Donetsk vilayətində 21 ukraynalı hərbçi həlak olub Dünya

Donetsk vilayətində 21 ukraynalı hərbçi həlak olub

Poroşenko: "Güc strukturları Donbasda 60 yaşayış məntəqəsini nəzarət altına alıblar"

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, antiterror əməliyyatı zamanı ölkənin güc strukturları Donbasda 60 yaşayış məntəqəsini nəzarət altına alıblar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti administrasiyası açıqlama yayıb.
"Ukrayna prezidenti güc strukturlarının nümayəndələri ilə keçirdiyi görüş zamanı Donbasda 60 yaşayış məntəqəsinin azad olunmasını bildirib. Prezident şəxsi heyət arasında itkilərin minimuma endirilməsini və mülki əhalinin müdafiəsinin təmin olunmasının vacibliyini vurğulayıb", sənəddə deyilir.
UNİAN-ın məlumatına görə, Ukraynanın şərqində hökumət qüvvələrinin əsgərləri pusquya düşüblər. Hadisə Donetsk vilayətinin Şaxtyorsk yaşayış məntəqəsi yaxınlığında baş verib. Pusquda dayanan terrorçular qəfildən ukraynalı xüsusi təyinatlılara atəş açıblar. Terrorçuların "Qrad" qurğularından açdığı ardıcıl atəşlər nəticəsində 21 Ukrayna əsgəri həlak olub.
Atəş nəticəsində həmçinin xeyli sayda yaralananların olduğu bildirilir. Hazırda onları helikopterlərlə Dnepropetrovsk şəhərinə aparırlar.
Xatırladaq ki, Ukrayna ordusu və Milli Qvardiyasının son həftələr keçirdiyi uğurlu əməliyyatlar nəticəsində separatçı-terrorçu qruplaşmalar Donbass regionu ərazisinin böyük hissəsindən sıxışdırılıblar.