Almaniya İncirlik bazasından əsgərlərini çıxarmaq istəyir Dünya

Almaniya İncirlik bazasından əsgərlərini çıxarmaq istəyir

Türkiyə ilə danışıqlarda gərginlik

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel deyib ki, Almaniya Türkiyənin İncirlik bazasındakı 260 nəfərlik əsgərlik kontingentini bu ölkədən çıxaracaq.
O, bu bəyanatı Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra verib. Qabrielin baş nazir Binəli Yıldırımla görüşü baş tutmayıb, belə ki, əvvəlcədən planlaşdırılmasına baxmayaraq, Yıldırım bu görüşdən imtina edib.
Siqmar Qabriel Ankara təmaslarında Türkiyənin Almaniya parlamenti üzvlərinin İncirlik bazasına baş çəkməsi üçün icazəsini almağa çalışırdı.
Türkiyə isə Almaniya millət vəkillərinin İncirlik bazasına getməsinə razılıq vermir.
Ekspertlər buna bir neçə səbəb göstərirlər. Bəzi şərhlərə görə, prezident Ərdoğan Almaniyada onun tərəfdarlarının referendum mitinqləri keçirməsinə icazə verilməməsindən hələ də acıqlıdır. Başqa mülahizələrə görə, Ankara Berlindən iyul çevrilişi şübhəlilərinin ekstradisiyasını tələb edib, amma Almaniya sığınacaq verdiyi Türkiyə vətəndaşlarını Ankaraya təslim etmək istəmir.
Qabriel mətbuat konfransında deyib ki, Çavuşoğlu alman deputatlara İncirlik bazasına gəlmək icazəsinin verilməməsini "daxili siyasətlə" izah edib.
Almaniyanın İkinci Dünya Müharibəsindən sonra qəbul edilmiş konstitusiyasına görə, silahlı qüvvələr parlamentin tabeçiliyindədir.
Binəli Yıldırım Qabriellə görüşün ləğv olunmasını "sıx iş cədvəli" ilə əlaqələndirib.
Qabriel deyib ki, Ankara danışıqlarından sonra Berlinin qoşunları Türkiyədən çıxarmaqdan başqa yolu qalmır.
İncirlik bazasındakı Almaniya kontingenti və döyüş təyyarələri ABŞ koalsiyasının İŞİD-ə qarşı mübarizəsində iştirak edir.
Bəzi məlumatlara görə, İncirlikdəki alman hərbçilər İordaniyadakı hərbi bazalardan birinə keçiriləcək.
Qabriel deyib ki, Ankara və Berlin arasında fikir ayrılığının çözüləcəyinə ümid edir.
O, deyib ki, Türkiyə ilə son danışıqlar onun ölkəsinin qarşısında qoşunları çıxarmaqdan başqa seçim qoymayıb.
Almaniyanın 260 hərbçisi və bir neçə Tornado təyyarəsi Türkiyənin İncirlik hava bazasında mənzillənib. Almanlar Qərbin İŞİD-ə qarşı hava zərbələri üçün kəşfiyyat xidməti ilə məşğuldur.
"Biz qoşunlarımızı İncirlikdən çıxarmalıyıq. Bundesver daha orada qala bilməz" - deyib Gabriel türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə danışıqlardan sonra, - Türkiyə açıq şəkildə bildirdi ki, daxili siyasi məsələri ilə bağlı Almaniya millət vəkillərinin səfərinə icazə verə bilməz. Türkiyə başa düşməlidir kİ, belə bir situasiyada biz alman əsgərləri İncirlikdən transfer etməyə məcburuq".
Bəzi xəbərlərə görə Gabriel Türkiyədən alman millət vəkillərinin İncirliyə gələ biləcəyi barədə yazılı zəmanət almaq istəyirmiş.
Lakin buna cavab olaraq Çavuşoğlu deyib ki, "Almaniyanın bir sıra millət vəkilləri Kürdüstan İşçi Partiyası və ya PKK ilə əlaqə saxlayırlar və buna görə də aviabazaya təhlükəsizlik mülahizələri ilə buraxıla bilməzlər".
Maraqlıdır ki, alman millət vəkillərinin İncirliyə gəlməsinə icazə verməyən Türkiyə, onların Konya bazasındakı alman əsgərlərə baş çəkməsinə razılıq verib.
İndi gözlənilən budur ki, Almaniya İŞİD-ə qarşı əməlyiyyatların davam etdirilməsi üçün qoşunlarını İncirlikdən, çox güman İordaniyaya transfer edəcək.
Almaniyada millət vəkillərinin ordu ilə əlaqələri həssas məsələdir, beləki, ölkənin müharibədən sonrakı Konstitusiyasına görə silahlı qüvvələrə komandanlıq funksiyası parlamentə məxsusdur.
Bu son mübahisə Almaniya və Türkiyə arasında bir müddətdir ki, davam edən diplomatik toqquşmaların ən ciddisidir.
Çavuşoğlu Almaniyadan iyul çevriliş cəhdində şübhəli bilinən hərbçilərin ekstradisiya olunmasını tələb edirdi.
İki nazir habelə Türkiyədə saxlanılmış ikili vətəndaşlıqlı jurnalist Deniz Yücelin həbsinə görə toqquşmuşdular. Türkiyə bu jurnalisti "terror təbliğatını yaymaqda" ittiham edirdi.
Çavuşoğlu iddia irəli sürmüşdü ki, Qərb jurnalistlərdən Türkiyəyə qarşı casusluq üçün istifadə edir.
"Türkiyə və Almaniya arasında problemlərin olmasına səbəb yoxdur, - deyib Çavuşoğlu, - Almaniya müsbət addımlar atsa, Türkiyə tərəfi də müsbət addımlar atacaq".
Bununla belə, Qabrielin müavini, lakin Angela Merkelin siyasi partiyasının üzvü olan Maykl Roth deyib ki, Almaniya və Türkiyə arasındakı fərqlər hələ bir müddət qalacaq.
O deyib ki, Türkiyə yaxın gələcəkdə strateji və hərbi partnyor kimi Almaniyanın yanında olmayacaq və Almaniyadan Türkiyəyə silahların verilməsi dərhal dayandırılmalıdır.
"The Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Almaniya Türkiyədə NATO müttəfiqliyi çərçivəsində yerləşdirilmiş hərbi hissəsini və təyyarələrini bu ölkədən çıxarmaq barədə qərar qəbul edib.