Poroşenkoya təzyiq edilir Dünya

Poroşenkoya təzyiq edilir

Prezidentdən atəşkəsi dayandırmağı tələb ediblər

Cavid

Ötən gün Avropa Birliyi liderləri Rusiya və Ukrayna prezidentləri ilə danışıqlar aparıb. Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı 2 saatdan çox davam edib. Liderlər atəşkəsin uzadılmasının, sülh planının və təhlükəsizliyin təmin olunması üçün konkret addımların əhəmiyyətini müzakirə ediblər.
Kremlin yaydığı məlumata görə, dörd lider prezident Poroşenkonu Ukraynanın şərqində atəşkəsin müddətini uzatmağa çağırıb.
Olland və Merkel həmçinin Putin və Poroşenkonu atəşkəsə nəzarət və sülh planının gerçəkləşməsi mexanizmi üzərində işləməyə çağırıblar.
Bu arada Kiyevdə bir neçə min adam Prezident Administrasiyasının qarşısına toplaşaraq, prezidentdən birtərəfli qaydada elan edilən atəşkəsi dayandırmağı tələb ediblər.
Etirazçılar arasında "Donbass", "Dnepr", "Aydar" və başqa könüllü batalyonların üzvləri də var. Onların başqa bir tələb isə könüllülərə silahların verilməsi ilə bağlıdır. Etirazçılar prezident Petro Poroşenkodan həm də tələb edirlər ki, Avropa Birliyi ölkələrindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmələrini istəsin.
Qeyd edək ki, Ukrayna prezidenti Poroşenko iyunun 27-dən elan etdiyi atəşkəsi iyunun 30-a qədər uzadıb.
Etirazçı kütlə qarşısında çıxış edən "Donbass" özünümüdafiə batalyonunun komandiri Semyon Semençenko isə hər kəsi səbrli və təmkinli olmağa çağırıb. O, prezident Poroşenkonun Ukrayna xalqına qulaq asacağına və onları dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.
Ölkənin şərqində isə bir neçə böyük şəhəri ələ keçirən Rusiyameylli silahlı separatçılar orada dövlət yaratdıqlarını bildirirlər. Kiyev isə onları terrorçu elan edərək həmin regionlarda anti-terror əməliyyatı aparır.
Ukrayna hərbçiləri, həmçinin könüllü batalyonlar atəşkəs rejiminin pozulmasına görə, qarşı tərəfi ittiham edir və prezidentdə "B" planının həyata keçirilməsini tələb edirlər. "B" planının məzmunu haqqında isə konkret informasiya yoxdur. Baxmayaraq ki, prezident Pyotr Poroşenko bir həftə öncə Kiyevin belə bir planının olduğunu bildirib. Ekspertlər güman edirlər ki, söhbət Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiqindən gedə bilər. Əgər antiterror əməliyyatları nöqtə əməliyyatları hesab olunursa, hərbi vəziyyətin tətbiqi silahlı qüvvələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyatlara imkan verir.
P.Poroşenko terrorçuların təslim olmayacağı halda, "B" planının tətbiq olunacağını bildirir.
Müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mixail Koval jurnalistlərin suallarını cavablandırarkən onları inandırıb. Ukrayna Silahlı Qüvvələr istənilən məsələləri yerinə yetirməyə hazırdır: "Ali Baş Komandanın əmri olacaqsa, biz proqram üzrə terrorçuları məhv edəcəyik".
Ukrayna ekspertləri qeyd edirlər ki, P.Poroşenko böhranın dinc yolla həlli üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Ukrayna adından danışıqlar qrupunda iştirak edən ikinci prezident Leonid Kuçma isə hesab edir ki, Donetsk və Luqansk liderləri qərarların qəbul olunmasında sərbəst deyillər: "Əgər Rusiya sülhün müharibədən daha yaxşı olduğunu anlasa, terrorçuların ipini çəkmək üçün mexanizmləri tapmaq mümkün olacaq".
Kiyevdə ekspertlər bildirirlər ki, atəşkəs rejiminin daha 3 gün uzadılmasını Poroşenkodan Qərb partnyorları xahiş edilbər.
Ukrayna isə növbəti dəfə Rusiyanı terrorçulara yardım etdiyinə görə ittiham edib. Ukrayna Təhlükəsizlik Xidməti bəyanatında deyilir ki, Rusiya ərazisində muzdluların təlim alması üçün düşərgələr fəaliyyət göstərir. Təhlükəsizlik Xidmətinin sədr müavini Viktor Yaqun mətbuat konfransında bunu sübut etmək üçün onların əlində kifayət qədər təkzibolunmaz faktların olduğunu deyib.
Avropa Birliyinin Brüssel sammitində iştirak edən Pyotr Poroşenko CNN-ə müsahibəsində Rusiya qoşunlarının ölkənin şərqində Ukrayna ordusuna qarşı durduğunu qeyd edib. O, vəziyyətin bu şəkildə davam edəcəyi halda, əsl müharibənin başlaya biləcəyini dilə gətirib.
Dünən isə məlumat yayıldı ki, Rusiyanın Ukraynaya humanitar yükləri çatdırmaq cəhdinə görə yeni qalmaqal yaranıb. Kiyevdə "humanitar yüklər"in silah olmasından ehtiyat edirlər. Rusiya Xarici İşlər Nazirliyi humanitar yardımla bağlı Kiyevə nota göndərsə də, Ukraynanın Xarici İşlər Nazirliyi rədd cavabı verdi.
Hərbi ekspert Nikolay Sunqurovskinin fikrincə, Rusiya Qərbin yeni sanksiyalarından qaçmaq üçün manevr etməyə çalışır. "Rusiyanın izlədiyi strategiya danışıqların uzadılması və Donetsk ilə Luqanska legitimlik qazandırmaqdan ibarətdir. Əsas hədəf Dnestryanıda olduğu kimi, dondurulmuş münaqişənin yaradılmasıdır", - hərbi ekspert bildirib.
Bu arada məlumat yayılıb ki, Ukraynanın Donetsk vilayətində separatçıların saxladıqları ATƏT-in 4 müşahidəçisi azad edilib. Bir gün əvvəl müşahidəçilərdən daha biri azad olunmuşdu. ATƏT mayın sonunda Ukraynanın şərqində separatçılar tərəfindən girov götürülmüş müşahidəçilərin azad olunduğunu təsdiq edib.
Ukraynanın şərqində isə vəziyyət gərgin olaraq qalır.
Ukraynanın Xarkov vilayətində dəmir yolu partladılıb.
Məlumata görə, partlayişdan az sonra ordan Adler-Kiyev sərnişin qatarı keçməliymiş. Maşinistin diqqəti sayəsində faciənin qarşısı alınıb. Bu, Ukrayna dəmir yollarında baş verən ilk hadisə deyil. Ötən çərşənbə axşamı Zaporojye vilayətində, bir həftə əvvəl isə Donetsk yaxınlığında dəmir yolunda partlayış olub. Hər iki hadisədə insan tələfatı baş verməyib.
Hadisənin kim tərəfindən təşkil olunduğu məlum deyil.
Ukraynanın Hava Hücumundan Müdafiə hissələri isə dünən Rusiya Federasiyasına aid 2 pilotsuz təyyarəsini vurub.
Bu barədə Ukrayna Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk öz facebook profilində məlumat verib və vurulan təyyarənin şəklini paylaşıb.
Ukrayna Müdafiə Nazirliyi faktı təsdiqləyib və qeyd edib ki, Rusiya təyyarələri tez-tez Ukraynanın hava məkanını pozur. Nazirlik bildirib ki, bundan sonar Ukraynanın hava sərhədləri pozulmağa davam etsə qaydanı pozan istənilən təyyarə vurulacaq.
Ukraynanın xalq deputatı Anatoli Qritsenko, "Şuster Live" telekanalına müsahibə verərkən, bildirib ki, mən həmişə demişəm, indi də deyirəm, biz bir şeyi başa düşməliyik ki, Putin dayanmayacaq. O təkcə Ukraynanı yox, Pribaltikanı və digər dövlətləri də istəyir.
Ukraynalı deputat Putini faşist adlandırıb: "Putin faşistdir. Biz bunu anlasaq, ona əl uzatmağın,yosa uzatmamağın daha doğru olduğunu dərk edə bilərik.
Siz təsəvvür edirsinizmi, sabah, ya o biri gün Putin Kiyevə gəlib, özü də nə isə imzalayır? Mən, qətiyyən, təsəvvür edə bilmirəm. Düşünürəm, bir vətənpərvər tapılacaq ki, onu, sadəcə olaraq, öldürəcək. Və yaxşı da eləyəcək".
Rusiya Fövqaladə Hallar Nazirliyi Ukrayna-Rusiya sərhədində yaranmış vəziyyətlə bağlı həyacan təbili çalıb. Nazirliyin verdiyi xəbərə görə, hazırda iki ölkə arasında olan sərhədlərdə 17 min qaçqının Rusiyaya keçmək üçün gözlədiyi bildirilib.
Bunu isə jurnalistlərə açıqlamasında fövqaladə hallar nazirliyinin rəsmisi Aleksandır Drobışevski deyib. Onun sözlərinə görə, qaçqın axını getdikcə daha da güclənməkdədir. Vəziyyətin belə davam edəcəyi halda, sərhəddə ciddi gərginliklər yaşana bilər: "Hazırda Ukraynanın şərqində yaşayan insanlar sərhədə axın etməkdədirlər. Vəziyyət get-gedə nəzarətdən çıxır, Ukrayna hökuməti məsələ ilə bağlı heç bir tədbir görmür. Bütün yük bizim üzərimizdədir".
O da bildirilir ki, Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları uzun müddətdir ki, axtarışda olan terrorçu İqor Qusakovu həbs edib.
Əslən rus olan Qusakov onlarla ukraynalı girov əsgəri qətlə yetirib. Qusakovun özü bu hadisələri etiraf edib, ukraynalı əsgərləri necə öldürdüyünü, onlara necə işgəncə verdiyini həvəslə danışıb.
Hazırda Ukrayna hüquq-mühafizə orqanları tərəfindən dindirilən Qusakovdan separatçıların siyahısı və onların harada gizlənməsi barədə informasiyalar alınmaqdadır.
Qeyd edək ki, Qusakov artıq bir neçə aydır ki, Ukrayna ərazisindədir. O, tez-tez Ukrayna Rusiya sərhədini keçdiyi də məlum olub. Qusakovun bütün təlimatları Rusiya xüsusi xidmət orqanlarından aldığı ehtimal olunur.
Dünən Rusiyanın "Ren tv", "Mir 24", "Life news" telekanallarının əməkdaşlarının hərəkət etdiyi avtomobillər də Ukraynanın Donetsk şəhərində atəşə tutulub.
Bu barədə jurnalistlərə verdiyi açıqlamasında "Mir24" telekanalının əməkdaşı Aleksandır Leonenka deyib.
Onun dediyinə görə, telekanalın əməkdaşları Donetskə daxil olan zaman heç bir maneə ilə rastlaşmayıblar: "Bir müddət avtomobillə hərəkət etdikdən sonra özünü "Donetsk respublikası"nın əsgəri adlandıran şəxs bizim avtomobili saxladı və bizim avtomobil atəşə tutuldu biz və digər jurnalist həmkarlarımız maşından qaça bildik. Bizə xidmət göstərən taksi sürücüsü isə, gülləbaran altında qalaraq həlak oldu".
Ukraynanın Slavyansk şəhərində hökumət qüvvələrinin isə "Aleksandr-Nevskiy" provaslav kilsəsində ayinə gələn şəxslərə güllə atdığı bildirilir.
Rusiya mediası xəbər verir ki, kilsənin baş keşişi Nikolay Fomenko hadisənin yerli vaxtla 10:00 radələrində baş verdiyini bildirib: "Atəş hərbçilərin nəzarət etdiyi Karaçun dağından açılıb. Mərmilərdən biri kilsənin bir neçə metr yaxınlığında olan çörək köşkünə düşüb. Köşk dağılıb. Satıcı köşkdən qaçdığından ona heç nə olmayıb".
Fomenko qeyd edib ki, atəş zamanı kilsədə minə yaxın adam dini ayin yerinə yetirirmiş: "Həmin vaxt həyətdə humanitar yardım gözləyən çoxlu sayda insan olub. Hadisə zamanı onlar dərhal kilsəyə sığınıblar".
Keşişin sözlərinə görə, partlayış dalğasından kilsənin bir neçə şüşəsi qırılıb. Xəsarət alan isə olmayıb.
O əlavə edib ki, iyunun 19-da da analoji hadisə baş vermişdi. Lakin həmin vaxt kilsənin mühafizəçisi yaralanmışdı. Xatırladaq ki, bu provaslav kilsə Moskva Patriarxatına tabedir.