“ABŞ İsraili heç cür razı salmır” Dünya

“ABŞ İsraili heç cür razı salmır”

İranın Yaxın Şərq siyasəti Qərb ölkələrini, ələlxüsus da ABŞ və onun bu regiondakı əsas müttəfiqi İsraili heç cür razı salmır.
Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, bu baxımdan Tehrana qarşı müxtəlif istiqamətlərdə addımların atılması gözləniləndir:
"İran Suriya və İraqda gedən proseslər nəticəsində müəyyən mənada bu regionda kifayət qədər möhkəmlənə bilib, əlavə olaraq Hizbullah vasitəsilə nəzarət imkanları əldə edib. Üstəlik, Yəməndəki qarşıdurma tərəflərinin birini məhz İran dəstəkləyir. Bütün bu proseslər regionda marağı olan digər qüvvələrin müəyyən mənada adekvat addımlar atmasını şərtləndirən amillərdir. Eyni zamanda, ərəb ölkələri arasında ciddi cəbhələşmə prosesi gedir və tərəflər hazırda öz mövqelərini dəqiqləşdirirlər. O üzdən bu son qarşıdurmalar İranın Yaxın Şərqdə əldə etdiyi mövqelərindən sıxışdırılıb çıxarılmasına yönəlib və bu mənada ABŞ-la İsrailin müttəfiqliyi təbiidir".
"Müstəqil Kürdüstan" məsələsinə gəlincə, analitik bunun hazırda daha çox ABŞ-ın siyasətinə uyğun bir ssenari olduğunu düşünür:
"ABŞ və Türkiyə arasındakı münasibətlərin gərginləşməsində əsas səbəblərdən biri elə ABŞ-ın kürd qruplaşmalarına etdiyi yardımlarla bağlı idi. Bu məsələ tərəflər arasında ciddi problemlə səbəb olmuşdu. Ancaq son günlər ABŞ və Türkiyə arasında Menbiçlə bağlı əldə edilən razılıqlar nəticəsində birincinin daha adekvat addımlar atması mümkündür. Çünki Qərb ümumiyyətlə Yaxın Şərqdə İranın mövqelərini zəiflətmək niyyətindədir və bu zaman Türkiyə faktorunu nəzərə almağa məcburdur".
Analitik qeyd edib ki, Türkiyəsiz ABŞ və İsrailin Yaxın Şərq siyasəti tam mənası ilə effekt verməyəcək:
"Bu birmənalıdır. NATO ölkəsi olan Türkiyə hazırda Yaxın Şərqdə aktiv siyasəti və atdığı konkret, adekvat addımlarla mövqelərini gücləndirmiş bir lider funksiyasını yerinə yetirməkdədir. Bu mənada ABŞ-ın Türkiyə ilə son danışıqları həm də İranın Yaxın Şərq siyasətini laxlatmağa xidmət edir. Ancaq burada tamamilə fərqli bir məqam ortaya çıxır. Bu da ondan ibarətdir ki, Türkiyə ABŞ və İran arasında bir vasitəçi funksiyanı yerinə yetirmək istəyə bilər. Çünki İranla münasibətlərin normal olması və ABŞ-la son razılıqlar Türkiyəyə Yaxın Şərqdə İran və ABŞ arasında körpü rolunu oynamaq imkanı tanıyır. Hər halda, növbəti addımlar yaxın gələcəkdə başlayacaq yeni proseslərdən asılı olacaq".