“Ermənistana qarşı sanksiyalar tətbiq olunsun!” Dünya

“Ermənistana qarşı sanksiyalar tətbiq olunsun!”

Ukraynada yaşayan azərbaycanlılar BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciət ediblər

Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev bununla bağlı ATƏT-in, Avropa Şurasının və BMT-nin Kiyevdəki ofisinə müraciət ünvanlayıb.
Müraciətdə Ermənistanın silahlı qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin vacibliyi qeyd olunub. Sənəddə həmçinin deyilir ki, son günlər baş verən hadisələr, Ermənistan tərəfindən 1994-cü ildə əldə olunmuş atəşkəs razılığının pozulması insan tələfatına, xüsusilə dinc sakinlərin öldürülməsinə səbəb olmaqdadır. Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırır: "Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır".