“Yüzlərlə” insan Mosulu tərk edib Dünya

“Yüzlərlə” insan Mosulu tərk edib

Təxminən 900 insan Mosul şəhərini tərk edərək Suriyaya gedib. Bu, İraq hökümətinin Mosulu özünü İslam Dövləti adlandıran qrupdan geri almaq üçün əməliyyata başladıqdan bəri əhalinin hərəkəti barədə ilk məlumatdır. Hazırda Mosulda 1.5 milyon əhalinin qaldığı və 5000-ə yaxın döyüşçünün olduğu güman edilir. Həmçinin ABŞ bildirib ki, İraq ordusu Mosula yaxınlaşdıqca qiyamçıların insanlardan sipər kimi istifadə edəcəyi barədə qorxular var.
Vaşinqtonda jurnalistlərin İŞİD-in dinc əhalini canlı qalxan kimi istifadə edib-etməməsi barədə suallarına Pentaqonun sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Jeff Davis "tamamilə" deyə cavab verib. Şəhərdəki sakinlərlə telefon əlaqəsi saxlayan Reuters xəbər agentliyi bildirir ki, İŞİD şəhərdən qaçan insanların qarşısını alıb və onların bəzilərini havadan zərbələr endirilən binaların istiqamətində göndərib. BMT Mosuldan kənarda yeni qaçqın düşərgələri yaratmağa çalışır. Yaxınlıqdakı şəhər Qaraqoshun azad olması barədə xəbərləri isə sonradan hökumət komandiri təkzib edib.
Ancaq ABŞ-ın dəstəklədiyi koalisiya bildirir ki, onlar İŞİD qruplaşmasından 10 kəndi azad ediblər. Bazar ertəsi başlayan ikitərəfli hücumda hökumət qoşunları cənubdan gedir, onların kürd müttəfiqləri şərqdən hərəkət edir. İraq üçün BMT-nin humanitar koordinatoru Lise Grande deyib ki, təşkilat əməliyyatın birinci günü və ya həftəsi azı 200 min nəfərin sığınacaq tələb edə biləcəyi ehtimalını nəzərdən keçirib. İraq quru qoşunlarının komandiri Riadh Jalal Tawfeeq təsdiq edib ki, onlar hələ də Qaraqosu mühasirədə saxlayırlar
Bir müddət əvvəl şəhərin azad olunması barədə yayılmış məlumata kürd regional paytaxtı İrbilə gəlmiş iraqlı xristianlar arasında ani sevincə səbəb olub. Müharibədən əvvəl, Mosuldan 32 km məsafədə yerləşən Qaraqosh İraqın ən iri xristian şəhəri idi. İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ilin iyun ayından İŞİD-nin nəzarəti altında idi. BMT ərazidə yaşayan 1,2 milyon insanın təhlükəsizliyi üçün "son dərəcə narahatlıq" ifadə edib.
Mosul İraqda İŞİD qrupunun sonuncu əsas dayağıdır. Rəsmilər bildirirlər ki, şəhərin itirilməsi İD-nin ölkədə səmərəli məğlubiyyəti deməkdir. Məhz Mosulda İŞİD lideri Əbu Bəkr əl-Bağdadi qrupun İraq və Suriyadakı nəzarət etdiyi ərazilərdə şəriət qanunları ilə idarə olunan xilafətin yaradılmasını elan edib. Hazırda Mosulda nə qədər sakinin yaşadığı barədə qəti rəqəmlər olmasa da məlumat var ki, iki il əvvəl İD şəhəri ələ keçirəndə orada iki milyondan artıq insan olub. İraqın silahlı qüvvələri bazar ertəsi səhər saatlarında Mosul şəhərini İŞİD qruplaşmasından azad etmək üçün əməliyyata başlayıb.