Gül siyasətdən gedir Dünya

Gül siyasətdən gedir

"Daxili siyasətə qayıtmaq planım yoxdur"

Türkiyə prezidenti Abdulla Gül daxili siyasətə qayıtmaq planı olmadığını bəyan edib. APA-nın xəbərinə görə, A. Gül Kütahya şəhərində jurnalistlərin bu il keçiriləcək prezident seçkiləri ilə bağlı suallarını cavablandırıb.
"Gələcəkdə siyasətlə məşğul olmaq planım yoxdur. İndi prezident olduğum üçün bəzi məsələləri açıq danışa bilmirəm. Dostlarımızla danışıb, müzakirə aparacağımızı daha əvvəl söyləmişdim", - deyə A. Gül bildirib.
Bu açıqlama ilə A. Gül prezidentliyə namizədlikdən baş nazir Ərdoğanın xeyrinə vaz keçəcəyi, Ədalət və İnkişaf Partiyasının sıralarına qayıdaraq bu partiyanın lideri və baş nazir olacağı barədə iddiaları təkzib etmiş olub.
Qeyd edək ki, avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə seçiləcək. Birinci turda heç bir namizəd 50%-dən çox səs toplamasa, avqustun 24-də ikinci tur olacaq.