Erməni əsgərləri pnevmaniyadan qırılırlar Dünya

Erməni əsgərləri pnevmaniyadan qırılırlar

Onlar arasında atışmalar da qeyd olunur

Dağlıq Qarabağda xidmət edən erməni əsgərlər pnevmaniya diaqnozu ilə hospitala yerləşdirilir.
Havaların kəskin soyuması nəticəsində Azərbaycanın işğal altında olan ərazilərində dislokasiya olunmuş Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrinin istiliklə təmin olunmaması səbəbindən hərbi qulluqçular arasında xəstəliklərin artırması Ermənistanda növbəti qalmaqala səbəb olub.
Məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinin Maddi Texniki Təminat idarəsi ilə Xankəndində Baqramyan-18 ünvanında yerləşən Biotexnalogiya MMC arasında Dağlıq Qarabağda yerləşən hərbi hissələrin istiliklə, xüsusən odunla təmin edilməsi haqqında bağlanmış 49700500 dramlıq (105000 dollar) müqavilənin şərtləri yerinə yetirilməyib.
Nəticədə əsgərlər arasında xəstəliklər artıb, orta və ağır dərəcəli pnevmaniya epidemiyası yayılıb. Şirkət müqavilənin yerinə yetirilməməsində Müdafiə Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin keçmiş rəisi A.Mirzabekyanı günahlandırsa da, nazirlik rəsmisinin bildirdiyinə görə, Qarabağ şirkəti ayrılan pulları mənimsəyərək öhdəliyi yerinə yetirməkdən boyun qaçırır.
Erməni mətbuatı yazır ki, artıq ikinci ildir ki, Qarabağ şirkəti Ermənistan Silahlı Qüvvələrinin burada yerləşən hərbi hissələrini odunla təmin etmək öhdəliyini bilərəkdən yerinə yetirmir.
Ermənistandan Qarabağa xidmət etmək üçün gələn erməni hərbi qulluqçuların yaxınlarının şikayətlərinə əsasən, ölkənin müvafiq orqanları tərəfindən əsgərlərin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxmağına səbəb olmuş "Qarabağ klanı"na məxsus şirkətin fəaliyyəti araşdırılır.
Onu da qeyd edək ki, dünən Ermənistan KİV Qarabağda erməni əsgərinin ölümü ilə nəticələnən silahlı insident baş verməsindən yazıb.
Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Cəbrayıl istiqamətində Azərbaycan ordusu ilə üzbəüz yerləşən düşmən postlarının bir-birilə atışması nəticəsində baş verib.
Noyabrın 13-də gecə saat 02:15-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda 21 yaşlı əsgər Vardan Arakelyanın ölməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Dünən yayılan məlumatda Vardan Arakelyanın naməlum şəraitdə, hətta guya Azərbaycan ordusunun atəşkəs rejimini pozması nəticəsində ölümcül güllə yarası aldığı da iddia edilirdi.
Bu azmış kimi, Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Arakelyanı tez-tələsik ölümündən sonra "Döyüş xidmətinə görə" medalı ilə təltif etmişdi.
Sən demə, Arakelyanın ölümü Ermənistan ordusundakı dərəbəyliyin növbəti sübutudur.
İstintaq zamanı müəyyən olunub ki, Vardan Arakelyan postda dayanarkən növbətçilik qaydalarının pozulması nəticəsində güllələnib. Kiçik cavuşun digər postdan açılan atəş nəticəsində öldüyü təsdiqlənib.
Belə ki, rəsmi məlumata görə, döyüş mövqelərindən birində yerləşən kiçik çavuş tabeliyindəki silahla qonşu postda növbə çəkən pulemyotçu Vardan Arakelyana atəş açıb və onu öldürüb.
Faktla bağlı adı açıqlanmayan çavuş gözaltına alınıb.
Xatırladaq ki, işğal olmuş torpaqlarda yerləşən erməni ordusunda hərbi intizamın və döyüş ruhunun aşağı olması tez-tez silahlı insidentlərə səbəb olur.