Beynəlxalq ictimaiyyət sadəcə “narahatdır”... Dünya

Beynəlxalq ictimaiyyət sadəcə “narahatdır”...

Amma heç kim təcavüzkar siyasətini davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq olunması barədə düşünmür

Cavid

Beynəlxalq ictimaiyyət Ermənistan silahlı birləşmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmasından narahatdır. Son günlər işğlaçı Ermənistan ordusunun bölmələrinin atəşkəs rejimini pozaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərini və dinc əhalini intensiv atəşə tutması beynəxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun münaqişə bölgəsində son günlər gərginliyin artması ilə bağlı narahatlığını bölüşüb. Ermənistan silahlı qüvvələrinin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqınına Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmisi Cen Psaki də keçirdiyi son brifinqdə narahatlığını bildirib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də atəşkəsin pozulması ilə əlaqədar narahatlığını ifadə edərək son günlər baş verən hadisələri atəşkəs rejiminin əldə olunduğu 20 ildə ən narahatedici məqam kimi xarakterizə edib. NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue də son günlər baş verən hadisələrdən narahat olduğunu bildirib. Əlavə edib ki, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək.
Bütün bəyanatlarda vurğulanır ki, münaqişədə gərginliyin yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq qurumların qəbul etdiyi sənədlərə və atəşkəs rejiminə məhəl qoymayan Ermənistan və onun işğalçı ordusu mütəmadi olaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərini və dinc əhalini atəşə tutur. Hər dəfə də düşmənin cəbhə xəttində törətdiyi təxribatların, hiyləgər hücumlarının qarşısı ordumuzun zabit və əsgərlərinin igidliyi və sayıqlığı sayəsində qətiyyətlə alınır.
Bəllidir ki, dünyada bu kimi hadisələr baş verəndə işğlaçı ölkəyə qarşı müxtəlif sanksiyalar tətbiq edilir. Beynəlxalq qurumların, o cümlədən BTM Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədərə məhəl qoymayan, etnik təmizləmə siyasəti yürüdən, dünyada və regionda sülhə və təhlükəsizliyə təhdid yaradan Ermənistanın təxribatçı, işğalçı əməlləri də bu ölkəyə qarşı beynəlxalq aləmin ciddi sanksiyalar tətbiq etməsinə əsas yaradır. Azərbaycan ictimaiyyəti də beynəlxalq qurumlardan Ermənistana qarşı belə bir addımın atılmasını, işğlaçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasını tələb edir. Beynəlxalq qurumların işğalçı dövləti tez bir zamanda cəzalandıraraq ona qarşı sanksiyalar tətbiq etməsi regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına da töhfə olar.
Amma təəssüflər olsun ki, bu məsələdə ölkəmiz ikili standartlarla üz-üzə qalıb. Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir vaxtda ölkəmizin ərazisini 20 ildən artıq bir müddətdə işğal altında saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Bu ilk növbədə dünyada qəbul olunmuş insan haqqlarına qarşı ən böyük hörmətsizlikdir. Beynəlxalq hüquq normalarının əsas normativ olaraq deyil, fərdi şəkildə tətbiq edilməsi ən azı yolverilməzdir. Təəssüflər ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana qarşı heç bir ciddi tədbir görülməyib. Bu isə belə təsəvvür yaradır ki, beynəlxalq hüquq işləmir.
Tanınmış beynəlxalq təhlilçi, "Qara Bağ" kitabının müəllifi Tomas de Vaal Azərbaycan və Ermənistan arasındakı təmas xətti boyunca son günlər yaşanan zorakılıqlardan yazıb yazıb.
O, yazır ki, Dağlıq Qarabağdakı ucqar müharibə zonasından etibarlı informasiya almaq çox çətindir, lakin hər iki tərəfdən gələn məlumatlardan son bir neçə gündə 30-dək hərbçinin həlak olduğu bəlli olur.
Tomas de Vaal bu nəticəyə gəlir ki, əldə olan rəqəmlər cəbhə xəttində son bir həftə ərazində həlak olanların sayının bütövlükdə 2013-cü ildən çox olduğunu göstərir.
Təhlilçi qeyd edir ki, Qarabağ cəbhəsi Avropanın ən çox hərbiləşdirilmiş hissəsidir: "Orada sülhyaradanlar yoxdur və ağır silahlanmış 20 min əsgərdən ibarət iki ordunu müharibəyə qayıtmaqdan yalnız rasional maraq saxlayır".
Təhlilçi qeyd edir ki, son 15 il ərzində təmas xətti boyunca ildə 20-30 nəfər həlak olur, lakin bu il bir neçə amillə əlaqədar bu rəqəm xeyli yüksəlib.
Təhlilçinin fikrincə, bunlar sülh prosesinin absurd vəziyyətə düşməsi və Rusiya tərəfindən körüklənən silahlanma yarışıdır.
Məqalədə deyilir ki, Ermənistan Rusiyanın Avrasiya İttifaqına qoşulmaqla daha Moskvayönlü xətt götürüb.
Tomas de Vaal düşünür ki, ola bilsin, buna görə İrəvanda münaqişə yenidən alovlanarsa, Rusiyanın müdaxilə edərək, MDB Kollektiv Təhlükəsizlik Təşkilatındakı öhdəliklərini yerinə yetirəcəyinə daha çox inanmağa başlayıb.
Təhlilçinin fikrincə, atəşkəsin pozulması halları adətən lokal və əlaqəsizdir, lakin cəbhə xəttinin üzərindən reydlər siyasi xeyir-dua olmadan baş verə bilməz.
Məqalədə deyilir ki, Ermənistan da bu hadisələrdən siyasi fayda götürməyə çalışır, belə ki erməni mediası Azərbaycana aid bir neçə radiocihazının şəkillərini yayıb və bununla da erməni qüvvələrinin də Azərbaycan mövqelərinə reyd etdiklərini göstərmək istəyib.
Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rav Shumel Simantov da bu məsələ ilə bağlı bəyant verib. O bildirib ki, Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır: "Bu azmış kimi, mütəmadi olaraq atəşkəs rejimini pozur. Amerikan Yəhudiləri Yardım Təşkilatı olaraq Ermənistanı BMT-nin 4 qətnamasəni yerinə yetirməyə və dərhal işğalçı əməllərinə son qoymağa çağırırıq. Biz hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq. Mən şəhid olan insanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm".
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da iki ölkə arasında baş vermiş insidentin tez bir zamanda bitməsi üçün tərəflərə müraciət edib.
Eşton cəbhə xəttində baş verənlərdən narahat olduqlarını bildirib: "Azərbaycan və Ermənistan təmas xəttində insan tələfatı ilə nəticələnmiş hadisələr bizi narahat edir, Avropa Birliyi hər iki tərəfi atəşkəsə riayyət etməyə çağırır. Bu probllemin sülh yolu ilə həlli variantı üzərində müzakirələr aparılmalıdır".
ATƏT-in Minsk qrupu da öz növbəsində baş vermiş hadisələrə münasibət bildirərək qeyd edib ki, onlar insan tələfatından narahatdır və tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu da öz növbəsində məsələylə bağlı açıqlama verərək Ermənistnı BMT nin Qarabağla qəbul etdiyi qətnamələrini həyata keçirməyə çağırıb.
Gürcüstan xarici işlər naziri Maya Pandjikidze və ABŞ dövlət departamentinin rəsmisi Mari Xarf da Azərbaycan Ermənistan təmas xəttində baş vermiş hadisəylə bağlı açıqlamalar vrərək tərəfləri sülhə çağırıblar.
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş da qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində son günlər gərginliyin artmasından dərin narahatlığını ifadə edib və tərəfləri müharibədən çəkinməyə və münaqişənin sülh yolu ilə həll edilməsinə səy göstərməyə çağırıb.
ATƏT PA-dan daxil olan məlumata görə, J.Suareş qeyd edib: "Bölgədəki təhlükəsizliyin pozulması və Dağlıq Qarabağda və onun ətraf rayonlarında olan hazırkı gərginlik bir daha göstərir ki, münaqişənin 20 ildən çox "donmuş" vəziyyətdə qalmasını dünya qəbul edə bilməz. Tərəflər xüsusilə mülki vətəndaşlara qarşı təcavüzdən və təxribatdan çəkinməli, məsələnin diplomatik yolla həllinə çalışmalıdırlar".
O bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT münaqişənin həlli istiqamətində yeni cəhdlər göstərməli, sülh prosesinə dəstək ola biləcək yeni ideya və mexanizmlər nəzərə almalıdırlar.