İtaliyada zəlzələ qurbanlarının sayı 24-ə çatıb Dünya

İtaliyada zəlzələ qurbanlarının sayı 24-ə çatıb

İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində qeydə alınan 6,2 bal zəlzələ nəticəsində ilkin məlumatlara görə 24 nəfər həyatını itirib. Şəhər meri Sercio Pirotssi televiziya vasitəsi ilə çıxış edərək bildirib ki, şəhər binalarına ciddi ziyan dəyib, dağıntılar altında insanlar ola bilər. "Baxın, bəzi binalar tamamilə dağılıb, biz ümid edirik ki, yardım alacağıq", - deyə o bildirib.
Merin sözlərinə görə, dağılmış binaların altında qala bilən insanlara çatmaq üçün şəhərə ağır texnika lazımdır.Zəlzələnin gücünü İtaliyanın bir çox şəhəri hiss edib. Zərbə dalğası ölkə paytaxtı Romaya qədər çatıb. Şəhər meri Sercio Pirotssinin sözlərinə görə, vəziyyət zəlzələdən sonra yaranan sürüşmə ilə daha da mürəkkəbləşib. "Şəhərə gələn və gedən bütün yollar kəsilib. Şəhərin yarısı yox olub. İnsanlar dağıntıların altındadır", - Pirotssi dövlət telekanalı RAI-nin efirində bildirib.
Şəhərə hazırda xüsusi texnika göndərilib. Zəlzələnin qurbanları haqqında informasiyalar hələ azdır. Hakimiyyət altı nəfərin həlak olmasını təsdiq edib. Amma KİV bildirir ki, ən azı 24 insan həlak olub. Bəzi məlumatlarda ondan çox insan həlak olduğu bildirilir.
Daha iki nəfər Arkuata-del-Trontoda təbii hadisənin qurbanı olub. Peskara-del-Tronto şəhərciyində uşaq həlak olub. Onun valideynlərinin indiyə qədər dağıntıların altında olduğu bildirilir. Qurbanların artacağı istisna edilmir. "Mən zarıltıları və qışqırıqları eşidirəm, amma heç nə edə bilmirəm. İnsanlar dağılmış evlərin altındadır. Bizə insanları dağıntıların altından çıxarmaq üçün mütəxəssislər lazımdır", - şəhərin meri deyib. Başqa şəhərlərdə də həmçinin ciddi dağıntılar qeydə alınıb, yaralılar var. Milli Mülki Müdafiə Xidmətinin başçısı Fabritsio Kurço jurnalistlərə bildirib ki, zəlzələ ən azı üç əyalətə - Askoli Piçeno, Fermo və Maçerataya zərər vurub.