ABŞ mətbuatı “RS-28 Sarmat”ı cildini dəyişmiş iblis adlandırıb Dünya

ABŞ mətbuatı “RS-28 Sarmat”ı cildini dəyişmiş iblis adlandırıb

Rusiyanın yeni raketi Fransa boyda ərazini xəritədən silə bilər

ABŞ-ın CNBC kanalı Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını iddia edib. Telekanal Moskvanın ilk dəfə yeni və ən böyük nüvə silahının – "RS-28 Sarmat" adlı qitələrarası ballistik raketinin fotolarının mətbuatda yayılmasına icazə verdiyini bildirib: "Raket bütün Fransanı, yaxud Texas ştatını yer üzündən silə bilər. Bu raket sələfi "Satan"dan güclü olduğundan onu "Satan 2" adlandırıblar. Silaha bu adı NATO verib".
ABŞ-ın "Nyu York Post" qəzeti "RS-28 Sarmat"ı cildini dəyişmiş iblis adlandırıb. Qəzet silahın cəhənnəmi Yerdə yaratmağa qadir olduğunu bildirib: "Moskvadakı silah mütəxəssisləri "RS-28 Sarmat"ın müdafiə radarlarından yayınaraq, 10 min kilometrə qədər məsafəni asanlıqla qət edə biləcəyini deyirlər. Bu, o deməkdir ki, Rusiya bu nüvə silahıyla Nyu Yorku da vura bilər. Rus mühəndisləri "RS-28 Sarmat"ın 2018-ci ildə hazır olacağını, 2020-ci ilə işlək vəziyyətə gətiriləcəyini bildiriblər".
"Uo Strit Jurnal" qəzeti Rusiyada nüvə hücumundan qorunmaqdan ötrü keçirilən kütləvi təlimlərin videosunu paylaşıb. Bu videoları Rusiyanın dövlət kanalları yayıb və kadrlarda vətəndaşların hərbi heyətlə birgə təhlükəli materiallardan qoruyan xüsusi geyimlərdə hərəkət etdiyi, məktəb və universitetlərdə şagird və tələbələrə nüvə hücumu zamanı necə davranmalı olduqları haqda məlumat verildiyi görünür. Qəzet təlimlərə 40 milyon vətəndaşın qatıldığını, bunun Sovet İttifaqının süqutundan sonra ən genişmiqyaslı təlimlər olduğunu yazır.
Rusiyanın "Levada" sorğu mərkəzinin direktoru Lev Qudkov qəzetə müsahibəsində ölkə əhalisnin III Dünya savaşına hazır olduğunu deyib. "Biznes İnsayder" saytı da Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını yazıb. Dərgi Rusiya ilə ABŞ arasında Suriya danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Moskvanın nüvə silahının yayılmaması haqda razılaşmadan imtina etdiyini, nüvə başlıqlı raketlərini Kalininqrada, Avropa ilə sərhəd ərazilərə yerləşdirdiyini xatırladıb.
Fransa mətbuatı isə yazır ki, Rusiyanın yeni raketi "Fransa boyda ərazini" xəritədən silə bilər. "The Telegraph" qəzeti yazır ki, Rusiya özünün yeni nüvə raketinin ilk təsvirini dərc edib. Bu raketin zərbəsi, deyilənlərə görə o qədər güclüdür ki, Birləşmiş Krallıq və Fransanı Yer üzündən silə bilər. Məqalədə deyilir ki, RS-28 Sarmat istilik-nüvə başlıqlı raketləri 2011-ci ildə sifariş edilib və 2018 -ci ilədək istifadəyə veriləcək. İndiyədək məxfi saxlanan bu nəhəng raket Qərb hərbiyyəsi tərəfindən "Şeytan-2" ( Satan 2 ) adlandırılıb, çünki 1970-ci illərdə buraxılmış RS-36M raketlərini NATO rəsmiləri "Şeytan" raketi adlandırmışdılar.
Rusiya hökumətinin nəzarətində olan Sputnik internet saytı may ayında dərc etdiyi məqalədə yazırdı ki, bu raket "Texas və ya Fransa böyüklüyündə ərazini" tamamilə dağıtmaq gücündədir. "The Telegraph" Rusiya mediasına istinadən yazır ki, ağırlığı 10 ton olacaq bu raket 10 tonluq nüvə yükü götürə biləcək. Məqalədə deyilir ki, Sarmat raketi Hirosima və Naqasakiyə atılmış atom bombalarından 2000 dəfə güclü partlayış verə bilər.
Bəzi məlumatlara görə Rusiya səsdən iti uçan nüvə başlığını aprel ayında sınaqdan çıxarıb. "Şeytan-2" raketlərinə məhz bu başlıqların keçiriləcəyi güman edilir. Bu da xəbər verilir ki, sözü gedən raketi radarla tutmaq mümkün olmayacaq, çünki onun uçuş trayektoriyası naməlum qalacaq. "Şeytan-2" raketinin "Şeytan-1"-dən daha sürətli uçacağı düşünülür. Raketin baş konstruktorları V. Deqtyar və Y.Kaverinin bəyanatında deyilir ki, Sarmatın hazırlanması üçün sifarişi Kreml hələ 2011-ci ildə veribmiş. Bəyanatda deyilir ki, bu raketlər Rusiya strateji qüvvələri tərəfindən çəkindirici vasitə kimi istifadə olunacaq.