Trampın ətrafında həlqə daralır Dünya

Trampın ətrafında həlqə daralır

ABŞ mediasının verdiyi xəbərə görə, prezidenti Donald Trampın keçmiş kampaniya rəhbəri Paul Manafort xüsusi prokuror Robert Müllerlə təqsirin etirafına dair ilkin sazişə daxil olub. Bu onu ikinci məhkəmə prosesindən azad edə bilər. "ABC News" telekanalı sentyabrın 13-də bildirib ki, əgər belə bir razılaşma təsdiqlənərsə, bu barədə sentyabrın 14-də rəsmən elan olunacaq. Xəbərdə deyilir ki, Manafortun prokurorlarla əməkdaşlığa razılıq verdiyi, yoxsa müəyyən və ya bütün ittihamlar üzrə təqsirin etirafı sazişinə girdiyi hələlik bilinmir.
"Reuters" xəbər verir ki, razılaşma çox yaxındır, lakin hələlik yekunlaşdırılmayıb. Manafortun Vaşinqtonda keçiriləcək məhkəməsi üçün jüri heyətinin seçkisi sentyabrın 17-də başlanmalı idi. Uzun müddət lobbiçiliklə məşğul olmuş Manafort Ukraynadakı rusiyayönlü siyasətçilər üçün xidmətlərinə görə xarici agent kimi qeydiyyatdan yayınmaqda ittiaham olunur.
Əgər ikinci mühakimə keçirilərsə, onun vaxtı Virciniya məhkəməsinin Manafort barədə hökmündən bir ay sonraya təsadüf edəcək. O bu mühakimədə bank fırıldaqçılığı və başqa maliyyə cinayətlərində ittiham edilir. Jüri digər 10 ittiham barədə konkret nəticəyə gələ bilməyib.
Müllerin təhqiqatı Trampın ilk milli təhlükəsizlik müşaviri Maykl Filin də daxil 32 nəfərə qarşı cinayət ittihamlarının irəli sürülməsi ilə nəticələnib. Bu təhqiqat üzrə işdə habelə Trampın uzun illər vəkili olmuş Maykl Koen də təqsirin etirafı barədə sazişə girib. Trampın kiçik rütbəli müşavirlərindən George Papadopoulos federal müstəntiqlərə yalan danışdığına görə sentyabrın 7-də 14 gün müddətinə azadlıqdan məhrum edilib.