Son iki həftədə 500 fələstinli öldürülüb Dünya

Son iki həftədə 500 fələstinli öldürülüb

İsrail Qəzzanı bombalamaqda davam edir

Cavid

Qəzzada İsrail-Həmas qarşıdurması getdikcə gərginləşir. Belə ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatları nəticəsində ölən fələstinlilərin sayı getdikcə artır. Qəzzada son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinli ölüb, 3100-dən çox adam isə yaralanıb.
İsrail Qəzzada quru əməliyyatlara başlayandan sonra bölgədə ölənlərin sayı kəskin artıb. İsrail qırıcılarının bölgəni bombardman etməsi nəticəsində xeyli sayda yaşayış evi yerlə bir olub.
Təkcə ötən gün Xan-Yunis və Rafax şəhərlərində yaşayış məntəqələrinin bombalanması zamanı 9 nəfər ölüb. Onlardan 7-si uşaq olub.
Son məlumatlara görə, hazırda İsrail ordusu ilə Həmas hərəkatı arasında qızğın döyüşlər Qəzzanın mərkəzi hissəsində gedir.
İsrailin başlatdığı Qəzza hərəkatına qarşı müqavimət göstərən "Həmas"a bağlı "İzəddin əl Qəssam" briqadasının əsgərləri qarşı tərəfə kamikadze hücumlarla cavab verməyə başlayıb.
Kamikadzelərdən biri İsrailə aid tankı partladaraq onu istifadəyə yararsız hala salıb.
Məlumata görə, Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsinə girməyə çalışan tankın "Şuvaz-4" qurğusu ilə təchiz edilmiş fələstinli tərəfindən partladıldığı, hadisə zamanı kamikadzenin də öldüyü bildirilib.
"İzzəddin əl Qəssam" briqadası daha əvvəl yaydığı yazılı açıqlamada Qəzzanın Xan Yunus şəhərində 3, Şəcaiyyə məhəlləsində 1 olmaq üzrə 4 döyüş tankının məhv edildiyini bildirib.
Xatırladaq ki, itkin düşən 3 yəhudi gəncin meyitinin tapılması və fələstinli gəncin yandırılaraq öldürülməsindən sonra bölgədə vəziyyət gərginləşib. Bundan sonra İsrailin havadan, dənizdən və qurudan başlatdığı hərbi əməliyyatlar nəticəsində əksəriyyəti azyaşlı uşaqlar və dinc əhali olmaqla 370-nəfərə yaxın fələstinli ölmüş, yaralı sayının isə 2 685-ə çatdığı bildirilib.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Həmasın raket hücumlarını dayandırmaq üçün lazım olan hər şey ediləcək. Netanyahu öz çıxışında insan itkiləri üçün "Peşmanlıq duyuruq" sözlərini deyib.
Baş nazir Netanyahu İsrailin Qəzzada bir məhəlləyə etdiyi hücumda ən azı 62 fələstinlinin ölməsindən sonra CNN televiziyasına verdiyi açıqlamada "Biz hərbi hədəfləri vurmağa çalışırıq, ancaq vətəndaş itkiləri da var. Biz bunu istəmirik və peşmanlıq duyuruq" sözlərini əlavə edib.
Netanhayu ayrıca Həmas-ı qəsdən İsrailli vətəndaşları hədəfə almaqda və Qəzza sakinlərini "canlı qalxan" kimi istifadə etməkdə günahlandırıb.
"Həmas-ın silah tunellərini yox etmək üçün İsrailin hücumları nə zaman başa çatdırılacaq" sualına isə Netanyahu hər şeyin "çox sürətli" edildiyini qeyd edib və bəlli bir tarixin adını çəkməyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi isə bəyan edib ki, İsrail Qəzza sektorunda 2 saatlıq atəşkəs rejiminin elan edilməsini qəbul edib. BQXK-nın açıqlamasında bildirilir ki, İsrail ordusu Qəzzada ölü və yaralıların xəstəxanalara daşınması üçün təklif edilən 2 saatlıq atəşkəs rejiminin elan edilməsinə razılıq verib.
Xatırladaq ki, sözügedən atəşkəsi "Həmas" hərəkatı daha əvvəl qəbul edib.
Bu arada verilən məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzanın Şəcaiyyə səmtini bombalayıb. Bölgə həmçinin artilleriya atəşinə tutulub. İlkin məlumatlara görə, ən azı 40 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Onların çoxunun qadın və uşaq olduğu bildirilir.
Bombardman zamanı yaralıların daşındığı xəstəxanalardan birinə də zərbə endirilib. Küçələrə səpələnmiş cəsədləri və yaralıları götürmək üçün əraziyə girmək istəyən təcili tibbi yardım maşınlara atəş açılır. Ona görə də son bombardman nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
Şəcaiyyə səmtinin sakinlərinin evləri tərk edərək Qəzzanın digər bölgələrinə üz tutduğu bildirilir.
Həmas hərəkatı bölgədəki yaralılara kömək etmək üçün İsraildən 3 saatlıq atəşkəs elan edilməsini istəyib. Rəsmi Təl-Əviv isə bunu rədd edib.
Son məlumatlara görə, Qəzzada ölən fələstinlilərin sayı 370 nəfəri keçib.
İran də İsarilə qarşı ənənəvi bəyanat verib. İran prezidenti Həsən Ruhani isə bəyan edib ki, hökumət olaraq bütün gücümüzlə müdafiəsiz qalan Qəzza xalqını qoruyacağıq və dəstəkləyəcəyik. Bütün gücümüzlə Qəzza xalqının yanındayıq.
O bildirib ki, müdafiəsiz Qəzza xalqına həm qurudan, həm də havadan edilən hücumlardan daha vacibi bundan ibarətdir ki, dünya bu böyük faciə qarşısında səssizliyini qoruyur.
"Sivil ölkə olduğunu iddia edən dövlətlər bu terror qarşısında səsini çıxartmır. Siyonist rejim əssasız bəhanələrlə bir ailənin bütün üzvlərini tank atəşinə tutaraq parça-parça edir. Həyata keçirilən bu böyük insanlıq faciəsi dözülməzdir. Təəssüf ki, Qərb ölkələri ilə yanaşı bir çox ərəb və müsəlman ölkələri bu cinayət qarşısında səssizliyini qoruyur" - deyə Həsən Ruhaninin bəyanatında deyilir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə İsraili "terror dövləti" adlandırıb.
Məlumata görə, prezident seçkiləri kampaniyası çərçivəsində Hatay bölgəsinə gedən Ərdoğan oradakı çıxışının əhəmiyyətli hissəsini Qəzza məsələsinə həsr edib. O, dünyanın fövqəldövlətlərini və beynəlxalq təşkilatları Fələstində qan axıdılmasını sükutla qarşılamaqda günahlandırıb: "İsrail deyilən terror dövləti dünyada sülhü dinamitləyir. Qumsalda oynayan uşaqları vururlar. Ey Amerika, Rusiya, Qərb, hardasan?"
Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail bir vaxtlar Hitlerin yəhudilərə qarşı etdiklərini bu gün fələstinlilərə qarşı edir.
Qeyd edək ki, İsrailin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərlərdən çəkinməyə çağırıb. Nazirliyin saytında yerləşdirilən xəbərdarlıqda deyilir ki, bu, Türkiyədə İsrailin Qəzza əməliyyatına qarşı keçirilən aksiyalarla əlaqədardır.
XİN İsrail vətəndaşlarına tövsiyyə edib ki, Türkiyəyə yalnız çox vacib hallarda səfər etsinlər, o zaman isə ehtiyyatlı olsunlar, aksiyalar keçirilən yerlərə getməsinlər.
İsrailin xarici siyasət idarəsi cümə günü Türkiyə ilə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib və Türkiyədəki diplomatlarını geri çağırıb.
BMT isə öz növbəsində yenidən toplanıb. Qurumun Təhlükəsizlik Şurası Qəzza zolağındakı hadisələrdən narahatlığını bəyan edib və hərbi əməliyyatlara son qoymağa çağırıb.
Təhlükəsizlik Şurasının keçirilən görüşündən əvvəl BMT sədri Pan ki Mun Qəzzada onlarla fələstinlinin öldürülməsini "vəhşi hərəkət" adlandırıb.
Pan Gi Mun regiona səfəri zamanı Qətərdəki çıxışında deyib ki, az qala iki həftədir davam edən və 400 adamın həyatı bahasına başa gəlmiş hərbi əməliyyatlar təcili dayandırılmalıdır.
Hücumun 13-cü günündə, iyulun 20-də 60-dan çox fələstinli və 13 İsrail əsgəri öldürülüb. ABŞ dövlət katibi Con Kerri Qəzza zolağında İsraillə münaqişənin davam etdirilməsinə görə Həması günahlandırıb.
Bazar günü ABŞ-ın tele şirkətlərinə müsahibələrdə Amerikanın baş diplomatı Həmas yaraqlılarının ikii həftədir davam edən və İsrail tərəfdə 20 nəfərin öldüyü halda, çoxü mülki vətəndaş olmaqla 425 Qəzza sakininin həyatını itirdiyi münaqişənin dayandırılması üçün atəşkəsi qəbul etməkdən, onun öz ifadəsilə, inadkarlıqla imtina etdiyini deyib.
Con Kerri Qəzzaya üç gün bundan əvvəl quru qüvvələr göndərən İsraili müdafiə edərək, ölkənin "Həmas"ın atdığı raketlərdən müdafiə olunmaq hüququ olduğunu deyib. ABŞ dövlət katibi bildirib ki, "Həmas" raket hücumları ilə İsrail hərbi qüvvələrininin əməliyyata başlamasına yol açıb.
Con Kerri Qəzzada vəziyyətin pis olduğunu deyərək, "Həmas"ın öz məsuliyyətini tanımalı olduğunu bildirib.
"Həmas" isə Misirin təklif etdiyi atəşkəs planını rədd edib. Ağ Ev ABŞ prezidenti Barak Obamanın İsrailin baş naziri Benyamin Netanyahuya ilə telefon söhbəti zamanı ona Con Kerrinin atəşkəs səylərilə bağlı Qahirəyə səfər edəcəyini dediyi haqda məlumat verib.
ABŞ Dölət katibi Con Kerri canlı efirdə özü də bilmədən İsrailin Qəzzada törətdiyi bombardımandan narahat olduğunu bütün dünyaya çatdırıb.
Yerli "FOX" telekanalında qonaq olan Kerriyə çıxış vaxtı Dövlət departamentindən zəng vurulur. Mikrofonu açıq unudan Dövlət katibinin danışdıqları isə efirdə əks olunur.
Kerri İsrailin Qəzzada tunelləri bombardıman etməsi barədə iddialar qarşısında kinayəli şəkildə iki dəfə, "yaman da nöqtə hədəfi əməliyyatıdır" - deyir. Nazirlik əməkdaşı isə, "Bəli, bu gərginliyi ciddi ölçüdə çoxaldır və atəşkəsin vacibliyini zəruri edir" - deyə cavab verir. Kerri öz növbəsində, "Bunun öhdəsindən gəlməliyik. Məncə bu axşam getməliyik, burda gözləmək çılğınlıqdır" - deyir və telefon danışığı burda başa çatır.
Proqram aparıcısının suallarına isə, Kerri İsraili müdafiə edərək cavab verir. İsrailin, Həmasın raketləri qarşısında özünümüdafiə hüququ olduğunu deyən Kerri hadisələrin 3 yəhudi gəncin ölümündən sonra başladığını bildirərək bunun biabırçılıq olduğunu deyib.
Kerri nazirlik əməkdaşı ilə olan danışığını isə mülki əhalinin və uşaqların ölümü ikə əsaslandırıb və İsrailin tunellərə qarşı başlatdığı əməliyyatları dəstəklədiyini vurğulayıb. Həmçinin İsrailin atəşkəsi qəbul etdiyini deyən Kerri Həmasın da analoji addımı atmalı olduğunu deyib.