Ən pis ssenari: Poroşenkonu sağçı əvəz edir və… Dünya

Ən pis ssenari: Poroşenkonu sağçı əvəz edir və…

2019-cu ildə Ukrayna iqtisadiyyatının pozitiv ssenari üzrə inkişafı az inandırıcıdır.
Bunu "Apostrof" saytına açıqlamasında ukraynalı ekspert Yeqor Kiyan deyib. Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı üçün 2019-cu ildə 3 ssenari mümkündür:
"İlkin ssenariyə əsasən, keçid hökuməti əhəmiyyətli dəyişikliklərə getməyəcək, Ukrayna iqtisadiyyatının inkişafında durğunluq davam edəcək. Digər tərəfdən bu, steykholderlər tərəfindən heç bir müqavimətə səbəb olmayacaq və hökumət öz funksiyalarını icra edə biləcək.
İkinci ssenari daha neqativdir. Bu ssenariyə görə, seçkidən sonra keçid hökumətinin qərarları blok ediləcək. İqtisadiyyatda qeyri-müəyyənlik və manevr üçün zaman yoxluğu hiss ediləcək. Ukrayna BVF-dən tranş almamaq riskiylə üz-üzə qalacaq və öz borc öhdəliklərini icra etmək iqtidarında olmayacaq. Bu isə ölkənin texniki defoltuna səbəb olacaq.
Üçüncü ssenari isə daha radikal və daha az inandırıcıdır. Belə ki, prezident vəzifəsində radikal qərarlar qəbul etmək qabiliyyəti və sağ baxışları olan şəxs oturacaq. Əgər belə olsa, o zaman xarici siyasətdə Qərblə münasibətlər pisləşəcək, Qərb qonşularımızla böhranlar seriyası başlayacaq və Rusiya ilə münasibətlərdə eskalasiya yaşanacaq.
Bütün bu proseslər çərçivəsində iqtisadi siyasətdə dəyişiklik çətin olacaq".