Trump seksual təcavüzdə ittiham edildi Dünya

Trump seksual təcavüzdə ittiham edildi

"The Telegraph" yazır ki, keçmiş Finlandiya gözəli irəli çıxaraq ABŞ prezidentliyinə namizəd Donald Trumpı cinsi təcavüzdə ittiham edən sayca 12-ci qadın olub. 30 yaşlı Ninni Laaksonen Miss Finlandiya titulunu 2006-cı ildə qazanıb. Qadın yerli Ilta-Sanomat qəzetinin sorğusuna cavab olaraq bildirib ki, cənab Trump elə həmin 2006-cı ildə "ondan yapışıb".
Xanım Laaksonen deyib ki, bu insident o David Lettermanın gecə proqramı Late Show verilişinə çıxmazdan bir neçə dəqiqə əvvəl baş verib. Həmin verilişdə cənab Trump və gözəllik yarışının daha iki iştirakçısı çıxış etməli idilər.
"Şoudan əvvəl binanın qarşısında bizim şəklimizi çəkirdilər", - deyib keçmiş Finlandiya gözəli: "Trump mənim yanımda dayanmışdı. Birdən arxa tərəfdən əlini uzadıb mənim yanbızımı əli ilə sıxdı. Daha doğrusu o mənim yanbızımdan əməlli-başlı yapışmışdı…"
Xanım Laaksonen bunu da deyib ki, o və başqa yarış iştirakçıları cənab Trump və onun arvadı Melania ilə bir neçə ev qonaqlıqlarında da olublar. Onda Donald Trump Melania ilə bir ildi ki, evlənmişdi. "Mənə kimsə demişdi ki, Trumpın məndən xoşu gəlir, çünki Melanianın cavanlığına oxşayıram. Lap ürəyim bulanırdı" - deyib Laaksonen.
"The Telegraph" yazır ki, xanım Laaksonenin əhvalatına bənzəyən əhvalatları daha 11 qadın da danışıb. Donald Trumpa qarşı cinsi təcavüz ittihamları oktyabrın 13-dən səslənməyə başlayıb. Həmin gün hazırda 74 yaşı olan Jessica Leeds demişdi ki, Trump "lap səkkizayaq" kimi idi və onlar 1980-ci illərdə yanaşı oturanda o əllərini dinc qoymurdu.
People jurnalının müxbiri Natasha Stoynoff deyib ki, Trumplardan evlənmələrinin birinci ildönümündə müsahibə götürmək üçün Mar-a-Laqoya gedibmiş. Orada Donald Trump malikanənin otaqlarından birində xəlvətə salaraq müxbiri öpüb.
Trumpın apardığı "The Apprentice" teleşousunun iştirakçısı Summer Zervos da göz yaşları axıdaraq Trumpın onu 2006-cı ildə Beverly Hills otelində zorla qucaqlayıb öpməsi barədə danışıb.
Cənab Trump onu ittiham edənlərin hamısını məhkəməyə verəcəyini deyib. "Bu əhvalatların hamısı yalandır" - deyib Trump "Good Morning Amerika" verilişinə. Onun arvadı Melania Trump da eyni verilişə müsahibəsində ərini ittiham edənlərin yalan danışdıqlarını bildirib. O deyib ki, Amerika xalqı bu söhbətləri deyil, daha ciddi məsələlərin müzakirəsini gözləyir.