbrizli siyasi ekspert fraksiyanın təşkilinin ümumiyyətlə önəmli bir addım kimi dəyərləndirsə də, onun haqqında dəqiq fikir bildirmək üçün çox tez olduğunu qeyd edir.
Türk Fraksiyasının üzvlərindən islahatçı siyasətçi və Təbriz millət vəkiliMəsud Pezeşkiyan İran Parlamentinin birinci sədr müavini seçilib. Təbrizin digər millət vəkili Əlirza Beygi bunun "Türk əməkdaşların birliyi və dəstəyi ilə" həyata keçirildiyini ifadə edib.
Əhmədinejad dönəmində Şərqi Azərbaycanın valisi olmuş Əhməd Əlirza Beygi muhafizəkar bir siyasətçidir.
Əsgəri fraksiyanı təşkil edən millət vəkillərinin müxtəlif siyasi qanadlardan olduqlarının da diqqətəlayiq olduğunu vurğulayır.
"Görürük ki, islahatçıların uc nöqtəsində olan millət vəkilləri ilə muhafizəkarların uc nöqtəsində olanlar gəlib eyni fraksiyaya üzv olublar. Bu da çox önəmlidir," deyə Ankarada yaşayan güneyli fəal dilə gətirir.
Onun dediklərinə görə, Türk Fraksiyası parlamentdə bir qrup olaraq öz fəaliyyətləri ilə hər hansı bir qanunun qəbul olunması və ya qəbul olunmamasında rol oynaya bilər.
Əsgəri həmçinin deyir ki, "bu fraksiya ilə bağlı ən önəmli məsələ kimlik mözvusu ilə əlaqəlidir. Fraksiyaya üzv olan millət vəkilləri bunu hər kəsdən daha yaxşı bilirlər. Seçkilərdən öncə bunların hamısı muhafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq kimlik mövzusu ilə bağlı verdikləri vədlərlə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var...".