Rusiya Azərbaycanı razı salmağa çalışır Dünya

Rusiya Azərbaycanı razı salmağa çalışır

Brüssellə Moskva arasında həlledici mübarizə başlayıb, Putinin emissarlarının Bakıya səfərləri Ermənistanda narahatlıq yaradıb

Cavid

İyunun 12-i Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıya iki günlük səfərə gəlir. Onun ardınca 17-18 iyun tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov, ardınca da Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılığı ilə nüfuzlu Rusiya nümayəndəsi Bakıda olacaq. Avropalılar və rusların Bakıya səfər traffiki ekspertlər tərəfindən müxtəlif aspektlərdən şərh edilməkdədir.
Elə erməni politoloqları da Lavrovun və Rusiyanın digər rəsmilərinin bir-birini əvəz edən səfərlərinin Ermənistanın xeyrinə olmayan proseslərə rəvac verdiyinə işarə edirlər. Elə Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviçin səfər öncəsi verdiyi açıqlamalar da İrəvanda narahatlıq yaradıb. Lukaşeviç bildirib ki, Lavrovun səfəri artıq iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin cari il ərzində dördüncü görüşü demək olacaq. Onun sözlərinə görə, Lavrov Azərbaycan rəhbərliyi və xarici işlər naziri ilə görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, eləcə də regionda təhlükəsizlik problemləri müzakirə olunacaq.
"Azərbaycan bizim Cənubi Qafqazdakı strateji tərəfdaşımızdır", - deyə Rusiya XİN-in rəsmisi bildirib.
Ekspertlər səfər zamanı Lavrovun Azərbaycan rəhbərliyi ilə Avrasiya İttifaqı və Dağlıq Qarabağı müzakirə edəcəyini bildirirlər.
Məlumdur ki, Putin Lavrovu hansısa keçmiş sovet respublikasına ezam edirsə, mütləq onun çantasında çox mühüm əhəmiyyət kəsb edən təkliflər və sənədlər olur.
Ukrayna hadisələrindən sonra Azərbaycan Rusiya ilə Qərbin çarpaz təzyiqləri altına düşmüş kimi görünür. Əlbəttə, bu iki güc mərkəzinin təzyiqləri xarakter etibarilə kifayət qədər fərqlənir.
Qeyd edək ki, Azərbaycanı AİB-ə qoşmaq üçün şimal qonşumuz tədricən bütün iqtisadi, siyasi-diplomatik rıçaqları işə salmağa başlayıb. Belə ki, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Uklyakayevin Bakıya səfər edərək Azərbaycan hakimiyyətinə AİB-ə qoşulmağın üstünlükləri barədə danışdığı bildirilir. Belə versiyalar daha çox səslənir ki, Lavrov Bakıya, prezident Putinin mesajları ilə yanaşı, həm də Qarabağ təklifi ilə gəlir. Lavrov bu cür gərgin məqamda Bakıya səfər etməklə Azərbaycana hansı təklifləri verə bilər?
Yeri gəlmişkən, Lavrovdan sonra iyunda Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin də Azərbaycana səfər edəcək.
Politoloqların fikrincə, səfər zamanı iki ölkə prezidentinin görüşünün təşkili və Qarabağ məsələsində Rusiyanın dəstəyini almaq məsələləri müzakirə olunacaq. Onların fikrincə, artıq Ermənistan tərəfi də bunu yaxşı anladığından bu səfərlərdən ciddi narahatlıq keçirir. Bu səfərlərdən əndişələnən Ermənistanda antirusiya meylləri güclənməkdədir və onlar Rusiyanın yüksək çinli rəsmilərinin davamlı səfərlərinə qısqanclıqla yanaşırlar.
Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya ilə Azərbaycan arasında yeni əməkdaşlıq mərhələsi başlamaqdadır və bu əməkdaşlıq mərhələsində Moskva Azərbaycana Qarabağ probleminin həllində dəstək verə bilər. Ona görə də bu görüşlər nəticə etibarı ilə iki ölkənin prezidentləri səviyyəsində yekunlaşacaq. Ona görə ki, istər Qarabağ məsələsində Rusiyanın dəstəyi, istərsə də digər məsələlər ölkə başçılarının qərarından asılı olan məsələdir.
Qabil Hüseynli onu da deyib ki, Dağlıq Qarabağla bağlı müzakirələrdə son nəticəyə məhz İlham Əliyev-Putin görüşündə gəlinəcək.
O, Lavrovun Bakıya Putinin xüsusi təlimatı ilə gəldiyini bildirib: "Lavrovun Bakıdakı görüşlərinin əsasını sırf Dağlıq Qarabağla bağlı mövzular tutacaq. Mən onunla danışıqları çox da asan hesab etmirəm. Putin tərəfindən təlimatlandırılmasına baxmayaraq, Lavrovun ermənilərlə yaxın qohumluq əlaqələrinə malik olması onun danışıqlar prosesində müəyyən diplomatik fəndlərə əl atmasına səbəb ola bilər. Amma Azərbaycanın siyasi rəhbərliyi Putinlə birbaşa təmaslarda olub və məhz ondan sonra danışıqlar prosesinə start verilib. Müzakirələrlə bağlı son nəticəyə isə məhz İlham Əliyev - Putin görüşündə gəlinəcək. Ona görə də Lavrovun səfəri zamanı Azərbaycan diplomatiyasını çətin sınaqlar gözləyir. Çox güman ki, bu danışıqlarda hər iki tərəf bir-birini üstələməyə çalışsın. Amma ehtiyatı hər zaman əlimizdə saxlamalıyıq. İndi elə bir situasiya yaranıb ki, hazırda kimsənin kimisə aldada bilməsi asan məsələ deyil. Ümumiyyələ, Lavrovun səfəri zamanı müəyyən nəticələr əldə ediləcək".
Politoloq həmçinin Azərbaycanın Rusiyadan silah alması məsələsinə də toxunub və bu prosesin davam edəcəyini bildirib.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin fikrincə, Rusiyanın "təzyiq diplomatiyası"nı təmsil edən Lavrov və Roqozin Azərbaycanla sərt dildə danışa bilərlər: "Onlar bizə açıq mətnlə deyə bilərlər ki, siz heç bir tərəfə inteqrasiya edə bilməzsiniz, sizin yeganə yolunuz Rusiyadır. Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəzi xoş vədlər də verə bilər. Amma bu vədlərin heç biri həyata keçməyəcək. Çünki son 20 ildə Rusiyanın Qarabağ problemi ilə bağlı siyasətinin nədən ibarət olduğunu görmüşük".
Amma başqa nikbin versiyalara görə, Moskvanın təklifi Bakı üçün cəlbedici ola bilər. Axı, Rusiya Azərbaycan hakimiyyətinə qarşı Qərbdən fərqli olaraq demokratiya, insan haqları ilə bağlı tələblər qoymur.
İndiki mərhələdə Moskvanın tək istəyi budur ki, Azərbaycan yalnız AİB-ə qoşulsun və Qərbdən "təhlükəsiz məsafəyədək" uzaqlaşsın. Əvəzində Qarabağa dair cəmiyyətə irəliləyiş kimi təqdim olunacaq hansısa təklif aktuallaşacaq. Çünki Azərbaycan da AİB-ə qoşulandan sonra Rusiyadan ötrü konflikti çox da uzatmağın anlamı qalmır.
Onu da nəzərə alanda ki, Azərbaycan uğrunda Rusiya ilə Qərb atasında həlledici mübarizə artıq başlayıb, bu mübarizədə də Kreml zəif tərəf qismindədir, o zaman ölkəmizi yeni quruma şirnikləndirmək üçün Kremlin konkret olaraq Qarabağa dair konstruktiv vədi, təklifi, yaxud sürprizi qaçılmaz görünür.
İstisna deyil ki, Lavrov Bakıya bu xüsusda prezident Putinin mesajları ilə yanaşı, Qarabağ təklifi ilə gəlir. Onun milli maraqlarımızla nə dərəcədə uzlaşdığını çox güman ki, Azərbaycan rəhbərliyinin səfər sonrası siyasi ritorikasından bilinəcək. Roqozinin səfəri isə bu məsələdə Rusiyanın sərgilədiyi mövqeyə dair son akkordlar ola bilər.
Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Lavrovun gəlişinə adi səfər kontekstindən yanaşmaq lazımdır: "Xarici işlər nazirlərinin səfərinə dövlətlərarası münasibətlər kontekstindən də yanaşmaq lazımdır. Azərbaycanla Rusiya arasında müzakirə olunası həddən artıq çox mövzu var. Bizim şimal qonşumuzla bəzi məsələlərlə bağlı fikir ayrılığımız da mövcuddur, üst-üstə düşən məqamlar da var. Lavrov gələcək, müzakirə aparıb gedəcək".
Erməni jurnalist Naira Ayrumyan isə bildirib ki, Moskva Bakıya daha bir partiya silah satmaq üçün Lavrovu Azərbaycana göndərir ki, tərəfələr arasında razılaşma əldə etsin. O, hadisələrin gedişinə uyğun olaraq sonrakı mərhələdə Qarabağa rus sülhməramlılarının yeridilməsi üçün də şərait yaradılacağını bildirib: "Lavrovun və digər rus diplomatlarının Bakıya səfəri ərəfəsində Azərbaycana yeni partiya silahların satılması haqqında bəyanat verilə bilər. Serj Sərkisyan isə hələ də susur. O, ən azından Astanada Rusiyanın tutduğu mövqeyə etiraz edə bilərdi. Amma susmaq Ermənistanın Rusiya və Azərbaycan arasında yaranmış ittifaq qarşısında gücsüz olmasının sübutu idi".
Rusiyanın nüfuzlu "Nezavismaya qazeta" nəşri də bu səfərləri təsadüfi hesab etmir və Bakının geosiyasi proseslərin episentrində olması kimi şərh edir. Qəzet Barrozunun Bakı səfərini Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramını xilas etmək cəhdi kimi qiymətləndirir. Ehtimal edilir ki, Brüssel Ukraynadakı böhranın səbəbi olan bu layihəyə Azərbaycanı da meyilləndirməyə ümid edir. Lakin bu ümidlərin reallaşması çətin görünür. Çünki rəsmi Bakı dəfələrlə bildirib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır və elə buna görə Aİ ilə assosiativ sazişdən imtina etdi.
Lavrovdan sonra Dmitri Roqozinin Bakı səfəri isə Ermənistanın Avrasiya İttifaqına qəbulu üçün gözlənilən qərardan dərhal sonra baş verəcək.
Qəzet yazır ki, Ermənistan Avrasiya İttifaqına daxil olsa da, Moskvanın istəyi həm də Rusiyanın Azərbaycanla strateji əməkdaşlığı saxlamaqda maraqlı olduğuna Bakını inandırmaqdır.
Azərbaycanın AİB-ə qoşulması təklifinə gəlincə isə, bunu daha öncə Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukaev Bakıda irəli sürmüşdü. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də eyni təkliflə çıxış etdi. Lakin Bakı Avropa İttifaqı ilə Avrasiya İttifaqı arasında eyni məsafəni saxlamaqda israrlıdır" deyə qəzet qeyd edir.
Nəşr Brüssel və Moskvanın Azərbaycan üzərindən bir-birilərinə növbəti cəbhə açdığını yazır və bu planda Bakı-Moskva münasibətlərininin uğurlu olduğunu iddia edir. Buna əsas kimi qeyd olunur ki, iki ölkə arasında ticarət əlaqələri müvəffəqiyyətlə inkişaf edir. 2013-cü il əmtəə dövriyyəsinin həcmi 3,5 milyard dollar təşkil edib. Bu 2012-ci illə müqayisədə 4 faiz çoxdur. Bununla yanaşı, Rusiyanın ixracı 2,9 milyard, idxal isə 64 milyon dollardır. İyunun 23-24-də Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya regionlararası V forumu da bu münasibətlərə istilik gətirəcək.
Nəşr yazır ki, bu səfərlərdən sonra Bakının siyasi kursunda dəyişiklik gözləmək çətindir. Bakı hər iki tərəflə məsafəli və isti münasibətlərin qorunmasını izləyəcək.